Dövlət Xidməti satış reklamları edənlərə MÜRACİƏT ETDİ 

Dövlət Xidməti satış reklamları edənlərə MÜRACİƏT ETDİ 

Hazırda oxunan: Dövlət Xidməti satış reklamları edənlərə MÜRACİƏT ETDİ 

158770

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti açıq məkanda reklam istisna olmaqla, reklam fəaliyyətinə dövlət nəzarəti tədbirləri çərçivəsində monitorinqləri davam etdirir.

Dövlət Xidmətindən Bizim.Media-ya bildirilib ki, araşdırmalar zamanı bəzən məsafədən satış üsulu ilə satılan malların reklamları sahəsində qanunvericilik tələblərinin pozulması hallarına rast gəlinir.

Dövlət Xidməti reklam subyektlərinə, xüsusilə də internet informasiya resurslarında yayımlanan məsafədən satış reklamları zamanı qanunvericiliyin tələblərinə əməl etməyi tövsiyə edir.

- Məsafədən satış nədir və hansı üsullarla icra olunur?

- Məsafədən satış üsulları ilə satılan mallar dedikdə satıcı ilə alıcı arasında birbaşa təmas olmadan, alıcıya əmtəə ilə bilavasitə tanış olmaq imkanı verilmədən – kataloqlar, prospektlər, bukletlər, elektron ticarət vasitələri ilə satılan əmtəələr başa düşülür.

- Məsafədən satış üsulu ilə satılan malların reklamı sahəsində qanunvericiliyin tələbləri nədən ibarətdir?

- Qanunvericiliyə əsasən, məsafədən satış üsulları ilə satılan malların reklamına dair xüsusi tələblər müəyyən edilib. Bu tələblərə əsasən reklamlarda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

- hüquqi şəxsin adı, ünvanı və vergiödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

- sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin adı, soyadı, atasının adı və vergiödəyicisinin eyniləşdirmə nömrəsi;

- əlaqə məlumatları (telefon, faks, elektron poçt ünvanı).

Bundan əlavə, satıcı alıcı ilə müqavilə bağlamazdan əvvəl Azərbaycan Respublikasının Mülki Məcəlləsi və reklam haqqında qanunvericiliklə müəyyən olunan məlumatları alıcıya təqdim etməlidir. Əmtəələrin elektron qaydada satışı elektron ticarət haqqında qanunvericiliyin tələblərinə uyğun olmalıdır.

- Reklam yayımı zamanı əmtəənin qiymətinə dair hansı məlumatlar verilməlidir?

- Məsafədən satış üsulları zamanı yayımlanan reklamlarda əmtəənin endirimli qiymətlərlə satışına dair müəyyən tələblər mövcuddur. Belə ki, məsafədən satış vaxtı əmtəə endirimli qiymətlə təqdim edildikdə, reklamda endirimdən əvvəlki və sonrakı qiymətlər barədə məlumatlar əks olunmalıdır. Əmtəənin qiymət dəyişməsi barədə verilən reklam zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq bu məlumatlar göstərilməlidir:

- qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti;

- qiyməti dəyişdirilən əmtəələrin siyahısı;

- qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti.

Eyni zamanda, dəyişmiş qiymətin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə fərqi qeyd olunmalıdır.

- Reklam sahəsində qanunvericiliyin pozulması ilə bağlı hansı məsuliyyət tədbirləri nəzərdə tutulub?

- Digər reklam daşıyıcılarında yayımlanan reklamlarda olduğu kimi, məsafədən satış üsulu ilə satılan malların reklamı sahəsində də qanunvericiliyin tələblərinin pozulması hallarında məsuliyyət tədbirləri nəzərdə tutulub.

İstehlakçıları çaşdırmağa yönəlmiş haqsız, qeyri-dəqiq və gizli reklamların yayımlanması nəticəsində haqsız rəqabətə yol verilməsinə görə maliyyə sanksiyaları müəyyən edilib.

Belə ki, haqsız rəqabətə yol verilməklə satılmış mallardan, göstərilmiş iş və xidmətlərdən əldə edilmiş gəlirin əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla 10 faizinədək, sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək maliyyə sanksiyası nəzərdə tutulub.
Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə olunur.

- Açıq məkanda reklam istisna olmaqla, reklam qanunvericiliyinin pozulması halları ilə rastlaşdıqda nə etmək olar?

- İstehlakçılar müxtəlif reklam daşıyıcılarında malların reklamı zamanı mövcud qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi - //competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif elektron poçt - [email protected] və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edilə bilər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO