“Ermənistan ordusu konkret qrafiklə Qarabağdan çıxarılacaq” – Zahid Oruc 

“Ermənistan ordusu konkret qrafiklə Qarabağdan çıxarılacaq” – Zahid Oruc 

Hazırda oxunan: “Ermənistan ordusu konkret qrafiklə Qarabağdan çıxarılacaq” – Zahid Oruc 

156177

“Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi altında ərazi bütövlüyünün, suverenliyinin, müstəqilliyinin tamlığını son 3 ildə gördüyümüz müxtəlif hərbi, siyasi, diplomatik, ən sonda, dünəndən başlayan antiterror hərəkatı ilə tamamlamış olur”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc antiterror tədbirlərinin uğurla nəticələnməsi məsələsini şərh edərkən qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Qarabağda antiterror tədbirləri dayandırıldı


Onun sözlərinə görə bu, gerçəkdən də qəti bir qələbədir:

“Separatizm 100 illər ərzində Qafqazlarda yetişdirilib və formalaşdırılıb. Onun tarixini çox-çox əvvəlki dövrlərə aparmalıyıq. O üzdən qələbəmizin böyüklüyünü qiymətləndirmək çox önəmlidir. Adətən biz illər ərzində məğlubiyyət, sonra onu siyasi təqvimdə qara haşiyəli günlər kimi qeyd etmişik. Bir millətin nəinki təkcə zəfər müharibəsində 44 günə, eləcə də bir günün içində separatizmə son qoyması özü-özülüyündə inanılmaz hadisədir. 

Qardaş Türkiyə kimi güclü bir dövlətin on illər ərzində qlobal güclər tərəfindən yenilənən, silahlandırılan iqtisadi maliyyə üstünlükləri yaradılan PKK yaraqlıları ilə necə antiterror mübarizələrini apardığını görürük.

Bu, sadəcə antiterror müharibəsidir. Yenə də 1978-ci illərdən başlayan proses on milyardlarla dollar, amma on minlələrlə də türk əsgərinin şəhidliyi ilə hələ də sona çata bilmir. Bu, onun sübutudur ki, bir bölgədə və ərazidə, eləcə də lokal coğrafiyalarda baş qaldıran bu cür antidövlət, antimillət və antisülh prosesləri mütləq şəkildə xarici qüvvələr tərəfindən əldə saxlanılır”.

Zahid Oruc əlavə edib ki, Azərbaycan dövləti son 3 ildə müxtəlif resursları səfərbər etdi:

“Böyük Qayıdışın əsaslarının hazırlanması, infrastruktur tədbirləri, quruculuq işləri, beynəlxalq danışıqlar, Azərbaycanın hazırki qlobal dünyada məlum çağırışlar fonunda, xüsusilə də Rusiya -Ukrayna savaşındakı doğru davranışları, strateji mənada dünyanın əsas tendensiyalarını düzgün bilməsi, ona adekvat siyasət yürütməyi bacarması, eləcə də bloklara qoşulmaması ən sonda bu gün elan olunan nəticlərə gətirib çıxardı.

Ona görə də bunu təqvim anlamında bir gün, amma bütövlükdə Ulu öndərdən başlayan və İlham Əliyev tərəfindən uğurla davam etdirilən 30 ilin siyasi, diplomatik və iqtisadi müharibəsinin, ən sonda isə hərbi savaşının nəticəsi hesab edirəm”. 

Zahid Oruc qeyd edib ki, sabah keçiriləcək görüş ilk növbədə oradakı 10 minə qədər silahlının müəyyən bir hissənin konkret qrafik əsasında Qarabağdan çıxarılması ilə bağlı real müddəalar və şərtlərlə nəticələnəcək:

“İkincisi, texnikanın və silahların oradan götürülməsi ən önəmli məsələlərdəndir. Diqqət etsəniz, sənəddə “zərərsizləşdirilməsi” yazılıb. Bu, hansı formada aparılacaq? Yəqin ki, şərtləri də yenə qalib tərəf olan Azərbaycan diktə edir. Azərbaycan milləti bu şəraitdə ruhən dövlətinin, Ali Baş komandanının və ordusunun yanında idi. Müharibə vəziyyəti elan etmədən gerçəkdən də lokal ərazidə hərbi kontingentin həyata keçirdiyi tədbirlərlə bu qələbəni əldə etmiş olduq. 

Bundan sonra separatçı rejimin ləğvi ilə Azərbaycanın bütün coğrafiyası üzərində onun konstitusuon quruluşunun bərqərar olması reallaşmalıdır. Qeyd edim ki, Konstitusiyanın 94-cü maddəsi silahlı qüvvələrin vahidliyini təsdiq edir. Bu o deməkdir ki, bir ölkədə bir bayraq altında yalnız bir ordu ola bilər.

Bizdə isə özünü ordu elan edən guya qələbəni Ermənistan deyil, özü qazandığını iddia edən və Qafqazın ən güclü məkanı adlandıran, amma ən güclü ordusu ilə öyündüyünü söyləyən qüvvələrin bir günlük canı olduğu göründü. 

Birinci şərt bir millət, bir dövlət və bir ordu olaraq bərqərar olmalıdır. Antiterror hərəkatın ən böyük ideologiyası, məramı həm də bir dövlət və bir rəhbər prinsipidir. Yevlaxa tank və topla, Bakıya isə qalibiyyət yürüşü ilə gələcəklərini bəyan edənlər indi 30 il əvvəlki o köçkünlərin yaranması mənzərəsi ilə parallelərini formalaşdırırlar”. 

Zahid Oruc vurğulayıb ki, ən önəmli məsələlərdən biri də Böyük Qayıdışın dayanıqlı və təhlükəsiz şəkildə bərqərar olmasıdır:

“Ən prinsipial və yekun orada yaşayan, hətta Azərbaycan dövlətinə qarşı çıxmış, amma ağır cinayətlər törətməmiş sadə ermənilər bu əsarətdən xilas olmuş olurlar. Onlar başa düşəcəklər ki, o ordu ki, indi artıq tərksilah edildi, onları qorumaq üçün deyildi, əksinə zərbə gətirirdi. Əgər sən bu dövlətin bir parçasına çevrilmək və vətəndaşlıq qazanmaq istəyirsənsə, əlbəttə ki, inteqarsiyanın müəyyən bir zamanı olacaq. 

Qəti bir şəkildə  xüsusi bir status, özəl bir səlahiyyətlər çərçivəsində oluna bilməz. Düşünürəm ki, sabahkı müzakirələrdə bu məsələlər də irəli sürüləcək ki, həmin qüvvələrin sosial durumu, təhsil vəziyyəti necə yoluna qoyulacaq. Separatizmin sonuncu dayağı qaz verilişi, elektrik enerjisinin Ermənistandan gəlməsi , 360 milyon dollar da Ermənistan büdcəsindən verilən vəsiatlər idi. Əslində o investisiyalar separatizmə, dümənçiliyə və işğala sərf olunurdu. Bu da aradan qalxmış olacaq”. 

Zahid Oruc tarixi təqvimi və qələbəni həm də Minsk müqaviləsinin bağlandığı günlə əlaqələndirib:

“Bu, haqlı olaraq əsrin müqaviləsinə və qələbəsinə kimi epitetlərə səbəb olub. Əminəm ki, bunun dəyərləndirilməsi insanlarımız tərəfindən zaman alacaq. Elə o Minsk müqaviləsi də ordumuzun qurulması və iqtisadiyyatımızın dirçəlməsində böyük rol oynamışdı. Bu millət regionda bu qələbələrin qalıcı və davamlı sülhə səbəb olacağına inanır”. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO