Bloger Aydan Hüseynli: “Nənəm deyirdi ki, “kukla” oğlan yox, əsl kişi istə” - MÜSAHİBƏ/FOTO

Bloger Aydan Hüseynli: “Nənəm deyirdi ki, “kukla” oğlan yox, əsl kişi istə” - MÜSAHİBƏ/FOTO

Hazırda oxunan: Bloger Aydan Hüseynli: “Nənəm deyirdi ki, “kukla” oğlan yox, əsl kişi istə” - MÜSAHİBƏ/FOTO

158143

Özünü rəqqasə, bloger, model, aktrisa və son zamanlarda müğənni kimi uğurla sınayan “Instagram” və “TikTok” sosial şəbəkə platformalarında “Aydanique” ləqəbi ilə məşhurlaşan Aydan Hüseynlinin Bizim.Media-ya özəl müsahibəsini təqdim edirik:

- Qızmar yay mövsümünü geridə qoyub artıq payızın oktyabr ayını yaşayırıq. Bu müddət ərzində Aydan istər şəxsi, istər iş həyatında nələr etdi? 

- Bütün yayı özümə həsr etdim. Düzdür, xarici ölkəyə istirahətə getməsəm də, amma Vətənimdə yetərincə istirahət edə bildim. Yaydan əvvəl çoxlu çəkilişlərim oldu. Amma bu aylarda çalışdım ki, daha çox dincəlim və yeni işlərə başlamaq üçün enerji yığım. İstirahət etmək hər insan üçün çox vacibdir. İşləmək də lazımdır, dincəlmək də.

- İncəsənətin bir neçə sahələrində fəaliyyətiniz var. Artıq özünüzü müğənni kimi də sınamağa başlamısınız. Belə ki, “Полюбому” (Hər halda) adlı mahnı ilə son zamanların sosial şəbəkələrdə “trend”ə düşmüsünüz. Aydan özünü ifaçılıq sənətində nə qədər uğurlu görür?

- Mənim “götürmək” qabiliyyətim və bacarığım yüksəkdir. Hansı sənəti mənə öyrətsələr, asanlıqla o sahəyə yiyələnə bilirəm. Təbii ki, burada müəllimin də peşəkar olması vacib amildir. Təki mən özüm bunu istəyim və bu yola addım atım. Bir sözlə o potensialı özümdə aça bilirəm. Düzdür, canımda tənbəllik də var (gülür), çox işlərlə məşğul ola bilərəm.



Amma çox iş görmək də yaxşı şey deyil. Oxuduğum “Полюбому” (Hər halda) mahnısına görə müsbət rəylər aldım. Amma əfsuslar olsun ki, bizim camaat daha çox depressiv ab-havada olan mahnıları dinləyir. Demirəm ki, depressiv treklər oxuyacağam, amma istiqamətimi dəyişəcəyəm. Özümü hələ ifaçı kimi sınayıram və bu yöndə fəaliyyətimi davam etdirmək istəyirəm. 

- Rəqqasə, bloger, aktrisa və müğənni... Bunlardan sizə hansı daha yaxındır? 

- Sosial şəbəkə üçün video çəkəndə həmin anı yaşayıram və başqa heç bir şey haqda düşünmürəm. Əvvəllər elə düşünürdüm ki, ən çox sevdiyim yönüm videolara çəkilməkdir. Amma mən ifaçılığa başlayanda yəni bir mahnının yaranmasının hər anında iştirak etdim və gördüm ki, bu müddət ərzində bir dəfə də olsun ki, əlimə telefonu almadım.

Yəni sosial şəbəkə aləmində qopuram, artıq mənə ora maraqlı deyil. Musiqidən və mahnı oxumaqdan o qədər zövq alıram ki, zəng gələndə telefonu belə götürmürəm. Ona görə qərara almışam ki, müğənnilik fəaliyyətimi davam etdirəcəyəm.

- Kənardan “varlı qız” obrazındasınız. Sizə baxan düşünür ki, "qaz vurub, qazan doldurursunuz". Bəs, gündəlik xərcləriniz nə qədərdir?

- Mənə görə gündəlik xərclərim çox deyil. Amma başqa bir insan görəndə deyir ki, çoxdur. Mənim üçün artıq bu həyat tərzinə çevrilib. Hər gün restoranlarda yemək yemək, bir ayda bir neçə dəfə özümə yeni geyimlər almaq, idmana, kosmetoloqa, masaja və gözəllik salonlarına getmək adi bir rutinimdir. Bir ayda nəyə pul xərcləyirəmsə, o xərclərimi saymıram və onun fikrini etmirəm. Özümü bu məsələlərdə çərçivəyə də salmıram. Bir sözlə xərclərim çoxdur, az deyil. 


- Müsahibəmizin bu anında oxuyucularımız mütləq sual verəcəklər ki, Aydanın gəliri haradandır?

- Gəlirimin əsas hissəsi sosial şəbəkələrdəndir. Bir çox məhsulları orada influenser kimi reklam edirəm. İnsanlara harada yemək yeməyim, harada əylənməyim, hansı kosmetik vasitələrindən istifadə etməyim və hansı həkimin yanına getməyim çox maraqlıdır. Amma çalışıram ki, yaxşı və keyfiyyətli məhsulları reklam edim və özümün bəyəndiyi və bəh-bəhlə istifadə etdiyim şeyləri insanlarla bölüşüm. Çünki insanların bu mövzuda mənə inamı var. 

- Bir “post”un qiyməti nə qədərdir?

- Qiymət 1000-2000 manat arasında dəyişir. 

- Cəsarətiniz sərhədləri aşır. Söhbət sosial şəbəkələrdə paylaşdığınız açıq-saçıq foto, videolardan gedir. İzləyicilər tərəfindən onlara gələn rəylər nə qədər bəyənmə ilə qarşılansa da bir o qədər tənqid və təhqirlərlə doludur. Amma buna rəğmən sanki siz soyunmağa davam edirsiniz. Aydan niyə soyunur? 

- Mən psixologiya sahəsi ilə də maraqlanıram. Çünki incəsənət aləmində bu sahəni bilmədən fəaliyyət göstərmək çox çətin olar. Bir cümlə oxumuşdum: “Əgər bir insan sənə təhqir yazırsa, o, onun içindəkilərin təzahürüdür. Yəni o söyüşlərin heç birinin sizə adiyyatı yoxdur. Əgər siz ona cavab verirsinizsə, demək o söyüşləri özünüzə yaraşdırıb, aid edirsiniz”.

Ona görə də mən o yazılan təhqir və söyüşlərə əhəmiyyət vermirəm. Bu yay mövsümündən etibarən mənə yazılan o söyüşləri nə görürəm, nə də ki oxuyuram (gülür). O ki qaldı ki, Aydan niyə soyunur məsələsinə, bu çox təsadüfidür. Valideyinlərim məni çox sərbəst böyüdüblər və evdə məni heç zaman sıxmayıblar. Necə istəmişəm, elə də geyinmişəm. Büstqaltersiz həyətə düşə, məktəbə də gedə bilərdim. Bu mənim üçün normal bir şey idi. 

Günlərin bir günü büstqaltersiz adi bir köynəkdə əlimdə kofe, gözümdə eynək şəkil çəkib, sosial şəbəkə səhifəmdə paylaşdım. Düzünü desəm, heç paylaşmaq da istəmirdim. Çünki həmin foto çox sadə idi. Heç ağlımın ucundan belə keçməzdi ki, həmin foto bu qədər “hayp” olar. Gördüm ki, o şəkilə “like”lar və şərhlər dayanmır. Şərhlərdə yazdılar ki, “bunun giləmeyvələrinə baxın”.

Mən bu həyata oyun kimi baxıram. Düşündüm ki, əgər bu tip fotolara insanlar tərəfindən təlabat varsa və bu qədər bəyənirlərsə, niyə də arxası gəlməsin?! 

Hətta gəlib evə anama danışdım. Mən hər zaman belə yaşamışam. Heç nə və bu kimi şeylər mənim türklər demişkən heç “umrumda" da deyil. Hər bir insanın bu dünyaya bir baxış bucağı var. Dedim ki, əgər buna təlabat varsa, bunun beş qatını edəcəyəm. Etdim də... Və hamı məndən danışmağa başladı (gülür).

- Bəs valideyinləriniz bu fotoları görüb, sizi tənbeh etmədilər?

- Anam məndən soruşdu ki, kontentini niyə dəyişdin? Gözəl rəqslər edirdin və s. Eyni məsələləri anama da izah etdim. Söylədim ki, nəsə yenilik etmək lazımdır. Bir yerdə dayanmaq olmaz. Ola bilər ki, bir müddətdən sonra kontentimi dəyişdim və daha başqa nələrsə etməyə başladım. Eyni şeylərdə tez bezən insanam.

- Bəs atanız və ya bacı-qardaşınızın mövqeyi necə oldu?

- Atam rəhmətə gedib. Qardaşım yoxdur. 35 yaşında bir bacım var. O, ailəlidir. Bir övladı var və incəsənətdən uzaqdır. Bizim ailədə hər bir insana şəxsiyyət kimi baxılır və seçiminə hörmətlə yanaşılır. Bu isə ailədə çox mühüm və vacib amildir. Ailəm mənə çox dəstək olur. Belə dəstək isə hər ailədə yoxdur. Mən rahatlıqla evə gəlib öz dərdimi danışıb, ailə üzvlərimlə bölüşə bilirəm. Mənə “olmaz” sözünü demirlər. Onlar öz fikirlərini deyib mənə dəstək olmağa çalışırlar. Bizdə ailədə dost kimi münasibət var. Hətta anamın yaxın rəfiqələri mənə zəng vurub, dəstəkləyib deyirlər ki, “sənə afərin, belə də davam et”. 

- Son zamanlar cəmiyyətdə qadınlar kişilərə “pul qabı kimi” baxır. Sizcə, bu niyə belədir?

- Tam doğru vurğuladınız. Amma düşünürəm ki, kişilər qadınlardan daha çox sevgi istəyirlər. İndi elə zamanədir ki, kişilər düşünürlər ki, qadınlar onlarda var-dövlət, pul, ev, avtomobil istəyir. Qadınlar da düşünürlər ki, kişilər onlardan seks istəyirlər. Ona görə də, onlar arasında münasibətlərdə gərginlik olur. Qadınların da qəlbini çox qıran məqamlar olur. Qadınlar da kişilər də sevgi axtarışındadır. O hüzuru da tapa bilmirlər. Heç kim heç kimə inanmır. Bizim cəmiyyətdə inam azdır. Hamı düşünür ki, qarşı tərəf onu aldadır. Elə bilir ki, ondan istifadə edirlər. 

- Siz kişilərə inanırsınız? 

- Düşünürəm ki, hər bir şeydə inanmaq daha yaxşıdır. Nəinki, özünü gərginlikdə saxlayıb, pislik gözləmək. Balansı saxlamaq lazımdır. Nə çox inanmaq, nə də ki, çox inanmamaq. 

- Sevgiliniz var?

- Yoxdur, təkəm. Subayam! Mən axtarışda deyiləm. Günlərin bir günü türk psixoterapevtin yanına getdim, onunla söhbət etdim. Sual verir ki, necə ola bilər ki, bu qədər gözəl, baxımlı və populyar bir xanımın şəxsi həyatında heç kim yoxdur?

Cavab verdim ki, heç kimi istəmirəm, fikrimi işimə cəmləmişəm. Münasibətə isə zaman ayırmaq, mütamadi telefonla danışmaq, görüşmək, enerji sərf etmək lazımdır. 

O isə cavabında mənə söylədi ki, əsla belə etmə. Çünki sən bütün enerjini kosmosa ötürürsən və belə olan halda kişiləri özündən uzaqlaşdırırsan. Sən fikirlərini 180 dərəcə dəyişməlisən ki, həyatında kimsə olsun. Əgər “mənə kişilər və onlarla münasibət lazım deyil”, - desən, sən nə qədər gözəl olsan da, onlar sənin yanında keçib gedəcək. Ona görə də balansı saxlamaq fikrindəyəm. Həm karyeramı düşünürəm həmdə münasibət qurmağa açığam. 

- Yeni tanışlıqlara açıq yoxsa qapalısınız? 

- Açığam və real ünsiyyəti daha çox sevirəm, nəinki virtual. Yəni telefonla danışıb mesajlaşmaqdansa, real ünsiyyətə daha çox üstünlük verirəm. Real həyatı sevən insanam. 

- Hansı kişilər Aydanı cəlb edir?

- Mənim üçün bir kişinin sarışın, qaraşın və s. olmasının əhəmiyyəti yoxdur. Enerjimiz üst-üstə gəlməlidir, maqnit olmalıdır ki, məni cəlb etsin. Amma xasiyyəti çox önəmlidir. Xasiyyətə daha çox önəm verirəm, nəinki görünüşə. Bir kişinin yaraşığı bir o qədər də önəmli deyil, lakin xarizması mütləq olmalıdır.

Nənəmin hər zaman bir sözü var idi: “kişi gərək kişi olsun”. Mənə deyirdi ki, “kukla” oğlan istəmə. Sən kişi xasiyyətli kişini istə ki, sənə arxa-dayaq olsun. Qazanan və əliaçıq olsun. Kişidə önəm verdiyim xüsusiyyətlərdən biri də yumor hissinin olmasıdır. Həyatımda bir oğlan olub ki, məhz onun yumor hissinə və pozitivliyinə görə münasibətə girmişəm. Çünki mən istəyirəm ki, hər zaman pozitiv əhval-ruhiyyədə olum. Bu isə mənim üçün çox önəmlidir. 


Bir kişinin “mısmırığı” varsa, onunla münasibətim alınmaz. İstəyərəm ki, gələcək həyat yoldaşımın  maddiyyatı məndən qat-qat yaxşı olsun. İstəyirəm ki, onun yaxşı, hətta kifayət qədər yaxşı imkanı olsun və əliaçıq olsun.

İmkanı olub, əliaçıq olmaması məni ondan uzaqlaşdırar. Xəsis insanları sevmirəm. Baxırsan ki, pulu başından aşır, amma oturub 5 manatın söhbətini edir. Belə insanlarla mənimki, əsla tutmaz. Allah göstərməsin, məndən uzaq (gülür).

- Kasıb oğlana ərə gedərsiniz? 

- Xeyr! Elə bir oğlana ərə getmərəm. Çünki mən də zamanında həyatımda bu kimi şeylərdən keçmişəm. Maddi vəziyyəti aşağı olan kişinin beynini yeyərəm. Nələrsə almasını istəyəcəyəm, o da bunu edə bilməyəcək. Və nəticədə o, mənimlə xoşbəxt olmayacaq. “Gündəlik həyat” kimi məsələlər var. Cəmiyyətdə çox ailələrin dağılmasına əsas səbəb də elə budur. 

- Bizim cəmiyyətdə boşananların sayı evlənənlərin sayından daha çoxdur. Aydanın fikrincə, ailələr niyə dağılır? 

- Erkən evliliklər... Təki ailə qurum, ərim olsun fikri. Valideynlər uşaqlarını sıxır ki, tez evlən. Bu kimi məsələrə görə ailələr dağılır. Bizim cəmiyyətdə cütlüklər “təki ərə gedim” üçün evlənirlər. Qadınlara məsləhətim doyunca gəzin, dünyanı görün, başqa mədəniyyətləri tanıyın, insanlarla ünsiyyət yaradın, öz işinizi qurun, öz ayaqlarınızın üstündə durun, ondan sonra ailə qurmaq istəyi gələcək. Məndə hələ ki, bu istək gəlməyib. Təbii ki, məndə istəyirəm nə vaxtsa evlənim. Amma hələ ki belə niyyətim və istəyim yoxdur.

- Aydanı bizim cəmiyyətdə hansı məqamlar qıcıqlandırır? 

- İlk növbədə başqalarının bir insanı geyiminə görə qarşılayıb, müzakirə etmələri. Məsələn model və influenserdir, işinə görə açıq-saçıq geyimlər geyinir və fotolar çəkdirir. Buna görə isə o təzyiqlərə və kənarlaşdırmaya məruz qalır. Bu, qəbulolunmazdır. Bizim cəmiyyətdə açıq-saçıq geyinən insana tərbiyəsiz, əxlaqsız, qapalı geyinənə isə tərbiyəli kimi baxırlar. Bizim əxlaqımız və tərbiyəmiz bizim içimizdədir. 

Yadıma gəlir ki, serialların birinə çəkilmişdim. Orada bir oğlan məni sevir, amma ona üz vermirəm. Yəni, utancaq obrazım vardı. O obrazımı görən insanlar sosial şəbəkə səhifəmə baxıb görüblər ki, mən çimərlik geyimində şəkillər çəkdirmişəm. İnsanlar çox hissəsi bunu görüb, məyus olmuşdular.

Yazırdılar ki, “biz səni ciddi bir qız bilirdik, sən isə çimərlik geyimində açıq-saçıq fotolar çəkdirmisən”. Beyəm elə şəkillər çəkdirəndə tərbiyəsiz və əxlaqsız olursan?! Bu nə düşüncədir axı... Mənə bu fikirlər çatmır. Bizim cəmiyyətdə daha bir qalmaqallı və mübahisəli məsələ var. Kişilərimiz sevdiyi qızla evlənmir. Ailəsi qəbul etmir.
Onlar oğlunu qapalı mühitdə böyüyən, əxlaqlı qızla evləndirməyə çalışır. Amma buna rəğmən oğlan yenə də sevdiyi qızla görüşür. Bu da mənə çatmır ki, sevdiyi qızla bir oğlan evlənə bilmir, nə var-nə var ki, anası və ya cəmiyyət buna nəsə deyib, qarşı çıxar. Özgənin fikri ilə yaşayırlar.

- Yaxın zamanda Aydanın ağlında hansı planlar var?

- Müsahibəmizin əvvəlində söylədiyim kimi, özümü çərçivəyə salmağı sevmirəm. Yaxın illərdə planlarımda Avropaya köçmək var. Bunu çox istəyirəm. Özümü xaricdə “yoxlamaq” istəyirəm. Bundan əvvəl Amerikadan tutmuş, Avropa və İndoneziyaya qədər gedib çıxmışam, amma orada qalıb yaşamamışam. İllər əvvəl Barselonaya getmişdim.

Oranın “vibe”ı məni o qədər cəlb etdi ki, öz-özümə düşündüm: “bax burada yaşamağı çox istərdim”. Sanki, doğma ab-hava hiss elədim. Sanki mən burada nə zamansa yaşamışam. Bu səbəbdən Avropa mənə daha yaxındır. Bu il Avropaya köçməyi planlaşdırıram. Ailəm isə bu qərarıma “nə istəyirsən elə, hansı addımı özün üçün doğru hesab edirsən at” deyir. Deyirlər ki, “təki xoşbəxt ol”.

- Dövlət məmurlarından və ya yüksək vəzifəli şəxslərdən sevgi və evlilik təklifləri almısınız? 

- Nə yalan deyim, sevgi hə, amma evlilik təklifi almamışam. Belə təklifləri indiyə kimi də alıram. Belə təkliflər hər zaman həyatımda var. Bu təkliflər mənə müəyyən insanlar tərəfindən çatdırılır. Onlar tanışlıq mesajları göndərirlər.

Mən bu kimi təkliflərə maraq göstərməmişəm. Müəyyən məsələlər var ki, həyat prinsipimə uyğun deyil. Hər zaman da rədd cavabı verirəm. Amma uyğun olarsa bəlkə “hə” cavabını verərəm. O da mənə çox şəxsi olan məsələlərdir.

- Xarici vətəndaşla ailə qurarsınız?

- Əvvəllər mənə belə sual verəndə “yox” deyə cavab verirdim. Düşünürdüm ki, azərbaycanlı kişidən başqa heç bir xarici kişi ilə evlənmərəm, yaşaya bilmərəm. İndi isə elə düşünmürəm. Yəni qəlbimə yaxın xarici vətəndaş olsa, niyə də onunla həyatımı bağlamayım ki,... Yer kürəsi o qədər böyükdür, niyə özümü çərçivəyə salım və yalnız və məhz azərbaycanlı kişi ilə ailə qurum?! Təbii ki, xarici vətəndaş da ola bilər.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO