“Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun “Taxıl sazişi”ndən çıxmaq istəməsi ilə bağlı verdiyi son açıqlaması Kremlin əslində ərzaq məsələlərində həyata keçirdiyi şantaj siyasətinin davamıdır. Bəhanələri də odur ki, “Taxıl sazişi”nin Rusiyaya aid olan hissəsi işləmir”.
Bu sözləri Bizim.Media saytına açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, “Taxıl sazişi” ilə bağlı yaranan problemin Azərbaycanla heç bir əlaqəsinin yoxdur.
MÖVZU İLƏ BAĞLI:
Çəkisi az, dadı yox... – “Keyfiyyətsiz çörək istehsal edən sexlərin adları açıqlansın”
Ekspert fikrini belə əsaslandırdı ki, hökumət taxılla bağlı daxili tələbatını Qara dəniz vasitəsi ilə deyil, daha çox Qazaxıstan və Rusiya vasitəsilə əldə edir:
“Qazaxıstandan Xəzər dənizi üzərindən, Rusiyadan isə dəmiryolu vasitəsilə Sevastapol vilayətindən gəlir. Bir neçə gündür dünya bazarında taxılın qiymətində baş verən bahalaşma əvvəlki pik nöqtəyə çatmasa da, Azərbaycanın xaricdən aldığı taxılın idxal qiymətinə də təsir edir”.
Son zamanlarda hən dünya bazarında, həm də Azərbaycanda müəyyən əks proseslərin baş verdiyini söyləyən N.Cəfərli bildirdi ki, bunun sayəsində də ölkəmizdə bir qədər ucuzlaşma baş verdi:
“Rusiya-Ukrayna müharibəsi yeni başlayan vaxtlarda bazarlarda mənfi reaksiyaya səbəb oldu və qiymətlər xeyli artdı. Ancaq sonradan taxılın qiyməti 30 faiz aşağı düşdü. Bu da Azərbaycan bazarına da təsir etdi, unun və digər taxıl məhsullarının qiymətində enmələr baş verdi. Hətta zavod çörəyinin qiyməti 5 qəpik ucuzlaşdı”.
Onun dediyinə görə, əgər bahalaşma tendensiyası yenidən başlasa, ölkəmizdə unun və çörəyin qiymətləri təkrar qalxa bilər:
“Bu da onunla əlaqəlidir ki, ölkəmizin əmtəəlik buğda istehsalı daxili tələbatın cəmi 25 faizini təmin edə bilir. Yerdə qalan 75 faizi isə xaricdən idxalın hesabına əldə edilir. Dünya bazarında qiymət dəyişikliyi baş verən kimi, bizdə də bahalaşma baş verir”.
Rövşən Ziya, Bizim.Media