Evimizi niyə SIĞORTALAMALIYIQ? – Vacib DETALLAR 

Evimizi niyə SIĞORTALAMALIYIQ? – Vacib DETALLAR 

Hazırda oxunan: Evimizi niyə SIĞORTALAMALIYIQ? – Vacib DETALLAR 

171970

Hər il zəlzələ, torpaq sürüşməsi, geniş miqyaslı yanğın hadisələri, qaz partlayışı, subasma baş verəndə ev və ya mənzillərin sığorta olunması məsələsi gündəmə gəlir.

Ölkəmizdə evlərin və mənzillərin sığorta olunması icbaridir. Daşınmaz əmlakın sığortası məcburi olsa da, daşınmaz əmlak sığortasına maraq istənilən səviyyədə deyil. Azərbaycanda sığortalana bilən 1 milyondan artıq evin mövcudluğu deyilib. İcbari Sığorta Bürosunun məlumatına əsasən, ötən il, 2022-ci ildə ölkədə 151 min ev və mənzil sığortalanıb. Bu o deməkdir ki, mənzillərin cəmi 15 faizi sığortalanıb.

Sığortaya marağın az olması başadüşülən deyil.

Çünki illik sığorta haqqı yüksək deyil. Bir illik icbari sığorta haqqı sahəsindən asılı olmayaraq bütün növ daşınmaz əmlak üçün Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələrində 30 manat müəyyənləşdirilib. Ölkəmizin təkcə seysmik zonada yerləşməsi faktı bu məbləği ödəmək üçün əsas verir. Yəni qəfil gələn bəla üzündən evsiz-eşiksiz qalmamaq üçün müəyyən edilmiş məbləği ödəmək kifayətdir.

Məlumdur ki, ölkədə qeyri-yaşayış (yəni kommersiya) obyektlərinin sığortalı olub-olmamasına nəzarət Fövqəladə Hallar Nazirliyinə, yaşayış evlərinin sığortasına nəzarət isə rayon icra hakimiyyəti orqanlarına həvalə olunub. Qanuna görə əmlakını sığorta etməyənlərin cərimələnməsi də nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində, daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə müəyyən edilib.

Vətəndaşların ödəyəcəyi sığorta məbləği də, cərimə məbləği də məlumdur.Bəs, evlərini sığorta edən vətəndaşlara nə qədər pul ödəniləcək?

Yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilir. Yəni Bakı şəhərindəki mənzilləri 50 manat məbləğində icbari sığorta etdirənlər hadisə baş verdikdə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min, digər rayonlarda isə 15 min manat məbləğində təminat ala bilərlər.

Sığorta olunan məzillərin sayının az olmasında sığorta şirkətlərinin sayının azlığı da rol oynayır.Ölkəmizdə cəmi 30-a yaxın sığorta şirkəti fəaliyyət göstərir. Vətəndaş istənilən sığorta şirkətini seçməkdə azaddır.

Həyatda heç kim heç nədən sığortalanmayıb, lakin mənzilimizə dəyəcək ziyandan sonra başımızın çarəsinə baxanlara, sığorta şirkətlərinə etibar etməkdə fayda var.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO