Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra 20 Yanvar faciəsi ilə bağlı videoçarx nümayiş olunub.
Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev 20 Yanvarın xalqımızın qəhrəmanlıq səhifəsi və azadlıq uğrunda mübarizəsinin, yenilməz iradəsinin rəmzi, şərəf günü olduğunu vurğulayıb.
20 Yanvar faciəsini şərtləndirən əsas amillərə, tarixi faktlara toxunan rektor o vaxtkı SSRİ rəhbərliyinin bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olmasına, ona görə də bu vəhşiliyi gizlətmək üçün bütün rıçaqların işə salınmasına diqqət çəkib.
Bildirib ki, bu çirkin planı hər zaman xalqın yanında olan Ulu Öndər Heydər Əliyevin atdığı cəsarətli addım pozub.
Məqsədli şəkildə bütün vəzifələrdən uzaqlaşdırılmasına və ciddi nəzarətdə saxlanılmasına rəğmən 20 Yanvar faciəsindən bir gün sonra Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, qanlı aksiyanı törədən cinayətkarları dünya ictimaiyyəti qarşısında ifşa edib.
Yaqub Piriyev məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənədin qəbul olunduğunu söyləyib.
Ulu Öndərin Azərbaycan siyasi rəhbərliyinə qayıdışından sonra 20 Yanvarın Ümumxalq Hüzn Günü elan edildiyini, Milli Məclisin müvafiq qərar qəbul etdiyini nəzərə çatdıran rektor, eyni zamanda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, sosial müdafiəsi üçün addımların atıldığını bildirib.
Artıq 4 ildir 20 Yanvar faciəsini fərqli əhval-ruhiyyədə, qalib xalq kimi qeyd etdiyimizi önə çəkən rektor Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdiyini, suverenliyimizin tam bərpa olunduğunu vurğulayıb.
Doğma Vətənimizin hər yerində Azərbaycanın şanlı bayrağının əzəmətlə dalğalandığını dilə gətirən Yaqub Piriyev bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhunun şad olduğunu deyib.
Sonra çıxış edən Milli Məclisin komitə sədri, millət vəkili Sadiq Qurbanov 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğunu vurğulayıb.
Azərbaycan millətinin formalaşması üçün Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini, eyni zamanda bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilməsi üçün atdığı cəsarətli addımları, müvafiq qərarları diqqətə çatdıran Sadiq Qurbanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdərliyi ilə Azərbaycan torpaqlarının işğaldan azad edildiyini, bütün şəhidlərimizin uğrunda canlarını fəda etdikləri məqsədə çatdığımızı bildirib.
Ulu Öndər Heydər Əliyevin xalqın nəinki bu gününü, gələcəyini müəyyənləşdirdiyini, bu siyasətin cənab Prezident İlham Əliyevin liderliyi ilə yeni dövrün çağırışlarına uyğun davam etdirildiyini deyən Sadiq Qurbanov çıxışında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin, ötən il 24 saatdan da az çəkən antiterror əməliyyatının dünyanın ən öndə gedən dövlətlərini belə heyrətə gətirdiyini, bu qələbənin hələ də onlar tərəfindən araşdırıldığını söyləyib.
Bildirib ki, indiki olduqca mürəkkəb geosiyasi vəziyyətdə, qarşımızda duran dövrdə Azərbaycanın daha böyük uğurlara imza atması üçün yeni siyasətçiyə ehtiyac yoxdur.
Millət vəkili tələbələri daha səylə çalışmağa, yüksək intellektli, qalib ölkəyə layiq vətəndaş kimi yetişməyə, eyni zamanda Ümummilli Liderin ideya və prinsiplərinə sadiq qalmaqla Azərbaycanı qələbələrə aparan liderə, onun siyasətinə dəstək olmağa dəvət edib.
Daha sonra BMU Qadınlar Şurasının sədri Ətrabə Gül, universitetin IV kurs tələbəsi Nəzrin Babayeva çıxış ediblər. Çıxışlarda tariximizin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb, müasir gəncliyin üzərinə düşən vəzifələrdən bəhs olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:24 / 19.01.2024
BMU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirildi – FOTO
Hazırda oxunan: BMU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirildi – FOTO
Hazırda oxunan: BMU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirildi – FOTO
174188
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.