Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətlərə şahid olmaq üçün Bakıda akredatsiyadan keçən beynəlxalq media və diplomatik korpus nümayəndələri Bərdə və Tərtərdə olublar.
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Bərdədə gördüklərindən dəhşətə gəldiyini bildirib. Bizim.Media-ya açıqlamasında deyib ki, Ermənistanın terror hərəkətləri və miqyası Pakistan dövlətinin hiddətinə səbəb olub:
“Mən bu hadisələrdən kədərlənirəm, Ermənistanın dinc əhaliyə qarşı törətdiyi cinayətlər cavabsız qalmamalıdır”.
Bilal Haye onu da bildirib ki, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan belə amansızlıqla istifadə etmək müharibə cinayətidir:
“Onlar dinc sakinlərdir. Müharibənin baş verdiyi ərazidən kənarda yaşayırlar. Terror hadisəsindən sonrakı mənzərə məni çox üzdü. Gəncə və Bərdədə erməni terrorunda dünyasını dəyişənlərə rəhmət, yaralılara isə şəfa diləyirəm. Mənimlə yanaşı burada Çexiya, Ukrayna, Bolqarıstan, Cənubi Koreya, Özbəkistan, Meksika və digər ölkələrin səfirləri və nümayəndələri iştirak edir. Biz öz gördüklərimizi təcili şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdıracağıq”.
Gülşanə Mustafayeva, Bizim.Media