Bakı məktəbində direktorun doğum günü ilə bağlı pul yığıldığı iddia olunur.
Söhbət Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdən gedir.
Bu barədə Bizim.Media-ya Türkan qəsəbə sakini, “Yeni baxış ictimai nəzarət” təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Məktəblərdə istiliklə bağlı vəziyyət necədir?
Bildirdiyinə görə, məktəbin direktoru Kəmalə Babayevanın noyabrın 24-də doğum günü ilə bağlı müəllim heyəti və şagirdlər arasında pul yığılır:
“Ayın 24-ü direktorun ad günüdür. İbtidai siniflərdə hər şagirddən 2 manat, yuxarı siniflərdən 3-5 manat, hansısa məbləğdə isə müəllimlərdən pul yığılır”.
Məsələ ilə bağlı 262 saylı orta məktəblə əlaqə yaratdıq. Direktor Kəmalə Babayeva Bizim.Media-ya açıqlamasında məsələdən yeni xəbərdar olduğunu bildirib:
“Bunu sizdən eşidirəm. Zəhmət olmasa, Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə yaradın”.
Direktor doğum gününün noyabrın 24-də olub-olmaması sualımızı isə nə təsdiq, nə də inkar edib.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən sorğumuza cavab olaraq, məsələnin araşdırılacağı bildirilib.
Mövzunu diqqətdə saxlayacağıq...
Nuranə Daxilqızı, Bizim.Media