Hələ də sürüşmə davam edən Muğanlı-İsmayıllı yoluna nə qədər VƏSAİT XƏRCLƏNİB? – ARAŞDIRMA 

Hələ də sürüşmə davam edən Muğanlı-İsmayıllı yoluna nə qədər VƏSAİT XƏRCLƏNİB? – ARAŞDIRMA 

Hazırda oxunan: Hələ də sürüşmə davam edən Muğanlı-İsmayıllı yoluna nə qədər VƏSAİT XƏRCLƏNİB? – ARAŞDIRMA 

144297

Muğanlı - İsmayıllı yolunda sürüşmə təhlükəsi hələ də qalır. Yolu sürüşmə təhlükəsindən xilas etmək üçün aidiyyəti şəxslər xüsusi metodlar düşünməyə başlayıblar. 

Xatırladaq ki, bir-neçə  gün əvvəl Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci km-də aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda çökmə baş verib.

Köməkçi yolda qeydə alınmış bu hadisə əsas yol üçün də bənzər risk yaradıb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən bu yolun inşasına 2021-ci ildə başlanılıb. Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin ilk 14 km-lik hissəsi geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi hesab olunduğundan bura daha çox diqqət ayrılması nəzərdə tutulub.

Hətta 2020-ci il iyulun 29-da Prezidenti İlham Əliyev Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi ilə tanış olarkən sürüşkən ərazilərdə tikinti işlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlarını verib. 

Görünən dağa isə nə bələdçi? 

Nədənsə sürüşmənin baş verməməsi üçün nə önləyici tədbirlər görülüb, nə də riski gözə alacaq dayaq nöqtələrindən və ya xüsusi metodlardan istifadə edilib. Ehtimal ki, yolun uzunömürlü və davamlı olması üçün sürüşməyə qarşı tədbirlər olaraq svay istinad divarları, drenaj sistemlərinin tikintisi və digər mühəndis işləri də aparılmayıb. Halbuki layihənin inşası 9 bal seysmikliyi nəzərə alınmaqla hesablanıb. 

Bəs, təməli zəif qurulan və iş yekunlaşmamış çökən Muğanlı- İsmayıllı yoluna nə qədər vəsait ayrılıb? 

Bizim.Media-nın araşdırmasına görə hələki yekunlaşmamış layihə üçün AAYDA-ya 23 milyon 600 min manat vəsait ayrılıb.  

Ayrılan vəsaitin aidiyyəti üzrə nə qədər xərclənməsi məlum olmasa da, Muğanlı-İsmayıllı-Qəbələ yolunda işlərin 31 %-i tamamlanıb. 

2025-ci ildə yekunlaşdırılması nəzərdə tutulan və dövlət başçısının xüsusi tapşırığı ilə hazırlanan layihənin icrası üçün 2018-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,8 milyon manat ayrılıb. 

Ardınca, 2019-cu ildə Prezident İlham Əliyev İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında növbəti sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, 3 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Sözügedən yolun inşasına ölkə başçısı tərəfindən növbəti vəsait 2020-ci ildə ayrılıb. Bu dəfə Prezident İlham Əliyev Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Yeni körpünün tikintisi məqsədilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,0 (on beş) milyon manat ayrılıb.

Elə həmin il ölkə başçısı Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı–Qəbələ hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov layihə üzrə görüləcək işlər barədə ölkə başçısına məlumat verib. 

Bildirib ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin bundan əvvəlki səfəri zamanı verdiyi tapşırığa əsasən layihələndirilib. 

Prezident İlham Əliyev isə öz növbəsində yolun uzunömürlü və davamlı olması, sürüşkən ərazilərdə tikinti işlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı ciddi tapşırıqlarını verib. 

Məlumat üçün bildirək ki, Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən qurulması və ya yeni magistralın müəyyənləşdirilməsi məqsədilə ilkin layihə planının hazırlanması istiqamətində də iş aparılıb. 

Belə ki, AAYDA  yerli layihəçilərlə birgə ilkin layihə variantlarının hazırlanması, mükəmməl layihə planlaşdırılmasının həyata keçirilməsi üçün analoji ərazilərdə yol, körpü, tunel, mühəndis qurğuların layihələndirilməsi təcrübəsinə malik olan Avstriyanın “Ste.p ZT GmbH” mühəndislik bürosunun nümayəndələri ilə işgüzar görüş keçirib və müzakirələr aparıb. Nəticədə ilkin layihə planının variantlarının işlənməsi ilə bağlı geoloji və geotexniki tədqiqatların (yolun keçəcəyi güzərgahın müəyyənləşdirilməsi, ərazinin geoloji şəraitinin və dinamikasının öyrənilməsi üçün sondaj quyularının qazılması və sair) aparılmasına qərar verilib.

“Ste.p ZT GmbH” Avstriyanın ən məşhur və ən böyük tikinti-mühəndislik şirkətlərindən biridir.

Şirkət 70 illik təcrübəyə əsaslanmaqla hər hansı bir layihənin reallaşdırılması üçün tələb olunan bütün layihə-planlaşdırma xidmətlərinin həyata keçirilməsi üçün geniş imkanlara malikdir.
Onu da əlavə edək ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə bağlı layihənin icraçısı - “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzidir. 

Bir sözlə AYDA 3 ilə yaxındır ki, sözügedən layihənin icrası ilə məşğuldur. Bu illər ərzində işlərin yalnız 31 faizi görülüb. İsmayıllı-Muğanlı yolunun inşası ilə bağlı dünyanın nəhəng şirkətinin təcrübələrindən də yararlanıb. Nəticə isə göz qabağındadır. 

Onu da qeyd edək ki, AAYDA-nın təcrübəsində analoji hadisə bundan əvvəl də bir neçə dəfə yaşanıb. Bu ilin mayında  8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsindən, üzü mərkəz istiqamətinə gedən yolun bir hissəsində çökmə olub. Təmir-bərpa işlərindən sonra yaranmış problem aradan qalxıb.  

Başqa bir hadisə 2019-cu ildə Sumqayıtda “Dejurnu” adlanan ərazidəki  Kamran Hüseynov küçəsində baş verib.

Yolun bir hissəsi il ərzində dəfələrlə çöküb. Bir neçə dəfə bərpa edilsə də, yol yenidən çöküb. Həmin ərazi müvəqqəti olaraq daşla doldurulub və çökən hissənin ətrafı lentlənib.

Elə həmin ildə digər hadisə də yaşanıb. Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus kanalizasiya kollektorunda qəza baş verib. Nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb.

Daha bir belə hadisə 2018-ci ildə Şəmkirdə qeydə alınıb. 2017-ci ildə əsaslı təmir olunaraq istismara verilən Şəmkir - Yeni Göyçə - Dağ Cəyir avtomobil yolunda çatlar əmələ gəlib. Sonradan həmin çatlar doldurulub.
Bənzər hadisə 2016-cı ildə də baş verib. 20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən və o dövrdə yenicə istifadəyə verilən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb.

Bu cür nümunələrin sayını artırmaqla bitməz...

Ümid edirik, yollarımızın bundan sonrakı taleyinə gözümüz “yol çəkməyəcək”.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO