Zaqatalalı arıçılar ÇƏTİN DURUMDA – “Son 40 ildə belə az məhsuldarlıq olmayıb” – FOTO

Zaqatalalı arıçılar ÇƏTİN DURUMDA – “Son 40 ildə belə az məhsuldarlıq olmayıb” – FOTO

Hazırda oxunan: Zaqatalalı arıçılar ÇƏTİN DURUMDA – “Son 40 ildə belə az məhsuldarlıq olmayıb” – FOTO

156305

Zaqatalada arıçılıq peşəsinə maraq ildən ilə artmaqdadır. Təsadüfi deyil ki, hazırda rayonda arıçılıqla irili-xırdalı 1400 nəfərdən çox insan məşğul olur.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, arı ailələrinin sayı isə son beş ildə artaraq 40 minə çatıb. Builki mövsüm havaların qeyri-sabit keçməsi səbəbindən arıçılıq üçün çətin bir il olsa da zaqatalalı arıçılar indidən qışa hazırlaşır.

Məqsəd arı ailələrini qarşıdan gələn xəstəlik və sərt qışdan sağlam çıxartmaqdır. Qeyr-sabit hava arı təsərrüfatlarına da təsirini göstərib. Bu il havaların qeyri-sabit keçməsi arıçıların işini bir qədər çətinə salıb, daha doğrusu geçikdirib.

Digər tərəfdən son günlər temperaturun aşağı enməsi də arı ailələrini bir qədər də aqressivləşdirib. Zaqatala Arıçılar Asosiasiyasının sədri Mövləddin Qurbanəliyev bildirir ki, son illər bu sahəyə maraq xeyli artıb. İnsanlar həm öz qidalarını zənginləşdirir həm də arı məhsullarını sataraq ailə gəlirlərini artırır.

Son beş ildə rayonda arıçıların səyi nəticəsində arı ailələrinin də sayının qırx mini ötdüyünü deyən Mövləddin Qurbanəliyev gənc arıçıların bir sıra təlimlərə cəlb olunduğunu bildirir. Zaqatalanın flora və faunası, dağlıq və aran ərazilər, bitki örtüyününü müxtəlifliyi ən əsası isə iqlim şəraiti arıçılıq üçün ən münbit, ən optimal məkanlardan hesab olunur.
Lakin bu il havaların əsasən də arıların nektar toplama dövrü qeyri-sabit hava şəraitinə təsadüf edib. Ağacların çiçəkləmə dövründə havaların yağmurlu keçməsi arıların məhsul toplamasına ciddi təsir göstərib.

Ömrünün 40 ildən çoxunu bu peşəyə həsr edən, bir sözlə arıçılıqla nəfəs alan Səməd Qurbanov ilk dəfədir belə halla qarşılaşdığını bildirir. Təcrübəli arıçı qeyd edir ki, elə arı ailələri olub ki, ondan heç məhsul götürə bilməyiblər. İndi isə qarşıdan qış fəsli gəlir və indidən arıları sərt qışa hazırlamaq lazımdı. Bunun üçün ilk növbədə arı ailələri xəstəliklərə qarşı xüsusən gənələrdən təmizlənməli, eləcə də digər xəstəliklərdən qorunmalıdır.

Belə olmasa, gələn ilə nə arı ailəsi çıxar, nə də məhsul olar. Rus gəlinin təsərrüfatında da bu il məhsul qıtlığı yaşanır. Bu günlər arıçılar qışlamaq üçün arı ailələrini hazırlayır, yemlənməsini, onun müalicəsini aparır, gənə xəstəliyinə qarşı profilaktik tədbirlər görürlər.

Olduğumuz təsərrüfatda arıçılar arasında diqqətimizi rus əsilli soydaşımız Olqa Miloserdeva çəkir. İxtisasca mühasib olan Olqa xanım ilk arı ailəsini gəlin gəldiyi evdə görüb. Əvvəllər arılardan çəkinsə də sonradan onlara bağlanıb və zaman gəlib ki, onun özü, öz arıçılıq təsərrüfatını təşkil edib.

Hazırda oğlanları bu peşəni davam etdirir. Olqa Miloserdeva ilə söhbətdən bəlli olur ki, iki oğlu da bu maraqlı və halallıq sevən peşənin sahibidir. Builki qeyri-sabit hava şəraitinin arıçılar üçün əsl imtahan ili olduğunu deyən Olqa xanım arı ailələrini qışa hazırlamağın vacib olduğunu xüsusi qeyd edir. Məhsul az olsa da ilk dəfə badam balı əldə ediblər.

Zaqatalada qadın arıçılar qrupuna bir neçə ildir rəhbərlik edən Lalə Qurbanəliyevanın təsərrüfatında da bu mövsüm çətin il hesab edilir. Ona görə indidən arıçılar bir araya gəlir, fikir mübadiləsi aparır, məsləhətləşir və qışa ciddi hazırlıq görürlər. Lalə xanım bizi həm də özünün təsərrüfatında yetişdirdiyi arı məhsulları ilə tanış edir.

Burada müxtəlif növ bal məhsulu ilə yanaşı həm də arı məhsullarından hazırlanmış müalicəvi dərmanlara rast gəlmək olar. Lalə xanım bildirir ki, bu il bir tərəfdən sınaq ili olsa da digər tərəfdən onun təsərrüfatı üçün maraqlı il sayıla bilər.

Belə ki, ilk dəfə onun arıxanası badam bağlarında yerləşdirilib və olduqca orqanik badam balı əldə edilib. Həmin balın lobarator müayinəsi aparılıb və keyfiyyətinin, müalicəvi əhəmiyyətinin olduqca böyük olduğu məlum olub.
Qışdan sağ çıxan arı ailələrinin məhsulu da bol olacaq. Zaqatala Arıçılar Asosiasiyasının sədri Mövlədddin Qurbanəliyevin sözlərinə görə hazırda rayonda 1400 nəfər hüquqi və fiziki şəxs məşğul olur.

Bu ilki mövsümün nəticələri arıçıları qane etmədiyindən, baş verə biləcək xəstəlik və hadisələrə hazır olmaq üçün arıçılar vaxtaşırı təsərrüfatlarda olur, fikir mübadiləsi aparır, təcrübələrini bölüşür. Assosiasiya sədri onu da bildirir ki, indidən qarşıdan gələn qış mövsümünə hazırlıq arı ailələrində aparılan profilkatik tədbirlər gələn mövsüm üçün ümidləri artırır.












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO