“Feminizm adı altında manipulyasiya edirlər” – Hacı Şahin

“Feminizm adı altında manipulyasiya edirlər” – Hacı Şahin

Hazırda oxunan: “Feminizm adı altında manipulyasiya edirlər” – Hacı Şahin

14231

Feminizm hərəkatı qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsidir. Lakin onu daha çox geniş şəkildə-cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edilir.

Bu gün femnizmə müxtəlif donlar geyindirilərək cəmiyyətə cürbəcür adlarda sırımaq istəyirlər.

Hər il ənənəvi hala salınan “feminist yığıncağı” adı altında Bakıda icazəsiz aksiya keçirilərək, “qadına azadlıq” tələb edilir. Bundan başqa isə aksiyada iştirak edən kütlə "İstanbul Konvensiyasının" Azərbaycanın da ratifikasiya olunması tələbidir.

Bəs, "İstanbul Konvensiyası" nədir, özündə hansı qanunu ehtiva edir?

2011-ci il mayın 26-da İstanbul Konvensiyası “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası” sənədi İstanbul şəhərində imzalanıb. 

Konvensiya özündə “Qadınlara qarşı zorakılıq”, “Məişət zorakılığı ilə mübarizə sahəsində qurbanları müdafiə yolları”, “Qabaqlayıcı tədbirlər”, “Şiddət törədənlərin məsuliyyətə cəlb olunması”, “Milli qanunvericiliyi səmərəli müdafiəni təmin edəcək şəkildə təkmilləşdirmək”, “Bu sahədə effektiv standardlar yaratmaq”, bu sahədə siyasətlərin formalaşdırılması kimi fikirləri formalaşdırır. 
 

Maraqlısı isə İstanbul Konvensiyasında qeyd edilən müddəaların əksəriyyəti Azərbaycan qanunvericiliyində olmasıdır.


Ölkəmizdə 2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında" qanun, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul olunub, 2011 və 2012-ci illərdə isə qanunun icra mexanizmləri Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Eyni zamanda “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nın 3.5.2.1-ci bəndinin icrası məqsədi ilə Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. 

Bu konvensiyanın Azərbaycan üçün əhəmiyyətinə gəldikdə isə mütəxəssislər bildirir ki, ölkəmizin-Konvensiyaya qoşulması qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması sahəsində mövcud qabaqlayıcı və cavab tədbirlərinin yaxşılaşdırılması, bu sahədə sistemli və effektiv siyasət və qanunvericiliyin yaranmasına gətirib çıxarda bilər.

Bizim.Media-ya danışan hüquqşünas Ruslan Vəliyev bildirib ki, Azərbaycan qadın zorakılığına qarşı BMT-nin bir neçə konvensiyaya qoşulub.
 

MÖVZU İLƏ BAĞLI:

Son günlər artan qadın qətllərinin günahkarı kimdir? – Xəyanət yoxsa ...


Bundan başqa o, Azərbaycanda uzun müddətdir ki, məişət zorakılığının qarşısını alınması haqqında qanunun mövcudluğunu və  icra olunduğunu da vurğulayıb:

“Konvensiyanın demək olar ki, bir çox müddəaları Azərbaycan qanunları ilə eynilik təşkil edir. Məişət zorakılığı, cinsi zorakılıq, məcburi nigah, azyaşlıların məcbur nigah barədə  qanunlar bizdə cinayət məcəlləsində öz əksini tapır".

"Orada yalnız qadın sünnəti və məcburi abort Azərbaycan qanunvericiliyində yoxdur. Ancaq sünnət də qadının sağlamlığına xəsarət yetirmək kimi də qiymətləndirilə bilər ki, bu da Azərbaycan qanunvericiliyinə görə cinayətdir”.

Hüquqşünas milli mentaliteti səbəb gətirərək, bir çox qanun pozuntusuna yol verən fərdlərdən də söz açıb.

“Bəziləri düşünür ki,“İstanbul Konvensiyası” aktında Azərbaycanın milli mentalitetinə uyğun olmayan müddəalar olduğu üçün bu dövlət tərəfindən qəbul olunmur. Lakin mənim fikrimcə, bu heç də belə deyil, çünki qanun olan yerdə mentalitet önəmli deyil.
 

Bəzən mentalitet adı altında bəzi qanun pozuntusuna da yol verilir.  Məsələn əgər qanun abortu qadağan edirsə, amma milli mentalitetə görə, oğul övladı qızdan üstündürsə və ailələr buna görə ananı aborta məcbur edirsə, burada hansı doğruluqdan danışa bilərik?


Belə mentalitetin olmağındansa, olmamağı yaxşıdır. Bu rəsmən qadın haqqlarının tapdalanmasıdır”.

“İstanbul konvensiyası” ilə tam tanış olduqdan sonra hazırda dünyada sürətlə yayılan feminizm hərəkatı ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmadığını açıq – aydın şəkildə sezmək olur.

Bir çox hallarda feminizm hərəkatına siyasi əlcək geyindirərək, onu müxtəlif istiqamətlərə dartmağa çalışırlar. 

Hazırda cəmiyyətə təsir etmək gücündə olan digər “metodlar” dəbdən düşüb. Bir çox mənbələrin fikrincə “demokratiya”, “rəngli inqlablar” dövrü artıq başa çatıb.

ABŞ-ın Dövlət katibi Blinkenin də etiraflarına görə, Qərb artıq bu vasitələrdən istifadə etmək fikrində deyil, onları köhnəlmiş hesab edir.

Siyasətçilərin fikrincə, hazırda feminizm adı altında olan siyasi cərayan radikallaşdırılaraq köhnə metodlarının rolunu oynayır. Qadın gücünün hesabına bəzi qüvvələr öz siyasi düşüncələrini hansısa cəmiyyətə sırımaq istəyirlər.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənli Bizim.Media-ya açıqlamasında bildirib ki, zorakılığın istənilən təzahürü, xüsusilə də qadına qarşı istismar şiddətlə pislənməlidir. 
 

“Lakin feminizm adı altında manipulyasiya edirlər. Bu məsələlərdə istənilən dövlətlərdə, təhlillərdə, hesabatlarda müxtəlif qərəzlərə yol verilir. Bəzən qadın azdlığı, hüquqları siyasi maraqlara vasitə olur.


Təəssüflə qeyd edim ki, feminzmdə insanlar əsasən seçim qarasında qoyulur. Bəzən ailə dəyərləri azadlıq anlayışı ilə səhv salınır, bununla da qadın azadlığı adı altında dəyərlər hədəfə çevrilir. Mən hər zaman deyirəm ki, mentalitet toxunulmaz deyil, onu da təftiş edə bilərik. Bəzi zərərli adətlərdən də imtina edə bilərik”. 

Din xadimi bəzən xüsusi qüvvələr tərəfindən Azərbaycanda olan vəziyyət reallıqda olduğundan daha faciəvi şəkildə təqdim olunur. 
 

“Azərbaycanda qadına qarşı böyük dəyər var. Kimlərsə tərs görüntü yaratmaq istəyirlər. Onlar özlərini “bədbəxt Azərbaycan qadını”nın azad olunması missiyasını öz üzərlərinə götürdükləri kimi qələmə verirlər. Ancaq məsələnin əsli bu deyil.


Mən sosial şəbəkələrdə  müzakirələrə nəzər saldıqda  qadınların əksəriyyətinin bu cür yanaşmaları təqdir etmədiyinin şahidi oluram. Həm də bu cür problemlər meydanlarda deyil, sivil yollarla keçirilən maarifləndirici tədbirlərlə həll olunur. Bəzən kənardan bu cür insanların davranışları qeyri-səmimi görünür”.

Hacı Şahin islam dinində qadına verilən böyük dəyərlərdən də söz açıb. O, bildirib ki, dinimizdə də qadının hüquqları kişi ilə eynidir. 

“Qadınla kişi yalnız fiziki cəhətdən eyni yaradılmayıblar. Lakin hüquq qarşısında onlar eynidirlər. Məhəmməd peyğəmbər zamanında insanlara “Qadınlar sizə Allahın əmanətidirlər, O, sizdən mütləq bunun hesabını soruşacaq” buyururdu. İslam dininə görə, qadın mərkəzdə dayanan bir varlıqdır.

Qadın ailənin təməli hesab olunur. Eyni zamanda qadın ictimai, elmi fəaliyyətlə məşğul olmalıdır. Dinimiz nəinki bunu qadağan etmir, əksinə buna təşviq edir.

Sadəcə olaraq, yaradılışda olunan müəyyən fərqlər nəzərə alınır və qadınların hüquqları buna uyğun təsdiq edilir”,- deyə, o, fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO