Tahir Rzayev: “Böyük şəhər bələdiyyəsini yaratmaq problemlərə yol aça bilər”

Tahir Rzayev: “Böyük şəhər bələdiyyəsini yaratmaq problemlərə yol aça bilər”

Hazırda oxunan: Tahir Rzayev: “Böyük şəhər bələdiyyəsini yaratmaq problemlərə yol aça bilər”

158602

“Böyük şəhər bələdiyyəsinin yaradılması haqqında fikirlər artıq bir neçə ildir səslənməkdədir. Əlbəttə ki, bu fikirlərin əsası var. Çünki inkişaf etmiş bir çox ölkələrdə böyük şəhər bələdiyyələri fəaliyyət göstərir və bu, yaxşı nəticələr verir”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Tahir Rzayev bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Mülkiyyət sənədi olmayan evdən əmlak vergisi tələb edilməsi QANUNİDİRMİ? - VİDEO


Deputat böyük şəhər bələdiyyələrinin fəaliyyətinə Türkiyə təcrübəsini misal gətirib:

“Heç uzağa getməyək, qonşu Türkiyə Respublikasını götürsək, əlbəttə ki, orada bələdiyyələrin fəaliyyəti bizə nisbətən fərqlidir. Onların imkanları daha böyükdür, daha əhəmiyyətli tədbirləri həyata keçirə bilirlər. Əlbəttə ki, bütün bunları araşdıranda müəyyən reallıqlar nəzərə alınmalıdır. Çünki həmin ölkələrdə bələdiyyələrin uzunmüddətli fəaliyyəti mövcuddur, onlar bu sahədə xeyli təcrübəyə malikdirlər. Maliyyə bazaları möhkəmdir, kadr potensialı var və belə olan halda onlar öz işlərini normal qura bilirlər”. 

Parlamentari qeyd edib ki, Azərbaycanda isə bələdiyyələr artıq 23 ildir fəaliyyət göstərir, nümunəvi yerli idarəetmə orqanları var:

“Lakin bu gün də bələdiyyələrin özlərində formalaşma, təkmilləşmə prosesi gedir. Düşünürəm ki, bu islahatlar davam etdirilməlidir, çünki bələdiyyələr sayca çoxdurlar. Ən kiçik kəndlərdə belə, bələdiyyələr fəaliyyət göstərir. Haqlı olaraq bələdiyyələrin sayının azaldılması, onların birləşdirilməsi, ləğv edilməsi prosesi iki mərhələdə davam etdirilib və mütəxəssislərin, eləcə də mənim fikrimcə, bu proses davam etdirilməli, bələdiyyələrin sayı azaldılmalıdır. 

“Böyük şəhər bələdiyyəsini yaratsaq...”

Tahir Rzayev bildirib ki, bələdiyyələrin sayı azaldıqdan sonra, iri bələdiyyələrin yaradılması mümkündür: 

“Çünki qüvvələr birləşdirilməli, onların maliyyə bazası, kadr potensialı, texniki və digər məsələləri dəqiqləşdirilməlidir. Bundan sonra iri bələdiyyələrin yaradılması mümkün ola bilər. 

Bu gün biz əgər böyük şəhər bələdiyyəsini yaratsaq, lazımi nəticə əldə edə bilmərik. Çünki böyük şəhər bələdiyyəsinin imkanları daxilində yollar çəkilməlidir, küçələr abadlaşdırılmalıdır, insanlara qayğı, diqqət artırılmalıdır, müəssisələr açılmalıdır. Ancaq sadalananlar bu gün bizim bələdiyyələrin imkanları xaricindədir. Ona görə də böyük şəhər bələdiyyəsini yaratmaq problemlərə yol aça bilər.  

Digər tərəfdən, əgər bələdiyyələr yerli əhəmiyyətli sosial, iqtisadi məsələlərlə məşğuldursa, icra orqanlarının səlahiyyətləri tamamilə başqadır. Bir çox hallarda bu səlahiyyətləri eyniləşdirirlər, ancaq ölkənin qanunları, əsasnamələri var. 

İcra orqanları da bu əsasnamələr əsasında fəaliyyətlərini həyata keçirirlər. Ola bilər müəyyən məsələlər üst-üstə düşür, amma elə deyil.

Bizdə tutaq ki, insanlara xidmətlə əlaqədar bir neçə nazirlik var. Bunlar ayrı-ayrı sahələrdə cəmiyyətə xidmət göstərirlər. Bu o demək deyil ki, bütün səlahiyyətlər üst-üstə düşür və digərinin səlahiyyəti əlindən alınmalıdır. Yox, biz ümumi xidmət məsələlərinə gələndə birləşməliyik”.

Cahan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO