Göyçayda 44 günlük Vətən müharibəsinin şəhidi Eldar Şirinovun adını daşıyan küçənin açılışı olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Göyçay rayonun Çərəkə kəndindən olan Eldar Şirinovun adını daşıyan küçənin açılış mərasimi olub.
Rayonun küçələrindən birinə verilən şəhidin adının açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi, polkovnik Pərviz Feyzullayev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri və iştirakçıları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər.
Açılış zamanı tədbir iştirakçıları 2020-ci ilin sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışıb, onların əziz xatirələrinin unudulmayacağını vurğulayıblar.
Sonra şəhidin ailə üzvləri küçənin girişində yerləşdirilmiş xatirə lövhəsinin üzərindən ağ örtüyü götürüblər. Şəhidin ailə üzvləri Eldar Şirinovun xatirəsinə göstərdikləri ehtirama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Bizim.Media, Aran bürosu