Qubanın Küçeyi kəndində 20 Yanvar şəhidi Elçin Qeybullayevin qəbir daşı uçub.
Bu barədə şəhidin Quba şəhərində yaşayan bacısı Samirə Şirinova Bizim.Media-ya özəl olaraq məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Güclü külək ağacları məzarların üstünə aşırdı - VİDEO
Onun sözlərinə görə, qardaşının məzarüstü abidəsinin güclü külək səbəbindən dağıldığını ehtimal edir.
Samirə Şirinov artıq məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyətinə məlumat verildiyini deyib. O, 20 Yanvar faciəsinin yaxınlaşdığı bir məqamda Elçinin qəbir daşının uçmasından ailə olaraq çox narahat olduqlarını bildirib.
Qeyd edib ki, Elçin Qeybullayevin məzarüstü abidəsi əvvəldən keyfiyyətsiz hazırlandığı üçün küləyə tab gətirməyib:
"Çox istərdik,20 Yanvarda cavan yaşında canından keçmiş qardaşımın qəbirüstü abidəsi yenidən və daha keyfiyyətlə hazırlansın. Bu, ailəmizə bir təsəlli olar. Quba İH-nin məsələyə xüsusi həssaslıqla yanaşacağına ümid edirik".
Məsələ ilə bağlı Quba İH başçısının Talabıqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ələkbər İsmayılov Bizim.Media-ya açıqlama verib.
O, məsələdən xəbərdar olduqlarını və problemlə bağlı Quba rayon İcra Hakimiyyətinin başçısına məlumat verildiyini qeyd edib:
“Tezliklə 20 Yanvar şəhidi Elçin Qeybullayevin məzarı bərpa olunacaq. Qanlı Yanvar faciəsinin 34-cü ildönümünə qədər şəhidin məzarüstü abidəsi tam hazır olacaq. Abidə yenilənərkən, şəhidin ailə üzvlərinin də təklifləri nəzərə alınacaq”.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu