Dağıstanda respublika rəhbərinin səlahiyyətlərini icra edən Sergey Melikovun tələbi ilə mağazaların ingilis dillində yazılmış reklam lövhələri dağıdılır.
Bizm.Media currenttime.tv -yə istinadən xəbər verir ki, Mahaçqala administrasiyasının rəsmiləri “New Balance” idman malları mağazasından bir lövhə və reklam plakatını cırıb.
Mağaza nümayəndələri etiraz edərək heç kimin onlara əvvəlcədən xəbərdarlıq etmədiyini bildirib və hadisəni törədənləri "vandallar" adlandırıblar.
Bundan əvvəl Xasavyurt rəhbərliyi ingilis dilində yazılan reklamın sökülməsi ilə bağlı xəbərdarlıq etmişdi.
Rusiya Milli Qvardiyasının keçmiş baş komandan müavini, general-polkovnik Sergey Melikov oktyabrın 5-də Dağıstanın müvəqqəti başçısı vəzifəsinə təyin edildikdən 2 həftə sonra şəhərsalmanın inkişafı üzrə şuranın iclasında noyabr ayının sonuna qədər xarici reklamlarla bağlı "işləri qaydaya salmağı" əmr edib.
Melikov Dağıstandakı bir çox kafe və mağazanın xarici şəhərlərin adlarını daşıdığına və hətta bu adların "bütün pisliklərin xaricdən gəldiyi şəraitdə" “latınca” yazılmasına görə qəzəblənib. Melikov bu cür reklamların heç bir əxlaqi dəyərlərə sığmadığını vurğulayıb.
Aynur Nadirqızı, Bizim.Media