İntizamsız şagirdlərin fotolarını paylaşan 65 yaşlı direktorun İZAHATI ALINDI – İşdən çıxarılır? – RƏSMİ  

İntizamsız şagirdlərin fotolarını paylaşan 65 yaşlı direktorun İZAHATI ALINDI – İşdən çıxarılır? – RƏSMİ  

Hazırda oxunan: İntizamsız şagirdlərin fotolarını paylaşan 65 yaşlı direktorun İZAHATI ALINDI – İşdən çıxarılır? – RƏSMİ  

140599

Ağstafa rayon Dağ Kəsəmən kənd 2 saylı orta məktəbində nizam-intizamı pozan şagirdlərin fotolarının ictimailəşməsi ciddi müzakirə doğurub.  

Ekspertlər məktəb rəhbərliyinin bu addımını tənqid edərək, regional təhsil idarəsi və müvafiq nazirlik tərəfindən direktor barəsində tədbir görülməsini tələb ediblər. Üstəlik nizam-intizamı pozan şagirdlərin valideynləri də bu məsələyə narazılıqlarını ifadə ediblər.  

Məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə sözügedən məktəb rəhbərliyinin bu addımı yolverilməzdir: 

“Müvafiq olaraq qəbul edilmiş qərar əsasında şagirdlərin davranış qaydalarını tənzimlənməsi ilə əlaqədar tətbiqlər hazırlanıb. Onlardan biri də şagirdlərə yaşıl, narıncı və qırmızı kartın verilməsidir. Şagirdin davranış qaydaları müsbət qiymətəndirilirsə, ona yaşıl kart verilə bilər və onların təqdimatı bir növ örnək xarakterli müxtəlif sosial platformalarda paylaşıla bilər.  

Amma bunun əksi, qırmızı kart alan, davranış qaydalarını pozan, nizam-intizamı yerində olmayan şagirdlərin fotolarının paylaşılması yolverilməzdir. Biz yaxşıları örnək olaraq təqdim etməliyik. Nizam-intizamı olmayan şagirdləri paylaşmaqla, bir də onlara zərbə vurmuş oluruq.

Direktor mütləq bununla bağlı hesabat verməlidir. Nə üçün, hansı əsasla bunu edib?  

Olmazmı ki, həmin uşaqlarla sadəcə profilaktik söhbətlər aparaq, onların valideynlərinə məlumat verək. Bunu sadəcə özlərinə bildirmək lazımdır. İctimailəşdirmək isə həmin şagirdlərin özlərinə psixoloji zərbə vurmaq və mənəvi deqredasiyaya məruz qoymaqdır. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi həmin məktəbin rəhbərliyi barədə qərar verəcək”.  

Qazax-Tovuz Regional Təhsil İdarəsinin mətbuat katibi Nəcibə Vəliyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı direktorun izahatı alınıb: 

“İzahata baxılıb, müvafiq qərar veriləcək. Qeyd edim ki, direktorun 65 yaşı olacaq”, - deyə qurum rəsmisi əlavə edib. 

Məlumat üçün bildirək ki, Ağstafa rayon Dağ Kəsəmən kənd 2 saylı orta məktəbin direktoru Təranə Abdullayevadır.  

Xatırladaq ki, Ağstafa rayon Dağ Kəsəmən kənd 2 saylı orta məktəbində yaxşı oxuyan, davranış qaydaları normal olan şagirdlərə yaşıl kart, yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə isə qırmızı kart verilib. Qırmızı kart alan şagirdlərin fotoları məktəbin “Facebook” səhifəsində paylaşılıb. 

Nizam-intizamı pozan şagirdlərə bu formada cəzanın tətbiq edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO