Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində asfalt üzərində qeyri-peşəkar formada çəkilmiş dairənin müzakirələrə səbəb olduğunu xəbər vermişdik. Sosial şəbəkə istifadəçiləri tərəfindən çəkilən görüntülərdə asfaltdan silinən dairəvi yolayrıcını nəzərdə tutan sarı tor və digər nişanlanma xətlərinin yerinə sanki kustar üsulla cizgi çəkilmişdi.
MÖVZU İLƏ BAĞLI:
Bakıda yol nişanı kimi çəkilmiş dairə gülməli vəziyyət YARATDI – Yol polisi səbəbkarı AXTARIR – VİDEO
Avtomobillərin çoxu isə həmin dairə boyu dövrə vuraraq hərəkət edir. Dairənin sanki həyətdə oynayan uşaqlar tərəfindən çəkildiyi, gülməli vəziyyət yaratdığı qeyd olunmuşdu. Belə aydın olur ki, dairəvi hərəkətin təşkil olunduğu yolayrıcında sarı tor və digər nişanlanma xətləri silinib. Əvəzində qeyri-peşəkar formada sözügedən cizgi çəkilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) görüntüdə əks olunan dairənin cizgisinin onlar tərəfindən təşkil edilmədiyini açıqlamışdı.
Həmçinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən də məsələnin araşdırılacağı bildirilmişdi.
10 gündən çox vaxt keçsə də, müvafiq qurum tərəfindən nəzarətə götürülən bu məsələ ilə bağlı hər hansı məlumat verilmir. Üstəlik məsuliyyət yaradan bu əməl sahibi və ya sahiblərinin, eləcə də qurumların aşkarlanması istiqamətində yenilik yoxdur.
Məsələ ilə bağlı yenidən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli Bizim.Media-ya açıqlamasında o məsələnin bitdiyini və mövzunun bağlandığını bildirib:
“O məsələyə izah verdilər. Ta, o məsələ bitdi, getdi...Gedib oranı, deyəsən, rəngləyib düzəldiblər”, - deyə qurum rəsmisi əlavə edib.
Nəticə etibarilə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində asfalt üzərində qeyri-peşəkar formada çəkilmiş dairənin sahibi məlum olmayıb. Yol hərəkəti qaydalarına zidd və həm də məsuliyyət yaradan əmələ görə cəzalandırılmanın olmaması isə təəssüf doğurur.
Alçina Amilqızı, Bizim.Media