Azərbaycanda son zamanlar qızılca virusuna yoluxma halları artıb. Bir ayda 8 uşaq qızılcadan vəfat edib. Ölən uşaqların demək olar ki, hamısının qızılcaya qarşı peyvənd olunmadığı bəlli olub.
Aidiyyatı qurumlar növbəti dəfə valideynləri uşaqlarını qızılcaya qarşı peyvənd etdirməyə dəvət ediblər. Həmçinin, qarşıdan bayram günləri gəldiyi üçün uşaqların kütləvi və qapalı məkanlardan uzaq tutulması tövsiyə olunub.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, qızılcaya yoluxan bir nəfər ətrafında olan 10-12 nəfəri yoluxdura bilər:
“Uşaqlar arasında qızılcaya yoluxma halları artıb. Ona görə də çağırış edirəm ki, valideynlər övladlarını vaxtında qızılca əleyhinə peyvənd vurdurmağa gətirsinlər”.
Valideynləri isə hazırda övladlarına vurdurduqları peyvəndin öz təsirini hansı müddətə göstərdiyi maraqlandırır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında bildirib ki, xəstəliyə qarşı antitellər üç həftə ərzində yaranır:
“Qızılca yoluxucu infeksion xəstəlikdir və qızılca virusu tərəfindən yayılır. Bu infeksiya zamanında uşaqlar arasında kütləvi tələfata səbəb olan infeksiyalardan biri sayılırdı. Vaksin çıxdıqdan sonra qızılca ilə mübarizəyə başlanıldı. ÜST-ün proqramı ilə qızılca hazırda peyvənd təqviminə daxil edilib və bütün ölkələr onun peyvəndini icra edir.
Vaksinasiyadan təxminən 3 həftə sonra orqanizmdə antitellər əmələ gəlir, yavaş-yavaş həssaslıq və orqanizmin qorunması yaranır. Vaksin olunmuş şəxsin xəstəliyə yoluxma ehtimalı qalır, amma xəstəliyi çox yüngül keçirir. Vaksinasiyadan çəkinmək lazım deyil. Təcrübə bir daha göstərdi ki, vaksinasiyaya olan etinasız münasibət bu günkü durumun əsasında dayanır”.
Həkim bir dəfə qızılcaya yoluxmuş adamda təkrar yoluxma halının qeydə alınmadığını deyib:
“Qızılcaya yoluxan şəxs təkrar yoluxmur, yəni anadangəlmə immunitet yaranır. Peyvənd olunmuş şəxs isə ona yoluxa bilər, lakin yoluxduğu halda xəstəlik yüngül və ağırlaşma olmadan keçir. Bunu nəzərə almaq lazımdır.
Bu gün dünya üzrə qızılca statistikasının artması təkcə vaksinə bağlı deyil. Müəyyən səbəblər var ki, bunlar dünyanın aparıcı profiliaktika və müalicə mərkəzləri tərəfindən araşdırılır. Lakin Azərbaycanda vaksinasiyadan yayınma bu prosesə daha ciddi təsir edir. Çünki valideynlər son vaxtlar şüurlu şəkildə qızılca vaksinasiyasından imtina edirlər və nəticədə də bu cür yoluxmalarla üz-üzəyik. Bir şeyi nəzərə almaq lazımdır ki, vaksin olunmayan şəxs, uşaq nəinki özü, hətta ətraf üçün təhlükə yaradır. Problem bundan ibarətdir”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
COP29
09:40 / 29.12.2023
Qızılcaya qarşı peyvənd nə vaxt öz təsirini GÖSTƏRİR? – Professordan AÇIQLAMA
Hazırda oxunan: Qızılcaya qarşı peyvənd nə vaxt öz təsirini GÖSTƏRİR? – Professordan AÇIQLAMA
Hazırda oxunan: Qızılcaya qarşı peyvənd nə vaxt öz təsirini GÖSTƏRİR? – Professordan AÇIQLAMA
171171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.