Tarixi ənənənin DAVAMI – Ərdoğanın Azərbaycana səfərinin SİYASİ ƏHƏMİYYƏTİ

Tarixi ənənənin DAVAMI – Ərdoğanın Azərbaycana səfərinin SİYASİ ƏHƏMİYYƏTİ

Hazırda oxunan: Tarixi ənənənin DAVAMI – Ərdoğanın Azərbaycana səfərinin SİYASİ ƏHƏMİYYƏTİ

141044

Xəbər verdiyimiz kimi Türkiyənin yenidən seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12-də Azərbaycana rəsmi səfərə gəlib. Şimali Kipr Türk Cümhuriyyətindən sonra Türkiyə liderinin ilk xarici səfərini Azərbaycana etməsi təsadüfi deyil. 

Bunun bir sıra siyasi-iqtisadi əsasları var. Azərbaycan hazırda regionun ən sürətlə inkişaf edən, Avropanın nəqliyyat təhlükəsizliyində müstəsna paya sahib olan və ən nəhayət Avro-Asiya nəqliyyat dəhlizində körpü rolunu oynayan bir ölkədir. 

Azərbaycan həm də türk və islam dünyası üçün bir körpüdür. Ona görə də dünyanın aparıcı siyasi liderlərindən olan Ərdoğanın bu səfəri əlamətdar hadisə olmaqla yanaşı region və beynəlxalq aləm üçün yeni prioritetləri müəyyənləşdirəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan sabah Azərbaycana səfər EDƏCƏK


Mövzu ilə bağlı Bizim.Media-ya danışan politoloq Cümşüd Nuriyev bildirib ki, Türkiyə Prezidentinin ilk xarici dövlət kimi Azərbaycana səfər etməsi bir ənənə olması ilə yanaşı əlamətdar hadisədir:

“Nəzərə alaq ki, hazırdan dünyanın ən nüfuzlu 10 siyasi liderindən biri Ərdoğandır. Ona görə də onun ilk beynəlxalq səfərini Azərbaycana etməsi bütövlükdə türk və islam dünyası üçün əlamətdar hadisədir. Bildiyim qədər Ərdoğan bu səfərində də Qarabağa gedəcək. Yada salaq ki, iyunun 15-i ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsinin 30 ili tamam olur. Eyni zamanda Şuşa Bəyannaməsinin də 2 ili tamam olur. Bu əlamətdar hadisələr öncəsi Ərdoğanın Azərbaycana səfər etməsi həm də dünyaya bir mesajdır. Bu səfər Ərdoğanın Türkiyənin yenə də və əbədiyyən Azərbaycanın yanında olacağına dair bir çağırışdır.

Eyni zamanda, Ərdoğanın Azərbaycana bu səfəri yeni dövrün başlanğıcıdır. Çünki, Şuşa Bəyannaməsinin həyata keçirilməsi üçün Yol Xəritəsi işlənməlidir.

Yəqin ki, bu səfər çərçivəsində yeni Yol Xəritəsinin predmetləri müzakirə ediləcək. Digər bir maraqlı müzakirə mövzusu ilə Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji” layihələridir. Eləcə də əhalinin bu ərazilərə qayıdışı məsələsi də əsas müzakirə mövzularından biri olacaq.  

Zəngəzur dəhlizi və qardaş türk dövlətlərinin bu dəhliz üzərindən öz karbohidrogen ehtiyatlarının Avropa bazarına rahat çıxış imkanlarının da bu görüşdə müzakirə ediləcəyi ehtimalı da güclüdür. Eləcə də Azərbaycan-Türkiyə birliyinin təkcə regionda deyil, həm də beynəlxalq arenada birgə çıxış strategiyasının əsasları da bu səfər çərçivəsində yəqin ki, müzakirə ediləcək. Təbii ki, iki lider arasında keçiriləcək müzakirələrdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin daha qısa zamanda imzalanması da prioritetdir”.

Cümşüd Nuriyev qeyd etdi ki, Şimali Kiprdən sonra Ərdoğanın Azərbaycan səfər etməsinin bir sıra səbəbləri var:

“Birincisi, Türkiyə və Azərbaycan liderlərin yüksək səviyyədə və dünyada müqayisə olunmayan münasibətləridir.

İkincisi, bir millət iki dövlət prinsipinin sübutudur. Xatırlayaq ki, dünyada 22 ərəb dövləti var. Lakin bir ərəb dövləti liderinin sözü digər ərəb liderinin boğazından keçmir. Baxmayaraq ki, İslam İqtisadi Əməkdaşlıq, Ərəb Liqası və digər platformlarda guya ərəb dövlətləri birləşib. Lakin, bu “birlik” yalnız sözdədir. 

Bu mənada Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi istənilən dövlətlərin qibtə edəcəyi səviyyədədir. Təsadüfi deyil ki, Azərbaycan-Türkiyə bu gün Qazaxıstan və Orta Asiyadakı türk dövlətləri üçün çox gözəl bir örnəkdir. Və yavaş-yavaş bu türk dövlətləri də Azərbaycan-Türkiyə birliyinə inteqrasiya etməyə çalışırlar. Bu da eyni kökdən olan xalqların bir araya gəlməsi, birləşməsi üçün unikal bir modeldir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO