Quba rayonunun dağlıq Dərk kəndində yaşayan Məhərrəmovlar ailəsi çətin durumdadır. Belə ki, 2023-cü ilin iyun ayında evi yanan ailənin 3 üzvü hazırda yanan evin həyətində salamat qalmış əl damı adlandırdıqları otağabənzər yerdə yaşayır.
Yaşayış evi şəhid atası Mahur Məhərrəmova məxsus olub. M.Məhərrəmov iki oğlunu 1-ci Qarabağ Müharibəsində itirib.
MÖVZU İLƏ BAĞLI:
Şəhid atasından ŞİKAYƏT - 13 ildir ev gözləyirdi, yaşadığı mənzil də YANDI – FOTO
Oğullarından biri - Qoşqar 1993-cü ilin yanvarında Ağdamda itkin düşüb, digər oğlu Eldar isə 1994-cü ildə Ağdamda gedən döyüşlərdə şəhid olub.
91 yaşlı Mahur Məhərrəmov evi yanandan sonra da bir müddət həyətdəki yarımtikilidə yaşayıb. Ötən ilin yayında Quba rayon İcra Hakimiyyəti 7 nəfərlik ailənin çətin durumunu nəzərə alıb, Məhərrəmovlar ailəsinə Quba şəhərində 2 otaqlı mənzil verib. Şəhid atası Mahur Məhərrəmov bu evdə qızı və nəvələrindən biri ilə yaşamağa başlayıb. Amma xəstəlik səbəbindən Mahur Məhərrəmov ötən ilin noyabr ayında vəfat edib.
Bütün bunlar barədə Bizim.Media-ya Mahur Məhərrəmovun oğlu Adil Məhərrəmov məlumat verib. Bildirib ki, atasının vəfatından sonra yaşlı bacısı və 2 oğlu Quba şəhərində yaşayır.
Ailənin 3 üzvü-özü, həyat yoldaşı və 8-ci sinif şagirdi olan oğlu isə həyətdəki damda yaşamalı olub. Qış aylarında damda yaşamağın çox çətin və darısqal olduğunu deyən Adil Məhərrəmov yanan evlərinin sənədlərini bərpa etdiklərini deyib.
Onun sözlərinə görə, illərdir bu kənddə yaşayırlar, iş yerləri də burdadır.
Deyir ki, özü yol idarəsində, həyat yoldaşı isə mədəniyyət evində işləyir, kiçik də olsa, təsərrüfatları buradadır. “Kəndi qoyub Quba şəhərinə necə köçək? Orda işimiz-gücümüz də yox, necə yaşayacağıq?”, - deyən Adil Məhərrəmov mərhum atasının 13 il əvvəldən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mənzil növbəsində olduğunu xatırladıb. Adil Məhərrəmov nazirliyin hazırki problemdən xəbərdar olduğunu bildirim.
Hazırda ailə yanan evlərinin yerində yenisinin tikilməsini istəyir.
Məhərrəmovlar ailəsinin mənzil probleminə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyindən münasibət bildirilib.
Agentliyin mətbuat katibi Sərvər Abdullayev məlumat verib ki, sözügedən məsələ qurumun diqqətindədir:
“Tikinti üçün lazımi texniki tələblərə uyğun torpaq sahəsi təqdim edildiyi təqdirdə, sosial tərəfdaşımız ailə üçün fərdi yaşayış evinin tikintisini həyata keçirəcək”.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu