YENİ QAYDA - Nəzir qutularına yığılan ianələr hara XƏRCLƏNƏCƏK?

YENİ QAYDA - Nəzir qutularına yığılan ianələr hara XƏRCLƏNƏCƏK?

Hazırda oxunan: YENİ QAYDA - Nəzir qutularına yığılan ianələr hara XƏRCLƏNƏCƏK?

170280

Azərbaycanda uzun müddətdir nəzir qutularına nəzarət məsələsi  müzakirə olunur. Bununla bağlı bir neçə il öncə "Dini etiqad azadlığı haqqında" qanuna düzəliş də olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında həmin düzəlişdə ziyarətgahlarda ianələrin toplanması, xərclənməsi barədə xüsusi qaydaların qəbul olunacağını deyib. 

O bildirib ki, həmin qaydalar üzərində ekspertlər tərəfindən işlər davam etdirilir və müxtəlif ölkələrin təcrübələri öyrənilir.

Sədr, həmçinin ianələrin verilməsində elektron yeniliklərlə bağlı məsələyə toxunaraq qeyd edib ki, burada söhbət verilən ianənin hansı istiqamətdə xərclənməsində şəffaflığın təmin edilməsi ilə bağlıdır.

Elə qanuna dəyişiklik də nəzir qutuları ətrafında gedən müzakirərdən sonra ianələrin xərclənməsində şəffaflığın təmin edilməsi məqsədilə edilib. Lakin bunun necə tənzimlənəcəyi cəmiyyətdə maraq doğurur. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib ki, İslam dinində məscidə, ziyarətgaha nəzir vermək vacibatı yoxdur:

“İslam dinində insanın hansısa bir işinin həll olunması və mənfi hadisədən xilas olmaq üçün nəzir anlayışı var. Burada şərt pul deyil, heyvan qurbanı da nəzir ola bilər. Bizdə niyəsə insanlar daha çox pulu nəzir deyirlər. Amma dinimizdə ziyarətgah anlayışı yoxdur, Kəbədən, Peyğəmbərin məzarından başqa ziyarətgah yoxdur. Bu, sonradan yaranıb, tarix boyu başqa dinlərdən keçib. Bizdə də pirlər, ziyarətgahlar formalaşıb. Nəzir ehtiyacı olan insana verilməlidir. Nəzirin, sədəqənin, ianənin veriləcək mənbəyi kasıb insanlar olmalıdır”.

O, ölkədə əvvəllər nəzir qutularına verilən ianələrin orta əsrlər qaydası ilə yığıldığını bildirib:

“Əvvəllər bu yığılan pullar hara gedirdi bilinmirdi. Ziyarətgaha, məscidlərə verilən pulları bəzən məscidin rəhbərliyi mənimsəyirdi, ziyarətgahlar var ki, onları kimsə himayə edir. O tikdirib və özü istifadə edir. Bəzi hallarda həmin nəzir üçün verilən pullardan xaricdəki müştəhidlərə zəkat qismində ayrılması haqqında da məlumat vardı. Yəni bunlar şəffaf deyildi, qaranlıq yollara xərclənirdi”.

İlahiyyatçı hesab edir ki, bundan sonra şəfafflıq təmin oluna bilər:

“İndi bu məsələ qanunda əks olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimləmə işlərini aparacaq, hər bir halda şəffaflıq olacaq. Məscidin kommunal xərclərindən kənara qalan pulların hesabatı veriləcək, cəmiyyət də biləcək ki, bu vəsait hara xərclənib. Məsələn, bu vəsaitdən yetimlər evi, şəhid ailələrinə yardım oluna bilər. Yəni bu ianələr xeyirxahlıq işlərinə sərf olunmalıdır”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO