Bir həftədə ikinci bədbəxt HADİSƏ – Partlayışlardan necə mühafizə OLUNMALIYIQ?

Bir həftədə ikinci bədbəxt HADİSƏ – Partlayışlardan necə mühafizə OLUNMALIYIQ?

Hazırda oxunan: Bir həftədə ikinci bədbəxt HADİSƏ – Partlayışlardan necə mühafizə OLUNMALIYIQ?

173653

“Son bir həftə ərzində Bakı şəhərində təəssüflər olsun ki, bir neçə nəfərin ölümü və yaralanması ilə nəticələnən yanğın və ya partlayışla müşayət olunan ikinci bədbəxt hadisə baş verdi. Mebel sexində baş vermiş partlayış həmçinin güclü dağıntılar yaratmaqla, əmlaka xeyli zərər dəyməsinə səbəb olub”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında əmək münasibətlərinin sosial- hüquqi və texniki məsələlər üzrə ekspert, mütəxəssis və təlimçi Ağa-Musa Səfiyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Partlayışda zərərçəkənlərə nə qədər kompensasiya ÖDƏNİLƏCƏK? – AÇIQLAMA 


O, hadisənin konkret səbəbləri barədə yekun qərarın aparılan istintaqın nəticələrindən aydın olacağını bildirsə də, ümumilikdə yanğın və partlayışa səbəb olan amillərə toxunub:

“İlk növbədə qeyd etmək lazımdır ki, bir maddənin yanmasının baş verməsi üçün üç şərtin mövcud olması  vacibdir: yanan material, oksigen və qığılcım (istilik). Bunlardan hər hansı biri olmasa yanğın baş verə bilməz. 

Qazların alovlanması üçün isə dörd şərtin yəni, yanar qaz, hava-oksigen, qığılcım mənbəyi və qarışıq lazımdır.

Söhbət partlayışdan gedirsə, onu qeyd etmək lazımdır ki, partlayış üçün ilk növbədə - atmosfer şəraitində qaz, buxar və yanan materialların tozunun hava ilə qarışığı və istənilən alovlanma mənbəyi ilə təmasdan ibarət patlayıcı mühit lazımdır.

İstehsalat prosesi zamanı məsələn, hava və qazlar- hidrogen və metan, hava və benzol və ya aseton buxarları, hava və ağac tozu qatışıqları partlayış təhlükəsi yarada bilər.

Hətta qalınlığı 1 mm olan toz təbəqəsi partlayıcı atmosfer mühiti kimi təhlükəlidir. Odur ki, mükəmməl ventilyasiya sistemi qurulmalıdır.

Bu zaman, alışqan, kibrit, siqaret, açıq alov, elektron cihazları, qaynaq işləri, cilalama işləri, qısa qapanma, paltarın dəyişdirilməsi nəticəsində yaranan elektrostatik yük, ildırım, optik şüa, elektromaqnit dalğaları, isti səthlər və s. - əsas qığılcım mənbələridir”.

Ekspert hər bir müəssisədə ümumi yanğın və partlayışdan mühafizə məqsədilə aşağıdakı tədbirlərin görülməli olduğunu qeyd edib:

“İş sahələri fövqəladə hallar üçün nişanlanmış və kifayət qədər işıqlandırılmış  müstəqil  təxliyyə marşrutları ilə təchiz edilməli;

- təxliyyə çıxışlarında qapılar təxliyyə marşrutları istiqamətində açılmalı;

- bütün iş sahələri yanğından mühafizə üçün münasib sayda yanğınsöndürənlərlə təchiz edilməli;

- alov-partlayış riskli mühitlərin bütün giriş nöqtələrində  xəbərdarlıq işarələri qoyulmalı;

- alovla bağlı olan fəaliyyətlər, məs. qaynaq işləri təsdiq edilmiş prosedurlarla (xüsusi icazə) idarə edilməli;

- elektrik aparatları qüsurların istisna edilməsi üçün periodik olaraq yoxlanılmalı;

- daxili qaz kəmərləri müntəzəm olaraq yoxlanılmalı;

- qaz balonlarının saxlanma və istifadə qaydalarına əməl edilməli;

- alışma və partlayış mənbəyi olan malların istehsalı və saxlanması qaydalarına ciddi əməl olunmalı;

- müəssisədə təhlükəli maddələrin siyahısı və təhlükələrin qrupu  müəyyən edilməli;

- patlayış riskli zonalar təyin edilməli;

- partlayıcı kimyəvi maddələr müvafiq qaydada işarələnməli;

- iş yerində siqaret çəkilməsi və istənilən açıq alovdan istifadəsi  təhlükəli maddələrlə fəaliyəti olan hər bir iş sahəsində qadağan edilməli;

- təhlükəsizlik avadanlıqlarının funksional imkanı periodik olaraq yoxlanılmalı;

- ventilyasiya sisteminin saz vəziyyətdə olması təmin edilməlidir; 

- əməyin mühafizəsinə dair təlimatlar, ayrı-ayrı peşələr və iş yerləri üşün təlimatlar, həmçinin partlayış işlərində işləyən işçilər üçün təlimatlar işlənib hazırlanmalı və işçilər həmin təlimatlarla tanış edilməli;

- işçilərin yanğından və partlayışdan mühafizə təlimləri və biliklərinin yoxlanması periodik olaraq keçirilməlidir.

Həmçinin müəssisədə yanğın-partlayıcı mühitin baş verib-verməyəcəyinin diaqnostikası aparılmalı, yəni alov-partlayış riski qiymətləndirilməli, təhlükəli alışan maddələrin digər təhlükəli olmayan maddələrlə əvəz edilib-edilməməsi araşdırılmalı, qiymətləndirilmədən irəli gələn bütün tədbirlər görülməli və partlayış mühitində işləyən hər kəs ətraf mühitlə bağlı risklər və təhlükələr və onlara qarşı görülməli və həyata keçirilməli olan tədbirlər haqqında məlumatlandırılmalıdırlar”.

Ağa-Musa Səfiyev bildirib ki, istehsal müəssisələrində əməyin mühafizəsi xidməti fəaliyyət göstərməli və  peşəkar mütəxəssislər bununla məşğul olmalıdırlar:

“Qanunvericilikdə 50 nəfərədək işçisi olan müəssisələrdə belə bir xidmətin yaradılması nəzərdə tutulmadığından, bu kimi hadisələrin baş verməməsi üçün bu işlərin görülməsi peşəkar mühəndis ixtisaslı əməkdaşlardan birinə və ya SƏTƏM xidmətləri üzrə fəaliyyət göstərən kommersiya yönümlü şirkətlərə həvalə edilə bilər. Əsas məqsəd isə son nəticədə bu kimi bədbəxt hadisələrin, o cümlədən insan itkisinin qarşısının alınmasıdır. 
Bütün təhlükəsizlik tədbirləri ilə yanaşı müvafiq sahə üzrə çalışan hər bir işçinin sağlam düşüncəsi və peşəkar iş vərdişləri təhlükəsizliyin ən vacib qarantıdır”.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO