Dünyada və dünyanın bir parçası olan ölkəmizdə psixoloqa ehtiyac duyanların sayı artır. Ailədə, işdə yaranan gərginlik, gündəlik qayğıların yaratdığı narahatlıqdan qurtulmağın yolu həm də psixoloji sakitlik və rahatlığın tapılmasındadır. Bu rahatlığı təmin edənlər psixoloqlardır. Əvvəllər cəmiyyətimizdə psixoloqun məsləhətlərindən yararlanmaq adət olmasa da, indi bu xidmətdən istifadə edənlər kifayət qədərdir.
Maraqlıdır, daha çox hansı peşə sahibləri psixoloqa müraciət edir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Vəfa Rəşidova gördüyü işdən asılı olmayaraq psixoloqun məsləhətlərindən yararlananların olduğunu deyib:
MÖVZU İLƏ BAĞLI:
Psixoloqlardan SƏRT REAKSİYA – “Feminizmi kişiləri alçatmaq kimi təqdim edən saxtakarlar...”
“Bütün sahənin insanları müraciət edir desəm, inanmayacaqsınız. Məmurundan tutmuş soyuducu ustasına qədər seanslara üz tuturlar. Bu məsələ insanı çox düşündürür. Bəzən elə bir sahənin insanı ilə rastlaşırsan ki, çox önəmli bir işin sahibidir. Amma o insanın belə psixoloqa ehtiyacı olur və psixoloqla görüşür”.
Psixoloq seanslara müraciət edənlər barədə məlumatların məxfi saxlanıldığını desə də, onların arasında, müəllimlərin çoxluq təşkil etdiyi qənaətindədir:
“Bütün sahənin insanları, xüsusən, müəllimlər və digərləri müraciət edirlər. Məmurlar, iş adamları da müraciət edir. Bütün oxumuş, təhsilli, özünə hörmət qoyan və psixoloqa dəyər verən insanlar bu xidmətdən yararlanırlar.
Hər bir peşə sahiblərinin müraciəti gözəl bir haldır. Deyirlər ki, bir psixoloqa iki psixoloq lazımdır, yəni psixoloqun özü də psixoloqa müraciət edir. Psixoloqsuz indiki zamanda addım atmaq olmur, indi düşüncə dəyişib, hər şey fərqlidir, heç nə əvvəlki kimi deyil”.
Günay Şahmar, Bizim.Media