"Ötən ilin fevral ayında Azərbaycan prezidenti ilham Əliyev tərəfindən "Taksi fəaliyyətinin təkmilləşdirilməsi" ilə bağlı müvafiq Fərman imzalandı, ardınca isə Baş nazir Əli Əsədovun bu məsələ ilə bağlı sərəncamı oldu. Bu sənədlər Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutur".
Bu sözləri Bizim.Media-ya açıqlayan yol-nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, sonradan proses elə məcraya yönəlib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bütün ölkə üzrə tənzimləmə aparmaq üçün layihə hazırlamağa məcbur olub:
"Layihə sonradan həm Milli Məclisdə qəbul olundu, həm də normativ-hüquqi aktlar kimi Nazirlər Kabineti tərəfindən təsdiq edildi".
Prosesin mərhələli şəkildə həll olunacağını deyən ekspert, bəzən insanların nəzərinə çarpan ilk problemin qiymətlərlə bağlı olduğunu vurğulayıb:
"Buna görə digər məsələlər arxa plana keçir. Halbuki, bütün sosial şəbəkələrdə insanların əsas narazılıq etdiyi məsələlərdən biri, taksi sürücüləri tərəfindən müştərilərə qarşı qeyri-etik davranışlarla bağlıdır. Xüsusilə də qadınlara və qızlara qarşı pis hərəkətlərə yol verilir. Onlara söz atır, iyrənc təkliflər edir və telefon nömrələrini istəyirlər. Onlardan cavab almadıqda isə mənsub olduqları şirkətdən götürdükləri telefon nömrələrinə zəng edir, mesajlar yazır, görüşə, yaxud da harasa dəvət edirlər".
Müsahibimiz, digər problemin isə sürücülərin özlərinin iş və istirahət rejimləri ilə bağlı olduğunu diqqətə çatdırıb:
"Bəzi vətəndaşlar belə hesab edirlər ki, sürücü quldur və bütün günü işləməli, 2 və ya 3 manata onu istədiyi yerə çatdırmalıdır. Axşam isə özü bilər, istər evinə ac, istərsə də tox getsin. Axı, onlar da cəmiyyətimizin bir üzvüdürlər və müəyyən səbəblərdən, sosial problemlərdən və işsizlikdən bu işlə məşğul olurlar. Bəziləri isə tənbəllikdən bu işə qoşulur, başqa yerdə iş ola-ola taksi sürücüsü kimi işləməyə can atırlar, çünki bu iş onlara daha asan görünür. Ancaq bu o demək deyil ki, onları hər şeydən uzaqlaşdırmalı və onlara qul kimi baxmalıyıq. Əslində isə ictimai naqliyyat sahəsinin bir qolunun təmsilçiləridirlər və onlara belə münasibətlər yolverilməzdir. Onu da nəzərə alaq ki, onlar özlərini işlə təmin etmiş şəxslər sayılır. Dövlətin də borcudur ki, əvvəlcə onlara fəaliyyət göstərmək üçün şərait yaratsın, sonra isə cərimələrə və digər məsələlərə keçsin. Amma taksi fəaliyyəti xidmət sahəsi olduğu üçün, nizamlama və tənzimləmə işləri aparılmalıdır. Hər yoldan keçən bərbər, dərzi, tibb bacısı və ayaqqabı ustası ola bilmədiyi kimi, taksi sürücüsü də ola bilməz. Onlar müəyyən təlimlərdən keçməli və biliklər əldə etməlidirlər. Düzdür, onların çoxu sosial vəziyyətləri ağır olduğu üçün taksi sürməyə məcbur olurlar, amma bu o demək deyil ki, hamı taksi sürsün. Bu qədər xaos və boşluq yaranmamalı, qarşısı alınmalıdır”.
Qeyd edək ki, bu günlərdə Dövlət Statistika Komitəsi açıqladığı aylıq hesabatında, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma qiymətinin bahalaşdığını bildirib. Bundan başqa, iyulun 14-də Milli Məclisin iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna yeni dəyişikliklər edildi və taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları məyyən edilib.
Burada taksi qiymətinin tənzimlənməsinin nəzərdə tutulduğunu söyləyən E.Muradlı, qiymətlərin çox ucuz olduğunu diqqətə çatdırıb:
"Bu gün Bakıda 70 mindən çox taksi sürücüsü var. Onların iş və istirahət rejimləri yoxdur. Gündə ərzində hamı kimi 8-9 işləyərək, normal qazanc əldə edə və evlərinə gedə bilərlər. Ancaq kiminsə rahatçılığı və avtobus qiymətinə taksidən istifadə etməsi üçün gecə-gündüz bilmədən daha çox işləməyə məcbur olur. Bəziləri deyir ki, bu yaxşı idi və 2 manat manat istıdiyim yerə gedə bilirdim. Əgər həmin şəxs hər yerə, hətta evinə rahat gedə bilirsə, niyə sürücü bu rahatlığı əldə etməsin və vaxtında evinə getməsin!? Bu baxımdan da yanaşmala belə səviyyədə olmamalı və dəyişməlidir. Başqa çıxış yolu qalmayıb. Taksi fəaliyyəti elə bir sahədir ki, burada sürücü də, sərnişin də, hətta cəmiyyət də narazıdır".
Rövşən Ziya, Bizim.Media