2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 49 min 77.4 hektar sahədən 981 min 927 ton kartof yığılıb. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.9 faiz və ya 40 min ton azdır.
Mövcud rəqəmlər bazarlarda bahalaşmaya və kartof qıtlığına səbəb ola bilərmi?
MÖVZU İLƏ BAĞLI:
İranın bəzi şirkətlərinin Azərbaycana kartof gətirməsinə qadağa qoyulub
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O qeyd edib ki, bəzi məhsul növləri üzrə belə azalmalar var:
“Bunun səbəblərini araşdırmaq lazımdır. Aidiyyəti orqanlar, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyi məsələni araşdırdıqdan sonra ehtiyac yaranarsa, təşviq proqramlarını artıra bilər. Kartof əhalinin ən çox istifadə etdiyi məhsullardan biridir.
Ancaq bunu qeyd edək ki, sözügedən məhsulun azalması bazarlarda qiymətə kəskin təsir edəcək həddə deyil. Yeni il qabağı “ənənəvi” qiymət artırmları ola bilər. Yeni il qabağı digər məhsullar ilə yanaşı kartofun qiymətində də artım müşahidə oluna bilər. Çünki hər il bu hal təkrarlanır. Təxminən dekabr ayının ikinci həftəsindən başlayaraq yanvar ayının əvvəlinə qədər nəzərəçarpacaq qiymət artımı dalğası yaşanır”.
Məhərrəm Əliyev, Bizim.Media