31 ildən sonra:

31 ildən sonra: "Gözümüz yollardan yığılar"

Hazırda oxunan: 31 ildən sonra: "Gözümüz yollardan yığılar"

151481

Avqustun 1-dən 15-dək Şuşa həbsxanası ərazisində aparılan qazıntı işləri zamanı aşkar edilən 17 insan qalığından 15-nin şəxsiyyəti artıq məlum olub. Həmin 15 nəfər insan sümüklərindən birinin Xaçmaz rayonunun Kiçik Baraxum kəndindən olan Adil Kamal oğlu Niftəliyevə məxsus olması müəyyənləşib. Bu barədə ötən gün əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov məlumat yayıb.

Bizim.Media Xaçmaz rayonunun Kiçik Baraxum kəndində Niftəliyevlər ailəsində olub. Ailə hazırda ağır olsa da sevinc içərisindədir. 31 ildən sonra qardaşları Adilin qalıqlarının tapılmasından çox təsəlli tapdıqlarını deyirlər. Adil Niftəliyevin böyük bacısı Qızılgül Niftəliyeva qardaşının çox vətənpərvər olduğunu, onun Bakıda işləyərkən azadlıq hərəkatına qoşulduğunu, ermənilərin Qarabağda törətdiyi qırğınlara qəti dözmədiyini deyib.   

Bildirdi ki, "Milli Ordunun yaranmasında fəal iştirak edib və Qarabağa könüllü gedib."

Niftəliyevlər ailəsinin üzvləri deyir ki, 3 il əvvəl onların hamısından DNT analizi götürülüb.Üç ildir ki, analizin cavabını səbrsizliklə gözləyirdilər. Adilin böyük qardaşı Rafiq Niftəliyev deyir ki, indi gözümüz yollardan yığılar, biz indiyədək onun sağ və ya ölü öldüyü barədə heç nə bilmirdik. Şükürlər olsun ki, onun qalıqları tapıldı. Qalıqlar bizə təhvil veriləndən sonra onu kənd məzarlığında valideynlərimizin yanında dəfn edəcəyik.   

Adilin kiçik bacısı Zəminə Niftəliyeva qardaşı gedəndə özünün 12 yaşı olduğunu deyir:

"Adil Bakıda işləyəndə hər həftə sonu kəndə gəlirdi. Hər dəfə də başqa-başqa paltar geyirdi. Sonuncu dəfə mənə avtobusda kəndə gələndə boynumu qucaqlayıb dedi ki, mən sizləri qorumaq üçün gedirəm" Niftəliyevlər ailəsi itkin düşmüş insanların qalıqlarını tapıb aşkar edən bütün dövlət orqanlarına öz minnətdarlıqlarını bildirib.  

Qeyd edək ki, Adil Kamal oğlu Niftəliyev 24 iyul 1966-cı ildə Xaçmazın Kiçik Baraxum kəndində doğulub. Başqırdıstanda hərbi qulluq keçib.Əsgərlikdən sonra Bakının Biləcəri qəsbəsində dəmiryol stansiyasında lokomotiv depoda maşinist işləyib.Qarabağa könüllü gedib. Subay idi. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatında iştirak edib. Ondan sonra barəsində heç bir xəbər olmayıb. İndi Niftəliyevlər ailəsi 31 illik gözləmədən sonra qardaşlarının doğulduğu kənddə torpağa tapşırılacağını səbrsizliklə gözləyirlər.   



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO