30 ildən çoxdur ki, Ermənistanın işğalında olan ərazilərimiz artıq tamamilə azad edib. Üstəlik, bölgədə irihəcmli tikinti və yenidən qurma işləri aparılır. Bir çox yerlərdə işlər başa çatdıqca, həm əhalinin, həm də müvafiq dövlət qurumlarının, özəl sahibkarlıq müəssisələrinin yerləşdirilməsi prosesi aparılır.
Təbii ki, sözügedən ərazilərdə maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün bankların da fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın strateji valyuta ehtiyatları 67,5 milyard dollara çatıb - RƏSMİ
Bəs, banklar işğaldan azad olunmuş ərazilərdə filiallar açmağı planlaşdırırlar?
Bizim.Media bu suala cavab tapmaq üçün banklar arasında sorğu keçirib.
“Kapital Bank” ASC-dən bildirilib ki, işğaldan azad edilmiş şəhər və rayonlarda xidmət şəbəkəsinin qurulması ilə bağlı bir sıra tədbirlər həyata keçirilir:
“Artıq Zəngilan rayonu Ağalı kəndi ərazisində Zəngilan filialı fəaliyyətə başlayıb. Hazırda Laçın rayonunda filialın açılması üzrə işlər aparılır. Xankəndi şəhərində və işğaldan azad olunmuş digər rayonlarda əhalinin məskunlaşdırılması planına uyğun olaraq “Kapital Bank” ASC-nin filiallarının açılması planlaşdırılacaq”.
“Unibank”ASC-dən isə bildirildi ki, işğaldan azad edilmiş ərazilərimizdə yeni bank filiallarının açılması hər birimizin arzusudur:
“Azad edilmiş rayonlarımızda yenidənqurma-quruculuq işləri başa çatdıqca və əhalinin məskunlaşma prosesi yekunlaşdıqca, “Unibank” da bu ərazilərdə bank filiallarının açılması planlarını öz inkişaf strategiyasına daxil edəcək”.
Eyni sualla digər banklara müraciət etsək də, həmin təşkilatlar tərəfindən sorğumuza cavab verilməyib.
Rövşən Ziya, Bizim.Media