30 ildə uğursuz olan Fransa BMT Təhlükəsizlik Şurasına sədr olsa NƏ DƏYİŞƏCƏK?! – TƏHLİL 

30 ildə uğursuz olan Fransa BMT Təhlükəsizlik Şurasına sədr olsa NƏ DƏYİŞƏCƏK?! – TƏHLİL 

Hazırda oxunan: 30 ildə uğursuz olan Fransa BMT Təhlükəsizlik Şurasına sədr olsa NƏ DƏYİŞƏCƏK?! – TƏHLİL 

172510

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sədrliyi yanvarın 1-dən Fransaya keçib. Nəzərə alaq ki, Fransa BMT TŞ-nin 5 daimi üzvündən biridir. Bu da o deməkdir ki, Fransanın BMT TŞ-da kifayət qədər səlahiyyəti var. Ən azından veto qoymaq hüququna malikdir. Ona görə də Fransanın TŞ-ya sədrliyi o qədər də xoş olmayan bir hadisədir.

Bəs, Azərbaycana qarşı ermənipərəst siyasət yürüdən Fransa Cənubi Qafqaz üçün hansısa təhdid yarada bilərmi?
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın BMT-də növbəti TƏXRİBAT HAZIRLIĞI – Budəfəki hay-küyə SƏBƏB NƏDİR? 


Bəri başdan deyək ki, Fransanın sədrliyi region üçün elə bir ciddi təhdid yaratmır. Olsa-olsa bu hadisə erməniləri bir qədər iştahlandıra bilər. Ümumilikdə isə Fransa Cənubi Qafqazdakı proseslərə təsir etmək imkanlarından məhrumdur. Bunu ötən 30 ildə açıq-aydın görmüşük. 

Yada salaq ki, 23 il Fransa Qarabağ münaqişəsinin həlli məqsədi üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olub. Bu həmsədrlik dövründə Fransa nə qədər ermənipərəst olsa da Azərbaycana qarşı hansısa bir ciddi addım ata biməyib. Digər həmsədrlərlə birgə ancaq münaqişənin dondurulmasına nail olub. Amma praktik və böyük miqyasda Fransa Ermənistana elə bir dəstək göstərə bilməyib. Hətta Paris keçmiş qondarma rejiminin tanınması istiqamətində hansısa addım atmağa belə cəsarət etməyib. 

Bu da o deməkdir ki, Fransa heç də ermənilərin təsəvvür etdiyi qədər güclü oyunçu deyil. Sadəcə Fransa böyük oyunçu olmaq üçün davamlı təşəbbüslər göstərir. Lakin Yelisey Sarayındakıların istənilən beynəlxalq məsələyə korporativ maraq baxımından yanaşması sonda rəsmi Parisi dalana dirəyir. 

Bütün təşəbbüslər uğursuzluğa düçar olur… 

Təsadüfi deyil ki, Makron höküməti son illər bütün platformalarda anti-Azərbaycan siyasəti yürüdür. Lakin hansısa uğurun qazanıldığını söyləmək qeyri-mümkündür. Tək bir faktı deyək ki, 2023-cü ildə BMT TŞ-də Azərbaycanla bağlı 2 dəfə dinləmə olub. Bunun biri Ermənistanın, digəri isə Fransanın təşəbbüsü ilə baş tutub. Lakin hər iki dinləmə nəticəsiz qalıb. Hətta dinləmələrdən sonra hər hansı bir bəyanat belə qəbul edilməyib.

Ona görə də Fransanın BMT Təhlükəsizlik Şurasına sədrliyi heç nəyi dəyişməyəcək.

Çünki, BMT TŞ-nda hər hansı bir sənədin qəbul edilməsi çox çətindir. Bu qurumda həm daimi, həm də qeyri-daimi üzvlərin veto qoymaq hüququ var.  Ona görə də Fransa cari ildə Azərbaycana qarşı hazırladığı istənilən sənəd və müzakirə hansısa ölkənin vetosu səbəbilə nəticəsiz qalacaq. 

Yada salaq ki, BMT TŞ-nin 5 daimi üzvündən 2-i, yəni Böyük Britaniya və Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Çinlə də hansısa sahədə problemimiz yoxdur. Ona görə də Çinin də Azərbaycana qarşı hazırlanan sənədə “hə” deyəcəyi inandırıcı görünmür. Yerdə qalır ABŞ və Fransa. Bu iki “mehriban düşmən”lər də heç də həmişə eyni mövqedən çıxış etmirlər. 

Bu minvalla Fransa 5 daimi üzvdən heç bir ölkəni Azərbaycana qarşı təhrik edə bilməyəcək. Üstəlik, TŞ-nin yeni seçilmiş qeyri-daimi üzvləri arasında Azərbaycana dost münasibət göstərən ölkələr də az deyil. Bu isə Fransa üçün əlavə problemdir. Ona görə də Fransanın BMT TŞ-ma sədrlik etməsi nə region, nə də Azərbaycan üçün heç bir problem yarada bilməz. 

Bu ancaq erməni diasporuna problem yaradacaq. 

Çünki fransızlar erməni diasporundan daha çox pul qopartmaq üçün il boyu ən azı bir neçə dəfə Azərbaycanla bağlı TŞ-da dinləmə keçirtməyə təşəbbüs göstərəcək. Bu cəhdlər perspektivsiz olsa da erməni diasporu üçün böyük ölçüdə maddi itki deməkdir. Bu da o deməkdir ki, Fransanın BMT TŞ-na sədrliyi ancaq Yelisey Sarayındakılara əlavə biznes imkanları, ermənilərəsə maddi itkilər gətirəcək.

30 ildə nə edə bildilər ki…

Sonda onu da qeyd edək ki, Azərbaycanın beynəlxalq qurumlardan hansısa sahədə dəstək almaq istiqamətində problem yoxdur. Çünki Azərbaycan son 3 ildə öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edib.

Baxmayaraq ki, Azərbaycan 27 il BMT TŞ-nin 4 qətnaməsinin icrasını gözləyib, beynəlxalq ədalətin qələbə çalacağına ümid edib. Lakin sonda həmin 4 qətnamənin icrasına Azərbaycan öz gücü və nüfuzu ilə nail olub. 
Ona görə də hazırkı vəziyyətdə Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlardan hansısa gözləntisi yoxdur. Əksinə Azərbaycan beynəlxalq təşkilatlar üçün donor ölkəsidir. İstənilən beynəlxalq çağırışa, sivilizasiyanın gələcəyinə hesablanmış ixtiyari təşəbbüsə dəstək verən ilk ölkələrdən biri Azərbaycandır. Ona görə də dost olmayan Fransanın TŞ-na sədrliyi Azərbaycan üçün heç bir narahatlıq doğurmur.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO