Ana dilimizi nə qədər qoruya BİLMİŞİK?

Ana dilimizi nə qədər qoruya BİLMİŞİK?

Hazırda oxunan: Ana dilimizi nə qədər qoruya BİLMİŞİK?

148944

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Təbii ki, dil hər bir xalqın milli kimliyidir. Dünyada yüzlərlə xalq var. Ancaq yalnız 190-a qədər xalqın dili rəsmi dil kimi tanınır. Nə xoşbəxtik ki, həmin rəsmi dillər arasında bizim Azərbaycan dili də var. 

Bəs, Ana dilimiz bu gün lazımı səviyyədə qorunub, inkişaf etdirilirmi?

Suala cavab tapmaq üçün ilkin olaraq Xalq yazıçısı, Millət vəkili Sabir Rüstəmxanlının fikirlərini öyrəndik. 

O Bizim.Media-ya açıqlamasında bildirdi ki, Ana dilimizin qorunub inkişaf etdirilməsi ilə məşğul olan AMEA-nın müvafiq institutları, digər elmi təşkilatlar və dilin qorunması ilə bağlı Dövlət Komissiyası da var:
 

MÖVZU İLƏ BAĞLI:

“Ana dilimizə konservativ münasibət bizim xeyrimizə deyil” - QİSMƏT 


“Bununla belə Ana dili elə bir ciddi məsələdir ki, ona hər kəs həssaslıqla yanaşmalıdır. Mən dilimizlə bağlı yüzlərlə məqalə yazmışam. Həmçinin, Azərbaycan dil qurumunun başqanıyam. Lakin, nə qədər desək də, yazsaq da dilimizlə bağlı problemlər hələ də qalmaqdadır. Bunun da tək səbəbi bir millət kimi Ana dilimizin qorunması üçün səfərbər ola bilməməyimizdir. 

Hər bir insan evdən çıxanda geyiminə fikir verdiyi kimi gərəkdir ki, danışanda da səliqəli görünməsinə diqqət yetirməlidir.

Çox təəssüf ki, bəzi soydaşlarımız geyiminə qarşı məsuliyyətli olduğu qədər danışığına və dilinə məsuliyyətli olmur. 30 ildən çoxdur ki, müstəqil dövlətik. Hələ də küçədə-bazarda və hətta rəsmi yerlərdə rus dilində danışanlara rast gəlirik. 

Bu sahədə ən bərbad vəziyyət televiziyalardadır. Efirə çıxanlar sanki qəsdən yabançı sözlər işlədirlər. Bu hərəkətləri ilə özlərinin daha savadlı olduğunu göstərmək istəyirlər. İnsan 5-6 əcnəbi dil bilə bilər. Amma əsas məsələ o insanın öz Ana dilində necə danışmasıdır. 

Telekanallarda yayılan serialların dili bərbad gündədir. İnsanları güldürmək üçün efirə ləhçə və yabançı ifadələr gətirirlər. O dəfə televiziyaların birində subtitrlərə baxıram. Nə gündədir… Yazılanla danışılan arasında heç bir əlaqə yoxdur”. 

Sabir Rüstəmxanlı digər bir vacib məqama da toxunub:

“Ölkəmizin reklam dili də bərbad vəziyyətdədir. Çox asanlıqla əcnəbi ifadələr reklamda səsləndirilir. Baxan yoxdur. Hər məsələyə dövlət müdaxilə etməməlidir. Dili cəmiyyət özü qorumalıdır. Hər bir şəxs Ana dilini səlis bilməsi ilə fəxr etməlidir. Təəssüf ki, bu belə deyil. Hər kəs uşağını əcnəbi dildə təhsil almasına o dildə daha səlis danışmasına çalışır. Mən xaricdə olarkən Azərbaycanlı diplomatlarımızı görmüşəm ki, Ana dilində danışa bilmir. Bəs, onlar özlərini və milləti necə təqdim və təmsil edirlər?”

Millət vəkili bir məsələ barədə təəssüfünü ifadə edib:

“Pis haldır ki, işə götürənlər gələcək işçidən neçə dil bildiyini soruşur. Amma Ana dilimizi necə bildiyini soruşub, maraqlanan yoxdur. Arada bu vatsap quruplarına baxıram və xəcalət çəkirəm. Bəzi özündən deyən soydaşlarımız nəinki, öz dilimizdə danışa bilmir, hətta latın qrafikası ilə yaza bilmirlər. Halbuki, 30 ildir ki, biz latın əlifbasına keçmişik. Ən pisi də odur ki, öz Ana dilini və əlifbasını bilməyənlər durub insanlar ağıl vermək istəyir, milli dəyərlərdən danışırlar. Çox təəssüf…”

Millət vəkili Fazil Mustafa isə bildirib ki, dili qorumaq deyə bir qayda yoxdur: 

“Əksinə dil inkişaf etdirilməlidir. Dilin inkişafı üçün fəlsəfə, texniki elmlər inkişaf etməlidir. Müstəqil dövlət kimi öz dilimiz var. Kimsə dövlət dilindən az, kimisə də çox istifadə edir. Amma bütövlükdə Ana dilinin qoruyucusu Konstitusiya və Dövlətdir. Ona görə də rəsmi sənədləşmə də bu dildə aparılır. 
Kiminsə hansısa əcnəbi dildə danışması Ana dilini sıradan çıxartmır. Dili sıradan çıxaran fəlsəfənin, ədəbiyyatın və bütövlükdə elmin inkişaf etməməsidir. Dilin hüdudlarını açmaq lazımdır. Çünki, dilə zaman-zaman yeni terminlər, ifadə vasitələri daxil olur. Bunun hesabına da dil inkişaf edir. Bu günün Azərbaycan dili və Əlifbası günü olması bu məsələyə daha diqqətli olmağımızı vacib edir. Bu həssaslıq olmasa dilin inkişafından da danışmaq olmaz”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO