Məlum olduğu kimi ictimai nəqliyyatın maneəsiz fəaliyyəti ilə bağlı paytaxtda çəkilmiş xüsusi zolağa minik avtomobilləri daxil olarkən cərimələnir. Günün istənilən saatında bu tələblərə riayət etməyən sürücülərə 40 manat cərimə yazılır.
Yarım ildən çoxdur pandemiya ilə əlaqədar həftə sonları ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyulub. Yəni istiraht günləri avtobus zolağı tamamilə boş olur. Amma buna baxmayaraq qadağan olunmuş hərəkət zolağına daxil olan avtomobillərin sürücülərinə cərimə tətbiq olunur.
MÖVZU İLƏ BAĞLI:
Avtobuslar dayanacaqdankənar da saxlayacaq - BNA qərar verdi
Ekspertlər şənbə-bazar günlərində ictimai nəqliyyatın bərpa olunmasına qədər minik avtomobillərinə qoyulan tələbin götürülməsini təklif edirlər.
Onların fikrincə, istənilən halda həftə sonları ictimai nəqliyyat işləmir, nəinki dayanacaqlar, xüsusi zolaqlar da boş və maneəsiz olur.
Bu baxımdan minik avtomobillərinin sürücülərinin heç bir tələb pozmadan cərimələnməsi doğru sayılmır.
Baş Dövlət Yol Polis İdarəsi ilə əlaqə yaratsaq da, zənglərimizə cavab verən olmayıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bizim.Media-ya açıqlamasında sözügedən qadağanın götürülməsini məqsədəuyğun hesab etməyib:
“Həftəsonu ictimai nəqliyyatın işləməməsi müvəqqətidir. Bu səbəbdən də həftə sonuyla bağlı hansısa məlumat lövhəsinin vurulması, hansısa qadağanın götürülməsi məqsədə müvafiq deyil”.
Nəqliyyat məsələri üzrə eskpert Elməddin Muradlı Bakı Nəqliyyat Agentliyi və Baş Dövlət Yol Polis İdarəsinə istirahət günlərində minik avtomobillərinin qeyd olunan zolağa buraxılması və cərimələnməməsini təklif etdiklərini deyib:
“Təklif etmişik ki, şənbə-bazar günlərində avtobus zolaqların daxil olanlar, eləcə də zolağın yaxınlığında park edənlər cərimə olunmasın. İki qurumun səalhiyyətləri bununla bağlı razılıqlarını ifadə ediblər. Sadəcə onlar bildirir ki, bununla bağlı qanunvercilikdə dəyişiklik olmalıdır. Mən də cavabında dedim ki, heç bir dəyişikliyə gərək yoxdur.
Hər iki dövlər ququmu bir kəlmə qərar verməlidir ki, şənbə-bazar zolağa girən sürücülər cərimə edilməsin. Hər şeydən ötrü qanun qəbul etmək, prezident səviyyəsinə çıxmaq lazım deyil.
Pandemiya bu gün var, sabah yoxdur. Bundan ötrü qanun qəbul etməyə də gərək yoxdur. Sadəcə şifahi göstərişlə bunu həll etmək olardı. Hesab edirəm ki, hələ də gec deyil. Sərt karantin olmasa da, ümumi karantin rejimi davam edir. İctimai nəqliyyatın alternativ növü olan metro da bağlıdır.
Ekspertin sözlərinə görə avtobus zolağı yaxşıdır, amma bu, mövcud zolaqların hesabına edilməməlidir:
“Əlavə zolaqlar yarada bilirlərsə, icra başçılarının rüşvət hesabına Qara Qarayev prospektində, Rəşid Behbudov küçəsində icazə verdikləri obyektləri söksünlər və onun yerində zolaq yaratsınlar. Yoxsa, rəşid Behbudov küçəsi ilin 12 ayı bütün günü tıxacdan ibarətdir. Avtobus zolağı yaradıblar, indi də tıxacdır.
Zolaq məsələsində bir daha götür-qoy etmək lazımdır. Bu gün avtobus zolaqları mövcud yol şəraitinə görə çəkilməməlidir. Tutaq ki, bir avtobus zolağından 3-5 dəqiqədən bir avtobus keçir.
Bu avtobuslarda 50 nəfər sərnişin var. Amma o 3 dəqiqə rəzində oradan 500-dən çox avtomobil keçə bilər. 50 nəfər sərnişinə görə 500 avtomobil quyruq şəklində tıxacda oturub gözləyir.
Bu, əlavə yanacaq, vaxt itkisi, atmosferin çirklənməsi və əsəblərin korlanması deməkdir. O zolaqların çəkilməsi 50 nəfərin evə çatması anlamına gılirsə, 500 avtomobilin atmosferi daha artıq çirkləndirməsi deməkdir”.
Alçina Amilqızı, Bizim.Media