Ənənəvi, yoxsa yaşıl enerjimiz Avropanın diqqətini cəlb edir? – İlham Şabanın ŞƏRHİ

Ənənəvi, yoxsa yaşıl enerjimiz Avropanın diqqətini cəlb edir? – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Ənənəvi, yoxsa yaşıl enerjimiz Avropanın diqqətini cəlb edir? – İlham Şabanın ŞƏRHİ

191529

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Təhlilçilər üçün dünyadakı enerji bazarlarında yaşananları içəridən izləmək imkanını yaradan bir imkan var. O da şirkətlərin hesabatlığıdır. Artıq iri neft-qaz şirkətləri İ rübün yekunları üzrə öz hesabatlarını ictimaiyyətə açıqlayırlar.

Qlobal bazarlar

Demək olar ki, əksər tanınmış şirkətlər xalis mənfəətlərinin azalmasını qeyd edirlər. Onlardan ən çox mənfəət itirəni Britaniyanın enerji nəhəngi bp-dir, ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəəti 45% azalıb. Mənfəətinin ən az səviyyədə azalması ilə yadda qalan isə dünyanın enerji nəhəngi Saudi Aramco şirkətidir. Amma bununla belə onun xalis rüblük qazancı 27 milyard dolları aşıb.

Biz isə hələ bilmirik Azərbaycan Dövlət Neft Şirkəti bu rübü maliyyə baxımından necə başa vurub. Çünki SOCAR hələ rüblük maliyyə hesabat formasına keçməyib, bunu ancaq təsərrüfat göstəricilərinə aid edir. Amma dünya nəhəngləri qazanclarının azalmasını iki faktorla: ötən illə müqayisədə neftin qiymətinin azalması və bazarda xidmət xərclərinin artımı ilə əlaqələndiribsə, demək qlobal bazarda yaşananlar bizim milli şirkətdən də yan keçməyib. 

SOCAR-ın hesabatı

Cari ilin yanvar-mart aylarında SOCAR 1,9 milyon ton neft və 2 milyard kubmetr qaz hasil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 1,9%, qaz hasilatı isə 9,9% azalıb. Həmin dövrdə qazma işlərinin azalması 2 min 68 metr olaraq 17 min 664 metr təşkil edib.

I rübdə SOCAR 1 mln 654,3 min ton neft (2023-cü ilin yanvar martında 1 mln 667,4 min ton) və 923,7 mln kubmetr qaz (892,3 mln kubmetr) emal edilib.

SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 495,5 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 3,6% artıb.

“bp-Azərbaycan”ın hesabatı

Azərbaycanın neft qaz sektoruna bp-nin operatorluğu ilə həyata keçirilən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” hasilat layihələri çox böyük təsir gücünə malikdir. Çünki çıxarılan neft və qazın ixracından əldə edilən gəlirlər ümumən Azərbaycan iqtisadiyyatının indikatoru kimi çıxış edir.

Cari ilin I rübündə bp və tərəfdaşları “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 30,85 mln barel neft hasil edib. Ötən ilin eyni dövründə bu göstərici 34,74 mln barel idi. Yəni rüb ərzində hasilat 3,89 mln barel və ya 525 min ton azalıb. Gündəlik hasilat göstəriciləri ilə müqayisə etsək, ötən ilin yanvar-martında konsorsium günə orta hesabla 386 min barel neft çıxarmışdısa, bu ilin eyni dövründə həmin göstərici 339 min barelədək azalıb. Yəni rüblük hasilatın aşağı düşmə tempi 12,2% təşkil edib. Ötən ilin yekunları üzrə bu göstərici 12%-ə yaxın idi. Demək, Azərbaycanın əsas yataqlarından hasilatın aşağı düşməsinin qarşısını hələ almaq mümkün olmayıb.

Amma nəzərə alsaq ki, aprelin 16-da AÇG müqavilə sahəsində yeni platformadan (Azəri Mərkəzi Şərqi) hasilata başlanılıb və ilin sonuna gündəlik neft çıxarılması 24 min barelədək yüksələcək, demək istənilən halda növbəti aylarda hasilat templərinin azalmasını müşahidə edəcəyik.

“Şahdəniz”in stabil dövrü

“Şahdəniz” yatağından hasilat göstəricilərinə gəldikdə isə burada vəziyyət tam başqadır. Çünki Xəzərin ən böyük qaz yatağı özünün gənclik dövrünü yaşayır, enerjisi aşıb daşır. Cari ilin I rübündə yataqdan 7 milyard kubmetr təbii qaz və 9 milyon barel kondensat hasilatına nail olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə hasilat göstəriciləri dəyişməyib. Yəni bu o deməkdir ki, “Şahdəniz” yatağında hasilat artıq özünün stabil dövrünə qədəm qoyur və bu minvalla ən azı 2030-cu illərə qədər hasilat davam etməlidir.  

Xatırladım ki, “Şahdəniz” yatağı 1999-cu ilin iyununda açılıb. Burada qaz hasilatı 2006-cı ilin 15 dekabrından həyata keçirilir. 2018-ci ilin yayından isə “Şahdəniz-2” layihəsi üzrə hasilata başlanılıb. Məhz bu layihənin reallaşması nəticəsində Azərbaycan qazı Avropa bazarlarına ayaq aça bildi.

Qiymət proqnozları

Qeyd edim ki, bu həftə Beynəlxalq Enerji Agentliyi də cari il üçün neft qiymətlərinin orta qiymətlərinə müəyyən dəyişikliklər edib və onları bir qədər azaldıb.

Qurumun son hesabatında bildirilir ki, Brent markalı neftin 2024-cü ildə orta qiyməti orta hesabla 87,79 dollar səviyyəsində gözlənilir, gələn il isə qiymətlər bir qədər də ucuzlaşmaya meylli olacaq – 85 dollar 38 sent. Çünki qlobal bazarda enerjiyə artan tələbatın xeyli hissəsinin alternativ enerji mənbələri hesabına qarşılanması güman edilir.

Bu baxımdan “yaşıl enerji”inin bazardakı gücünə artıq heç kəs şəkk-şübhə ilə yanaşmamalıdır.

Qaza bağlı münasibətlər

Yola saldığımız həftə Azərbaycana Slovakiya və Bolqarıstan rəhbərlərinin gəlişi ilə yadda qaldı. Və hər iki görüşün əsas hissəsi məhz mavi yanacağımıza hədəflənmişdi.

Slovakiya ilə Strateji tərəfdaşlıq Bəyannaməsi imzalayan Bakı daha bir Avropa ölkəsi ilə münasibətlərini yeni bir səviyyəyə yüksəltdi. Slovakiyanın baş naziri Robert Fitso Azərbaycanın apardığı çoxşahəli xarici siyasətə vurğunluğunu və ölkəmizin bunun nəticəsində əldə etdiyi nailiyyətlərə  məmnunluğunu gizlədə bilmirdi. Slovakiyanın Azərbaycandan qaz almaq niyyətini vurğulamaqla yanaşı bunun təkcə Cənub Qaz Dəhlizi üzərindən deyil, eyni zamanda RF və Ukraynanın qaz infrastrukturları üzərindən də həyata keçirilməsi təklifi ilə də çıxış etdi. Özü də bu zaman Ukraynanın baş nazirinə istinad edərək “Azərbaycan qazı olduğu yerdə Rusiya ilə Ukrayna arasında müəyyən razılığa gəlmək olar. Bu, hər kəs üçün faydalı olar” fikrini də səsləndirdi.

Öz növbəsində Prezident İlham Əliyev “Azərbaycan hazırda 8 ölkəyə (Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya) öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq” deyə əmin yaradacaq bir bəyanatla çıxış etdi.

Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevi qəbul edərkən cənab İlham Əliyev Azərbaycanın 2015-ci ildən Bolqarıstanla strateji əməkdaşlıq əlaqələrində olduğunu xatırladaraq iqtisadi əlaqələrin bünövrəsinin enerji üzərində qurulduğunu diqqətə çatdırıb. Mən isə öz növbəmdə oxuculara Azərbaycan-Bolqarıstan enerji əməkdaşlığının əsas məqamlarını xatırlatmaq istərdim.

Bu, təbii ki,  2013-cü ildə “Bulgargaz” ilə “Şahdəniz” konsorsiumu arasında illik 1 mlrd kubmetr qazın alqı-satqısına dair imzalanmış 25 illik müqavilədən başlayır.  Amma Bakıda keçirilən yüksək səviyyəli görüşdə Prezident İlham Əliyevin açıqlamasından məlum olur ki, artıq ötən il Azərbaycan Bolqarıstana 1 milyard 250 milyon kubmetr qaz ixrac edib. Yəni müqavilə şərtləri 25% artıqlaması ilə həyata keçirilib. Cari il üçün isə bu həcmlərin 1,5 milyard kubmetrə qədər artırılması proqnoz edilir.

Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda isə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu il Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcmi bu ölkənin mavi yancağa olan illik tələbatının 55 %-ni ödəməyə qadir olacaq. Onu deyim ki, cəmi bir neçə il əvvəl ən yaxşı halda bu göstəricinin 30% olacağı düşünülürdü.

Görürsünüzmü, Azərbaycan Avropa Birliyinin ayrı-ayrı ölkələrinin enerji həyatında necə mühüm rol oynamağa başlayıb. Bunun mühümlüyünün daha bir amili isə odur ki, Bolqarıstan əvvəllər uzun onilliklər 100% Rusiya qazından asılı olan Avropa ölkələri sırasında idi. 

Ötən ilin aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana işgüzar səfəri zamanı SOCAR-ın Sofiyada nümayəndəliyini açması və indi mayın 8-də SOCAR ilə Bolqarıstanın “Asarel” holdinqi arasında Bolqarıstanın daxili qazpaylayıcı şəbəkəsinin inkişaf etdirilməsini nəzərdə tutan Memorandumun imzalanmsı onu göstərir ki, iki ölkə arasında enerji əlaqələri iqtisadi münasibətlərin əsas komponentinə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO