Azərbaycan katolik icmasının NÜMAYƏNDƏSİ: “Daim dövlətdən qayğı və hörmət görmüşük” – MÜSAHİBƏ  

Azərbaycan katolik icmasının NÜMAYƏNDƏSİ: “Daim dövlətdən qayğı və hörmət görmüşük” – MÜSAHİBƏ  

Hazırda oxunan: Azərbaycan katolik icmasının NÜMAYƏNDƏSİ: “Daim dövlətdən qayğı və hörmət görmüşük” – MÜSAHİBƏ  

172452

“Azərbaycanda Katolik Kilsəsinin mətbuat katibi kimi mən mütamadi olaraq dinlərarası münasibətlərlə bağlı müxtəlif tədbirlərdə və görüşlərdə, eyni zamanda Katolik Kilsəsinin mənsubu kimi kilsələrdə keçirilən ibadətlərdə, icmamızın həyatında fəal iştirak edirəm və bu günə kimi bizi narahat edə biləcək problemlərlə üzləşməmişəm”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev deyib.

ABŞ-ın Azərbaycana qarşı din faktorundan istifadə edərək, ölkədə dini təqiblərin olması, insanları dinlərini rahat yaşaya bilməməsi ilə bağlı bəyanatını şərh edən Toral Ağayev, Vaşinqtonun Azərbaycanda dini ayrıseçkiliklə bağlı absurd fikirlərini qəbul etmədiklərini bildirib.

Sözügedən müsahibəni təqdim edirik:

- Toral bəy, iki möhtəşəm bayramı geridə qoyuruq – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl. Elə müsahibəyə bayramlarımızla başlayaq... 

- Öncə sizin vasitənizlə oxucularınızı, izləyicilərinizi və bütün xalqımızı Yeni 2024-cü il və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə təbrik edim. Bayramlar geridə qaldı lakin xoş niyyətlər və arzular hər zaman aktualdır. Uca Yaradan ölkəmizdən və xalqımızdan lütfünü və məhəbbətini əsigəməsin. Eyni zamanda xristian bacı və qardaşlarımızı da ən böyük bayramlarımızdan olan Milad bayramı münasibətilə də təbrik etmək istərdim. 

Hər il olduğu kimi bu il də Azərbaycan xristianları: katoliklər, protestantlar, pravoslavlar bu müqəddəs bayramı böyük sevinclə, kilsələrdə və evlərdə sərbəst şəkildə qeyd edirlər. Buna görə Allaha həmd edirik, cəmiyyətimizdə olan xoş münasibətinə görə də xalqımıza və dövlətimizə minnətdarıq.


- Yəqin ki, artıq xəbəriniz var - ABŞ Dövlət Departamenti bir çox ölkələri, o cümlədən Azərbaycanı qondarma dini azadlıq və ya tolerantlığın ciddi şəkildə pozulmasına görə özünün “xüsusi müşahidə siyahısı”na daxil edib. ABŞ-ın tolerantlıq istiqamətində mühüm addımlar atan Azərbaycanı günahlandırması nə dərəcədə düzgündür? 

- Bizim bir atalar sözü yadıma düşdü: “qız evində toydur, oğlan evinin xəbəri yox”. Azərbaycanda Katolik Kilsəsinin mətbuat katibi kimi mən mütamadi olaraq dinlərarası münasibətlərlə bağlı müxtəlif tədbirlərdə və görüşlərdə, eyni zamanda Katolik Kilsəsinin mənsubu kimi kilsələrdə keçirilən ibadətlərdə, icmamızın həyatında fəal iştirak edirəm və bu günə kimi bizi narahat edə biləcək problemlərlə üzləşməmişəm. 

Əksinə, Azərbaycanın katolik icması olaraq biz daima dövlətdən hörmət və qayğı görürük. Və mən əminəm ki, bu sözləri digər dini icmaların nümayəndələri də təkrarlaya bilər. Ona görə də, Azərbaycanda mövcud olan dini mühitə belə qərəzli qiymət verən dairələrin nəyə əsaslandıqları mənim üçün çox anlaşılmazdır. Bu münasibətlə mən Azərbaycana ötən ilin iyul ayında səfər etmiş Müqəddəs Taxt-Tacın Dövlət Katibi, kardinal Pietro Parolin həzrətlərinin səfər zamanı söylədiyi sözləri xatırlamaq istərdim. Azərbaycanda dinlərarası münasibətləri qiymətləndirərkən kardinal Parolin demişdir: 

“Azərbaycan multikultural dövlət kimi çox yüksək zirvədə parlayır. Burada gözəl harmoniya şəraitində yaşayan Katolik Kilsəsi bu dəyərlərin gözəl təcəssümüdür”. 

Kardinal həzrətlərinin verdiyi yüksək qiymət qürurvericidir və həqiqəti əks etdirir çünki kardinal, Azərbaycana səfər edən digər yüksək rütbəli Kilsə xadimləri kimi, hər şeyi öz gözləri ilə gördü. Ona görə də Azərbaycan katoliklərinin başçısı, yepiskop Vladimir Fekete həzrətləri xaricdə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanda dinlərarası münasibətlərdən, ölkədə tolerantlıq səviyyəsindən söz düşərkən hər dəfə bu məsələ ilə maraqlananları Azərbaycana səfər etməyə dəvət edir: yəni ki, gəlin və öz gözləriniz ilə görün ki fikirləriniz həqiqətə əsaslansın. 


- Azərbaycanda etnik qrupdan, fərqli dinlərdən olan insanlar sərbəst yaşayırlar. Buna baxmayaraq, niyə belə çirkin iddialar səsləndirilir? 

- Təəssüflər olsun ki, biz ikili standartların, siyasi məqsədlərə xidmət edən qərəzlərin tüğyan etdiyi bir dünyada yaşayırıq. Mən siyasi icmalçı deyiləm, lakin bir Azərbaycan vətəndaşı kimi bu qərəzin arxasında ölkəmizə təzyiq etmək niyyətlərinin ola biləcəyindən şübhələnirəm. Bilirsiniz, Bibliyada belə bir kəlam var - “Yahve-ire” – tərcümədə - “Allah hər şeyi görür, Allah özü hər şeyi yoluna qoyur” mənasını verir. 

Azərbaycanda mövcud olan dinlərarası münasibətlərin və əməkdaşlığın yüksək səviyyəsi, dövlətin multikulturalizm siyasəti, cəmiyətimizinin dini, etnik, mədəni müxtəlifliyi və bu müxtəliflikdən irəli gələn zənginliyi, həmrəyliyi və gücü bizim xalq olaraq zəfərlərimizi şərtləndirən mühüm amillərdəndir. Düşünürəm ki, biz bütün bu qərəzlərə cavab olaraq bu yolumuzu daha böyük şövqlə davam etdirməliyik, çünki bu ilk öncə xalqımızın hər tərəfli rifahına xidmət edir. Və əlbəttə ki, Allah hər şeyi yoluna qoyacaq. 

- ABŞ-ın Azərbaycanı dini ayrıseçkilikdə günahlandırmağa haqqı çatırmı?

- Xalqımızın ən böyük tarixi uğurlarından biri – dünyəvilikdir. Lakin bəzi ölkələr var ki orada dünyəvilik - dinə qarşı olmaq kimi başa düşülür. Şükür Allaha, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada dünyəvilik və din qarşıdurması mövcud deyil, bütün dinlər bərabərhüquqludur və dövlət tərəfindən milli və dini-mənəvi dəyərlərə böyük diqqət göstərilir.

Lakin dini amildən sui istifadə edərək dövlətin təməllərini zəiflətmək istəyən dairələr ola bilər. Bu baxımdan dövləti milli təhlükəsizliyi təmin etmək və qorumaq üçün gördüyü qanuni tədbirlərə görə ittiham etmək və belə ittihamları “etiqad azadlığı” prinisipi ilə pərdələmək düzgün deyil.


- Zaman ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.

- Təşəkkürlər.

Tehran Orucoğlu, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO