Universitetlərdə təhsil haqları artırılır? – MÜHÜM AÇIQLAMA

Universitetlərdə təhsil haqları artırılır? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Universitetlərdə təhsil haqları artırılır? – MÜHÜM AÇIQLAMA

162592

Elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı maraqlı fikirlər səsləndirib.Bildirib ki, bəzi universitetlər bir mühəndisi 1500 manata hazırlayır:

"Kompüter mühəndisi isə bu gün ortalama 4000 manata yaxın əməkhaqqı alır. Düşünmək lazımdır ki, 1500 manata 10 min avro xərc tələb olunan həmin ixtisas üzrə, heç olmasa, ona bərabər və ya yaxşı mühəndis yetişdirmək mümkündürmü?!

Hamı buna inanırsa, onda sözümü geri götürərəm.

Diplom xatirinə verilən təhsil isə başqa məsələdir. Bu məsələləri açıq şəkildə qorxmadan müzakirə etməliyik. Hamı təhsil almaq istəyir. 1500 manat təhsilhaqqı olsa belə, heç olmasa, həmin şəxs 4 il müddətində bəzi bacarıqlarını inkişaf etdirir. Misal olaraq, bir dəfə hesablamışdım ki, mənim dövlət hesabına xaricdə təhsil almağım üçün 130 min dollar sərmayə qoyulub”.

Elm və Təhsil nazirinin bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Hətta bəziləri zənn edir ki, nazir ali məktəblərdə təhsil haqqının artırılacağı anonsunu verib.

Amma ekspertlər nazirin fikirlərinə haqq qazandırırlar.

Məsələn, təhsil üzrə ekspert Kamran Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, nazir doğru deyir, lakin fikirlər dolğun çatdırılmır:

“Emin Əmrullayev deyir ki, dövlət mənim təhsilimə 130 min dollar xərcləyib. Bu dövlət proqramı çərçivəsində olub. Bilirsiniz ki, 2007-2015-ci illəri əhatə edən xaricdə təhsil üzrə Dövlət Proqramında 5 min azərbaycanlı gəncin xaricdə təhsil alması nəzərdə tutulurdu. 3500 nəfər azərbaycanlı gənc məhz həmin dövrdə dünyanın nüfuzlu ali məktəblərində oxumağa göndərildi. Onların arasında hörmətli Emin müəllim də var.

Xatırladım ki, 3500 gəncin təhsili üçün dövlət 90 milyon manat vəsait xərcləyib. Beləliklə, hər bir tələbə üçün ortalama 100 min dollar pul xərclənib. Bu layihənin əsas məqsədi rəqabətədavamlı və dayanıqlı iqtisadiyyat üçün mütəxəssis hazırlamaq idi. Azərbaycan Prezidenti hər zaman deyib ki, neft kapitalını insan kapitalına çevirəcəyik. Təsadüfi deyil ki, ötən illərdə bu istiqamətdə əsaslı işlər görülüb”.

Kamran Əsədov 1500 manatl təhsil haqqı məsələsinə də toxunub:

“Bu gün uşaq baxçaları və orta məktəblər tamamilə ödənişsizdir. Ali məktəblərə qəbul planınınsa 51 faizi pulsuzdur. Yəni qəbul olan iki tələbədən biri pulsuz oxuyur. Amma problem ondadır ki, qəbulda çox zəif göstəricisi olan tələbə belə kənarda qalmır. Məsələn, I qrup üzrə 200 bal toplayan gənc kompüter mühəndisliyi üzrə pulsuz təhsil ala bilir. Bu qrupda 400 baldan yuxarı toplayan heç bir gənc pulluda oxumur.

Yəni dövlət təhsilə kifayət qədər pul xərcləyir.

Amma nəzərə alaq ki, ucuz təhsilin də keyfiyyəti ola bilməz. 1500 manata illik təhsil alan gəncin yüksək ixtisalı kadr olacağına inam yoxdur. Təsadüfi deyil ki, ali məktəbi bitirən bir çox gənclər iş tapa bilmir. Bu da onunla bağlıdır ki, məzunların praktik bilikləri yox dərəcəsindədir. Onlar universitetdə ancaq nəzəri biliklər alırlar.

Universitetlərin praktik bilik vermə imkanı isə çox zəifdir. Çünki universitetlərin maddi-texniki bazası çox aşağı səviyyədədir. Buna görə də universitetlərimizin həm beynəlxalq reytinqi aşağıdır, həm də ki, hazırladıqları kadrların peşəkarlığı yox dərəcəsindədir. Bu da onunla bağlıdır ki, 1500 manata peşəkar kadr hazırlamaq mümkün deyil. Hörmətli Emin müəllim də bunu nəzərdə tutub.

Amma o demək deyil ki, növbəti ildə təhsil haqqı artırılacaq. Ola bilsin ki, hansısa universitet 50-100 manat artım eləsin. Lakin kütləvi şəkildə artımın olması inandırıcı deyil. Amma artım zəruridir. Çünki müəllimlərin əmək haqqı təhsil haqqından formalaşır. Təhsil haqqı artmadığı təqdirdə müəllimlərin əmək haqqı artmayacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO