Havalar isinəndən insanların ağcaqanadlara qarşı savaş mövsümü də start götürür. Bu mübarizədə əsas silahlardan biri də dərman vasitələridir.
Çox zaman isə onlar da bir işə yaramır. Məcbur olub dərmanları çeşidləyir, harda güclü olanı varsa, onu alırıq, “yetərki canımız rahat olsun”.
Yəqin ki, ağcaqanad dərmanı yandırılan zaman o dözülməz tüstüyə, qoxuya görə narahat olanlar da kifayət qədərdir.
Heç düşünmüsünüzmü ki, tüstüsü ağcaqanadın özündən daha çox diskomfort yaradan dərmanların istifadəsinin hansı zərərləri var?
Sualı Bizim.Media üçün cavablandıran həkim-ekspert Rasif Bağırov deyir ki, ağcaqanadlar, xəstəlik yaysalar belə, dərmanlar da sağlamlığa az ziyan vurmadığı üçün başqa mübarizə üsullarından yararlanmaq olar:
MÖVZU İLƏ BAĞLI:
Ağcaqanadların nəslinin kəsilməsi hansı fəsadlara səbəb ola bilər? – Maraqlı FAKTLAR
“Əlbəttə ki, təmiz hava hər şeydən yaxşıdır. İnsan təmiz hava qəbul etsə, sağlamlığı üçün daha faydalı olar. Həmin havaya isə hər hansı səbəblərdən qatqıların qatılması insana təmiz hava qədər effekt verməz.
Amma ağcaqanadlar üçün hazırlanmış dərmana məcburiyyətdən ehtiyac olduğu halda ağcaqanad hücumuna məruz qalmaqdansa, həmin dərmanlardan istifadə etmək daha yaxşıdır. Ağcaqanad dişləməsi zamanı insanda sarılıq xəstəliyi belə yarana bilir”.
Həkim ağcaqanadlarla mübarizə üçün alternativ metodlardan da söz açıb:
“Ağcaqanadlarla mübarizənin müxtəlif üsulları var. Həmin üsullardan elələri də var ki, heç ağcaqanadın sürfə salmağına belə imkan vermir. Nəticədə insanlar həmin o sürfələrdən çıxan ağcaqanadların hücumuna məruz qalmazlar.
Amma bəzən ağcaqanadlar bu sürfələri həmişə evlərin zirzəmilərində, rütubət olan yerlərdə səpirlər. Orda yeni balalar meydana çıxır. Onlar qısa zamanda böyüyür və insanlara əziyyət verir, müxtəlif xəstəlikləri yaya bilirlər. Həmin o zirzəmilərlə ciddi şəkildə məşğul olub ağcaqanadların məhv edilməsilə məşğul ola bilsələr, şəhərdən minlərlə ağcaqanad yox olar”.
Həkimin sözlərinə görə, ağcaqanad dərmanlarından məcburi hallarda və dozanı aşmadan istifadə tövsiyə olunur:
“İnsanlar məcburən həmin ağcaqanad dərmanlarindan istifadə edirlər. Əlbəttə, yaxşı olardı ki, onlardan istifadə olunmasın. Çünki nə qədər olmasa da həmin dərmanlar həşəratı öldürürsə, deməli hüceyrələrə müəyyən toksik təsir göstərə bilirlər.
Yüksək konsentrasiyada olanlar isə çoxlu miqdarda kom halında yanarsa, ordan əmələ gələn tüstü zəhərlənmələrə səbəb ola, hətta öldürücü təsir göstərə bilər. Amma çox az miqdarda istifadə insan sağlamlığına ciddi təsir göstərmir.
Röyanə Oğuz, Bizim.Media