“Rusiya ilə biz tam tərəfdaş kimi işləyirik. Gündəlik işlərimiz çoxdur. Təbii ki, qonşular arasında hər zaman problemlər ola bilər. Amma bu problemlərin hamısı həll olunan problemlərdir. İki ölkənin ticarət dövriyyəsindəki rəqəmlər artır. Azərbaycanla Rusiya arasındakı münasibətlərdə mən ciddi problem görmürəm”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Apa-ya müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
“İşğal edilən ərazilərdə 67 məsciddən yalnız üçü nisbətən salamat qalıb” – Polad Bülbüloğlu
Rusiyanın regionda böyük güc olduğunu vurğulayan səfir, iki ölkə arasında müəyyən problemlərin mövcudluğunu da qeyd edib.
“O ki, qaldı iki ölkə arasındakı gündəlik məsələlərə, hər kəs öz vəzifəsində Rusiyanın önəmini başa düşməlidir və təbii ki, bundan irəli gələn məsələləri həll etməlidir. Bu gün iki ölkə arasında böyük ticarət dövriyyəsi var. Azərbaycandan kənd təsərrüfatı malları əsasən Rusiyaya gəlir.
Niyə görə Rusiya ilə münasibətlərimiz pis olmalıdır ki? Bəli, problemlər var. Hər bir qonşu arasında problemlər var.
Hər bir ailədə də problemlər olur. Niyə görə biz hansısa mövcud problemləri həll etməməliyik? Ona görə də hesab edirəm ki, Rusiya ilə ciddi, işgüzar, tərəfdaş və dostluq əlaqələri hər zaman olub, var və bundan sonra da bu əlaqələr genişlənməlidir”.