“Meyxanada tənqid olunan məsələləri mən də tənqid edirəm. Başqalarının deməsinə ehtiyac yoxdur. İnsanlar var ki, tərbiyədən kənar tənqid və təhqir edirlər. Onlar boş-boş danışırlar. Onların isə cavabını yazıçı Həmid Hərisli çox gözəl verib – “Siz meyxanaya məğlub olmusunuz”. Bunu isə etiraf etməlisiniz. Məğlub olanlar hansı ki, öz işlərində və sahələrində irrəlləyə bilmirlər – beyin və düşüncə yoxdur, düşünürlər ki, kitab oxudum bəs etdi, onlar çox haqsız danışırlar”.
Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “Sözbaz” maqazin verilişinə müsahibəsində deyib.
Söz xiridarı bildirib ki, ömür boyu meyxananı pisləyən sənət adamları indi onlardan mahnı istəyir:
“Sənət adamları var ki, hansılar ki, ömür boyu meyxananı pisləyiblər, bu gün isə meyxanaçılara söz yazdırırlar. Çünki görürlər ki, onlar gündəmin nəbzini tuta bilirlər. Mən bunun şahidi olmuşam”.
Qaraçuxurlunun sözlərinə görə, Xalq artisti Faiq Ağayev illərdir ondan mahnı istəsə də, lakin zamanının az olduğundan bu işi sonuna çatdıra bilməyib:
“Məndən çox sayda müğənnilərimiz var ki, söz və mahnı yazmağımı istəyirlər. Onlar arasında Xalq artistləri də var. Çox uzun müddət bundan əvvəl belə bir qərara gəldim ki, heç kimə söz verməyim, çünki zamanım olmur, öz mahnılarım telefonumun diktofonunda “yatıb-qalır”. Onlara söz yaza bilmirəm. Elə mahnılar var ki, nəqarəti hazırdır, düzəldə bilmirəm. Bir neçə il əvvəl Xalq artisti Faiq Ağayevə söz verdim ki, ona mahnı yazacam. Amma illərlə onu gördüyümdə, qaçıb gizlənirdim ki, yalançı çıxmayım. Ondan sonra anladım ki, çiynimə yük götürürəm, amma sonra çabalıya-çabalıya qalıram ”.
Rəşad Əliyev, Bizim.Media