“Bu həyatda pis günlərim çox olub. Əziyyət çəkdim, oxudum və universiteti bitirdim. Atamın işləri bir müddət yaxşı getdi, daha sonra pisləşdi. İşdən çıxdı. Gördüm ki, ailəmizdə maddi vəziyyət çətindir. Nə etməli idim? Oturub evdə gözləməliydim ki, nə zaman sənin üçün yol açılacaq və yaxşı iş olacaq, işləyəcəksən? Halbuki, mən universitetin tarix fakültəsini bitirmişdim”.
Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.
Söz xiridarı bildirib ki, universiteti bitirdikdən sonra işə düzələ bilmədiyi üçün bir müddət xlor sataraq pul qazanıb:
“Müəllim olmaq istəyirdim, amma alınmadı. Dedilər ki, iş yoxdur, gələn sentyabr gələrsən. Mən də bu qədər gözləyə bilməzdim. Pulsuz qalmamaq üçün gedib xlor satdım. Ayıb deyil ki... Bu işi də canım ağrıya-ağrıya etmişəm. Əziyyət çəkərək xlor satmışam. Bir müddət ofisiant işləmişəm. Çətinliklərdən pillə-pillə keçib bura gəlmişəm. Bu günümü çox arzulamışam. Şükür bu günümə... Mən öz əziyyətimlə gəlmişəm”.
Rəşad Əliyev, Bizim.Media