Cığatel qəzada itirdiyi nəvəsindən DANIŞDI:

Cığatel qəzada itirdiyi nəvəsindən DANIŞDI: "O gün atası ilə balıq tutmağa getmək istəmirdi" - VİDEO

Hazırda oxunan: Cığatel qəzada itirdiyi nəvəsindən DANIŞDI: "O gün atası ilə balıq tutmağa getmək istəmirdi" - VİDEO

187054

"Cığatel (red. - şairənin nəvəsi) atasına demişdi ki, “həmişə deyirsən “5 alın, hara desəniz apararam”. Gəldi ki, qiymətlərimiz əladır, bizi apar balıq tutmağa”. Süleyman heç getmək istəmirdi. Anası yolladı. Hardan biləydi, deyib bacısı tək qalmasın. Mən də dedim ki, get, niyə getmək istəmirsən? Çünki getmək deyəndə hamıdan qabaq hoppanardı. Söylədi ki, “ay nənə, mən həmişə getmək istəyirəm, nəsə bu dəfə istəmir ürəyim”. Gəlinə də dedim ki, dəymə, istəmir. Handan-hana dedi ki, yaxşı, gedirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri şairə və qiraətçi Cığatel İsaqızı qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

Şairə avtomobil qəzasından dünyasını dəyişən nəvəsi Süleymandan söz açıb:

"Onlar gecə getdilər və orada qalıb, bir az balıq tutdular. Səhərisi gün axşam gəlməli idilər. Süleyman deyib ki, “durun, gedək”. Atası cavab verib ki, “bu qədər yol gəlmişik, günorta da tutaq, axşam gedərik”. Söyləyib ki, “yox, gedək, istəmirəm”. Yolda təkərləri partlayıb. Çəkib yolun kənarına, qıraqlara da işarələr qoyub. Boltlardan biri açılıb, o biri yox. Özü də qollu qüvvətli oğlandır. Necə burubsa da, açar qırılıb əlində. 

Yolda gözləyirmiş ki, sürücülərdən açar alsın. Qız deyib ki, “yatıram”, maşının içində imiş. Süleyman düşüb gəlib atasının yanına. Oğlum ona əsəbiləşib ki, get bacının yanına. Cavab verib ki, “demirsən kişiyəm, mən də sənin yanında durub kömək edəcəyəm”. Ondan sonra maşının biri gəlib sürüb aparıb bunları. Qız da maşının içində qalıb. 

Cığatelin özünü də balaca bir yerdən çıxarıblar. Oğlum orada deyib ki, “qızım maşının içindədir”. Oğlum özü də orada "ölüb-dirilib". O dünyada atası da gəlib qarşısına". 

C.İsaqızı bildirib ki, oğlu Ayaz övladının öldüyünü xəstəxanda öyrənib:

"Süleymandan həmişə qorxurdum, qeyri-adi uşaq idi. Neçə fəlakətdən çıxmışdı. Bir dəfə qolu parçalanmışdı, bir dəfə qızılca çıxartmışdı. O, dünya ilə danışırdı. Deyirdi, “mən də babam kimi yatağa düşəcəyəm”. Balaca uşaq idi, deyirdi ki, “deyəsən axır günlərimdir”. Bunları danışanda 5 yaşı var idi.

10 yaşına az qalmışdı ki, bu hadisə baş verdi. Hadisədən sonra heç oğluma yaxın getmirdim, Süleymanı axtarırdım. Deyirdilər “oğlunun vəziyyəti yaxşı deyil”. Hansı ana olsa, oğlunun yanına qaçar. Mən getmədim, dedim, mənə Süleymanı verin. Bilmirdim hələ ki, belə olub. 

Bacımın oğlu gəlib məni silkələdi ki, “Süleyman reanimasiyadadır”, sən demə bilirmişlər, “oğlunun isə vəziyyəti yaxşı deyil, gəl, bir Ayaza bax”. Çox çətin dərdir, Allah heç kimə bu dərdi göstərməsin. 

Ölüm var, ölüm kimi, ölüm var zülm kimi. Bəlkə də biz yaşamazdıq, nə gəlinim, nə də mən. Bizi ayaqda tutan Ayazın ağır vəziyyətdə olmağı idi. Nəvəmi yola salandan sonra qaçdıq xəstəxanaya. Dedilər qan itirir, vəziyyəti pisdir. Biz hələ o şokdan ayılmamışıq. Mənim göz yaşım, ruhum donub, nə şeir yaza bilirəm, nə ağlaya bilirəm. 
Oğlum xəstəxanadan yarımçıq çıxdı. O da bu dəhşətli xəbəri orada eşitmişdi. Elə biliblər ki, narkozdan ayılmayıb, deyiblər "Ayazın oğlu ölüb". Həkimə sual verib ki, "əməliyyat olsam, nə qədər müddətə qalxaram?" Həkim də cavab verib ki, "mil qoyacağıq, ayağa qalxacaqsan". O da söyləyib ki, "əməliyyat etsinlər, sabah gəlsin evə dəfndə iştirak etsin". Ayılanda gec olub. Bacım oğlundan soruşub "Süleyman haradadır?" O da cavab verib ki, reanimasiyadadır. Sual verib ki, "demirəm haradadır, mənim balamı harada dəfn etdilər?" 1 ay yatmalı idi, amma bir neçə gündən sonra çıxıb gəldi". 

Qeyd edək ki, sözügedən hadisə Ələt-Astara magistralının 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb. Belə ki, “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Qəzada nəvəsini itirən Cığatel İsaqızının ailəsi hadisəni törədən şəxsi sonradan bağışlayıb.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO