Meyxana sənətdir, yoxsa narkomanlığın təbliği? – Tərəflər ÜZ-ÜZƏ 

Meyxana sənətdir, yoxsa narkomanlığın təbliği? – Tərəflər ÜZ-ÜZƏ 

Hazırda oxunan: Meyxana sənətdir, yoxsa narkomanlığın təbliği? – Tərəflər ÜZ-ÜZƏ 

175753

Meyxananın Azərbaycanın folklor nümunəsi olub-olmaması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta çox vaxt bu, böyük mübahisələrə səbəb olur. Bir çoxları isə iddia edir ki, meyxana vasitəsi ilə narkomaniya təbliğ olunur. Azərbaycanda isə gənclərin böyük əksəriyyətinin meyxanaya olan həvəsi danılmazdır. 

Maraqlıdır, doğurdan da meyxananı Azərbaycan folklor nümunəsi hesab etmək olarmı? Bu peşə vasitəsi ilə narkomaniyanın təbliğ olunması ilə bağlı fikirlər nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Yazıçı Kəramət Böyükçöl meyxana ilə bağlı maraqlı açıqlama verib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Meyxana yolu ilə cinayətkar kult formalaşdırıb İranın ideoloji istəklərinə xidmət edirlər” – Deputat


O, hesab edir ki, insanları meyxana ilə idarə etmək mümkündür:

“Bu barədə araşdırmaçı kimi danışmaq istəmirəm. Amma bir dəfə yarı zarafat, yarı ciddi yazmışdım ki, meyxana fərli şey olsaydı, ermənilər onu çoxdan oğurlamışdılar. Meyxananın ən pis tərəfi zehniyyət formalaşdırmasıdır. İnsanları meyxana ilə idarə etmək mümkündür. 

Azərbaycan insanına dişinin dibindən çıxanı de, amma qafiyə ilə de, ona ləzzət edəcək. Amma qafiyə ilə dediyini nəqli cümləyə çevirsən, durub hücum edəcək ki, təhqir edirsən. İki uşaq üzərində sadə təcrübə aparmaq olar. 

18 yaşına qədər bir uşağa meyxana, digərinə isə Qara Qarayevin, Şopenin, dünyanın intellektual səviyyəli, ədəbi-mədəni, bədii nümunələrini dinlədirsən və sonra cəmiyyətə buraxırsan. Nəticədə, meyxana dinləyən uşaq böyüyüb “07” markalı maşının qabağını qaldıracaq, “avtoş” olacaq, əlində təsbeh gəzdirəcək və kimisə bıçaqlayıb türmədə yatacaq. Digər uşaq isə mədəni, ağıllı biri olacaq”. 

Yazıçı qeyd edib ki, yad, zərərli düşüncələri meyxana ilə insanlara yeritmək asandır:

“Çünki sənət sahələri arasında insan ruhuna ən tez çatan musiqidir. Meyxana da musiqi ilə deyilir. Ona görə də meyxananın folklor nümunəsi olması və ya olmamasının məsələyə heç bir dəxli yoxdur. Ən böyük fəlakət də odur ki, Azərbaycan teleməkanında meyxana ən uca tribunada yer alır.

Bizim cəmiyyət maariflənmədiyi üçün TikTok-un bir dəqiqəlik videoları, meyxanaları insanlara xoş gəlir. Çünki bunlar beyinə düşünmək əziyyəti vermir. Amma bir səhifə kitab oxuyan kimi, insan yuxulayır. Ona görə ki, kitab beyni düşünməyə vadar edir.

Bizim insanların da düşünmək vərdişləri olmadığına görə, meyxanaya meyl edirlər. Məsələn, meyxanadan bir bənd deyim:

Mən əsgərəm keşik çıxıb qarşıma, 

Boçka çıxıb, yeşik çıxıb qarşıma.

Mən əsgərəm deşik çıxıb qarşıma,

Sən hələ məstansan, otur yerində,

Zəif qəzəlxansan, otur yerində.

Yəni bunu durub düşünməyə ehtiyac yoxdur, dinləyib gülürlər. Toplumun da əksəriyyəti bu zehniyyətdə olduğu üçün onlara meyxana maraqlı gəlir”. 

Kəramət Böyükçölün sözlərinə görə, meyxana vasitəsilə narkomaniya təbliğ olunur:

“Meyxanada “çək nəşəni, tüstüsü qoy dağlarə yayılsın” kimi fikirlər çoxdur. Bunu ağlı, dərrakəsi oturuşmamış adama deyəndə, ona xoş gəlir, təsirinə düşür. Bütünlükdə, “narkomaniyanın səbəbi meyxanadır” hökmünü vermək də doğru deyil. Lakin meyxana vasitəsi ilə narkomaniyanın təbliğ olunmasını demək olar”. 

Meyxanaçı Ağamirzə Məmmədov isə meyxanaçıların narkomaniyanı təbliğ etməsi fikri ilə razılaşmır:

“Meyxananın tarixi çox uzundur, hətta hicri təqviminə qədər gedib çıxır. Mən başqa yerlərdə də meyxana dinləmişəm, amma bilinir ki, əzbərləyib deyirlər. Lakin bizdə qəzəl bədahətən deyilir. Meyxana bizim sərvətimizdir, onu qoruyub saxlayanlara Allah rəhmət eləsin. 

Qeyd-şərtsiz meyxana Azərbaycan folklor nümunəsidir. Meyxanaçıların narkomaniyanı təbliğ etməsi fikri ilə razılaşmıram. Çünki bugünkü meyxanaçıların böyük əksəriyyəti namaz qılıb, oruc tutur. Bir dəfə Əliağa Vahiddən soruşublar ki, “araq içəndə meyxananı daha yaxşı demək olarmı?” deyə, o da cavab verib ki, elə olsaydı, ruslar daha yaxşı qəzəlxan olardılar”.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO