“Stress və qorxu bizi öldürüncə, qoy TOY öldürsün” - İCTİMAİ RƏY

“Stress və qorxu bizi öldürüncə, qoy TOY öldürsün” - İCTİMAİ RƏY

Hazırda oxunan: “Stress və qorxu bizi öldürüncə, qoy TOY öldürsün” - İCTİMAİ RƏY

16168

Ölkədə bir ildən artıqdır ki, toyların keçirilməsinə icazə verilməsə də pandemiya qaydalarına uyğun fəaliyyət göstərən kafe və restoranlarda bəy-gəlin olmadan toylar keçirilir. Bunu iaşə müəssisələri heç gizlətmirlər.

Fikirlərini öyrəndiyimiz, fəaliyyətinə icazə verilən kafe və restoran sahibləri söyləyir ki, onlar qanuni şəkildə fəaliyyət göstərirlər:

 

MÖVZU İLƏ BAĞLI:

Deputat Operativ Qərargaha MÜRACİƏT etdi - “Toylara icazə verin”


“Operativ Qərargah üçün nə fərq edir ki, bura 30 nəfər yad adam və ya eyni ailə üzvü gəlib?”.

Göründüyü kimi gizli və ya aşkar şəkildə toylar etməyə insanlar məcburdurlar. Çünki illərlə nişanlı olan və ailə qurmaq istəyən cütlüklər var. 

Bizim.Media-nın sosial mediada apadığı sorğusunda iştirak edən jurnalist Əzizə İsmayıl deyir ki, əlbəttə, toyların keçirilməsi lazımdır:
 

“Bir ildir insanları dirəyiblər küncə. Nə ölüsünü ağlamağa qoyurlar, nə dirisinə gülməyə. Stress və qorxu altında virusdan qorunmaq olmur. Üstəlik, üst təbəqə həmişə toyunu da, yasını da edib. Lap SMS icazə dövründə belə.


Restoranda etməyiblər villalarında ediblər. Nə dəyişir? İndi hamının villası yoxdur deyə evlənməsin və ya ölməsin? Heç bir effekti olmayan və cərimə yığmağa hesablanan qadağalardır. Bunun sayəsində də qazanırlar. Toy da, yas da cəmiyyətin ehtiyacıdır, bilirlər ki, onlarsız mümkün deyil”.

Ekspert Elçin Əfəndi isə bildirir ki, xüsusi qaydalara riayət etmək şərti ilə bütün növ şənliklərə icazə verilməliydi:

“İnsanlar bir ildən artıqdır sevinmir, şənlənmir, ancaq basqı, psixoloji təzyiq, virus panikası və s. insanları çıxılmaz vəziyyətə salıb. İntihar halları günbəgün artır. Bunlar mütləq nəzərə alınmalı və toyların, şənliklərin keçirilməsinə icazə verilməlidir. Əks halda qarşıdakı dövrdə biz daha çox bədbəxt hal və hadisələrin şahidi olacağıq!”.

Millət vəkili Razi Nurullayev vurğulayır ki, toyların keçirilməsinə icazə vermək lazımdır:
 

“Məsafədən istilik ölçən cihazlar var, restoranlarda olduğu kimi toy iştirakçılarını da məsafəni saxlamaqla otuzdurmaq olar. Axı toyların keçirilməsi yalnız mənəvi və demoqrafik məsələ deyil, həm də sosial çağırışdır.


Toyların keçirilməsi yüz minlərlə insanı əmək bazarına cəlb edir. Bura yüzlərlə mebel salonları, mebel istehsalçıları və sifarişçi sexlər, müsiqiçilər, foto və video xidməti, gül mağazaları və istehsalçıları, yemək, ərzaq, meyvə, su və digər onlarla sadalamadığım müvafiq xidmətlər daxildir.

Onlar da işləmək, evlərinə pul aparmaq istəyir. Virusun önünə düşüb qaçırıq. Artıq dayanıb qılıncımızı çıxarıb döyüşə girmək lazımdır. Virusla müharibə şəraitində yaşamağı öyrənməyə ehtiyac var, nə qədər gizlənmək və müdafiə olunmaq olar? Hazırda havalar da istiləşir, ən azından açıq havada, həyət şəraitinə  uyğun toyların keçirilməsi mümkündür.

Restoranlarımızın, şadlıq evlərimizin böyük həyətləri var və niyə də orada toylar təşkil olunmasın?”.

Sorğumuzda iştirak edən jurnalist Rəfael Səlim qeyd edir ki, toyların keçirilməsinə icazə verilməlidir:

“Onsuz da insanlar ya öz evlərində ya da hansısa məkanda müxtəlif formada keçirirlər. Şəxsən tanıdığım insanlar var ki, qeyd etdiyim formada “toy” keçiriblər. Hələ də qoyulan absurd qaydalara əməl edən insanlar da var. Bir neçəsi ilə şəxsən söhbətləşmişəm. Deyirlər, filan qədər toya getmişəm.
 

Gözümü dikmişəm ki, toy edə bilim, yığılan puldan qızıma (oğluma) nəsə edə bilim. Toy etməsəm, illər ərzində verdiklərim batacaq. İstədiyim kimi də qız köçürə, gəlin gətirə bilməyəcəm.


Onsuz da hamı hansısa formada yoluxacaq. Əgər vaksinləşmədən sonra da “Bu o demək deyil ki, siz vaksin vurdurmusunuzsa, daha yoluxmayacaqsız. Yenə maska taxın, qaydalara əməl edin!” deyilirsə, o zaman nəyi gözləyirik? İnsanlar stressdən xəstəlik tapıb öləcək və ölürlər də. Normal həyat şərtlərində belə çətinlik çəkən insanlar bu duruma tab gətirə bilmir.

Qaydalar yumşaldılmalı və insanların təbii haqqları onlara verilməlidir. Adamın atası-anası dünyasını dəyişir, öz ölüsünə belə ağlaya bilmir. Dəfn də edəndə hörmətsiz olur. İnsanlar hörmətsiz ölüb gedir. Nə ölüyə hörmət qalır, nə də diriyə...”.

Media üzrə ekspert Azər Həsrət hesab edir ki, toylara icazə verilməlidir:

“İndi olan olacaq, ölən də öləcək. Artıq ox yaydan çıxıb, tədbirlər də bəzən işə yaramır. Ona görə də müəyyən şərtlər daxilində toylara şərait yaratmaq doğru olardı”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO