Sabiq deputat Etibar Hüseynovun Şuşa, Kəlbəcər və Ağdama girişin pullu olması ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb.
“Çox istərdim ki, gələcəkdə istirahətə gələnlər üçün Şuşa və Kəlbəcərə, o cümlədən Ağdama giriş pullu olsun. Simvolik olaraq 50 qəpik, 1 manat və ya kim nə qədər istəsə. Niyə də yox? Bu gün ölkə boyu az qala bütün şəlalə, göl və s. məkanlar pullu edilib ki, bura filankəs pul qoyub, əziyyət çəkib.
İndi istirahət üçün getdiyin həmin məkanlar üçün insanlarımız can qoyub, qan töküb.
Onların özlərinə və ya ailələrinə azacıq yardım payımızı niyə də verməyək? Amma yenə də "YAŞAT" Fonduna yığılmaq şərtilə",- deyə Etibar Hüseynov bildirib.
Qeyd edək ki, ictimaiyyətdə ciddi müzakirələrə səbəb olan bu fikirlər sərt tənqid edilib və müxtəlif aspektlərdən yozulub.
Bəziləri sabiq deputatın ciddi məsələyə məsuliyyətsiz və məsxərəli şəkildə yanaşma sərgilədiyini deyib, bəziləri isə vətən oğullarımızın qanı-canı bahasına alınmış torpaqlara ödənişlə daxil olmaqla bağlı fikrlərini qınayıb.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Razi Nurullayev sabiq deputatın fikirlərini məsxərə kimi qiymətləndirib:
MÖVZU İLƏ BAĞLI:
“Əl-Qaidə, İŞİD pisdir, Daşnaksütyun yaxşıdır?! Fransa vandalizm aktlarına baxsın” - SƏRT REAKSİYA
“Mən düşünmürəm ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərə giriş pullu olmalıdır. O torpaqlar əsgərlərimizin canı-qanı bahasına işğaldan azad edilib.
Bunu etmək mümkün deyil və məsxərə kimi qəbul edirəm. Hər kəs o torpaqlara getmək istəyir. Öz ərazilərinə niyə pul verib getsinlər ki? Çox güman ki, bu, sabiq deputatın zarafatıdır. Məsxərə olsa belə hər kəsin şəxsi məsuliyyəti və fərdi davranışı var. O ciddi məsələ ola bilməz. Yox, əgər ciddi deyibsə, özü bu fikri daha yaxşı əsaslandıra bilər”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı isə “Bunun mənə nə dəxli var?” sualı ilə danışığı yarımçıq kəsib.
Alçina Amilqızı, Bizim.Media