Ermənistan mətbuatının yazdığına görə, baş nazir Nikol Paşinyan rəsmi İrəvan və Bakının 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq verdiklərini bildirib. Paşinyanın fikrincə, bu istiqamətdə müzakirələri faydalı hesab etmək olar.
"Danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub", - Ermənistanın baş naziri qeyd edib.
O, həmçinin qeyd edib ki, Ermənistan tərəfi anklav kəndləri Azərbaycana qaytarmağa hazırdır.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Zəngəzur dəhlizindən imtina edə bilməz - Erməni mətbuatı
Paşinyanın delimitasiyanın 1975-ci il xəritələri əsasında aparılacağı barədə açıqlaması görəsən nəyə hesablanıb?
Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, Paşinyanın bu açıqlaması özünü narahat hiss etməsi səbəbindən vaxt udmağa hesablanmış addımdır:
“Paşinyan indiki şəraitdə hakimiyyət uğrunda mübarizədə özünü narahat hiss edir. Ona qarşı olan qüvvələr Paşinyanı neytrallaşdırmaq üçün hətta terrora qədər gedə bilərlər. Bu səbəbdən də Paşinyan vəziyyətin gərgin olduğunu anlayır. Yaranmış vəziyyətdə isə o, vaxt udmağa çalışır. Vaxt udmaq üçün də üçtərəfli Vaşinqton, Brüssel və Moskva danışıqlar prosesindən istifadə edir. Yəni bu üç format arasında manevr etməyə çalışır.
O, arabir də ortaya yeni formatlar atdığını iddia edir. Vacib olanı delimitasiya prosesinin başlanılmasıdır. Hansı ki, o da uzun sürən prosesdir. Paşinyan gözəl bilir ki, Azərbaycan bu məsələyə hazırdır.
Özlərinin hərəkəti isə ondan xəbər verir ki, prosesdə üçüncü tərəf olaraq Rusiyanın da iştirakını istəyirlər. Bu istiqamətdə hərəkət edən nəticə əldə etməkdə israrlı olduğunu ortaya qoymalıdır.
Amma Paşinyanın hərəkətlərində bu xüsusiyyəti görmürük. Ona görə də fikirləri yayındırmağa çalışaraq, xəritələr məsələsində gah 1975, gah 1991, gah 1946-cı ilə xəritələrindən dəm vurur. Onların hamısı Paşinyanın uğursuz, məna daşımayan manevrləridir. Çalışır ki, vaxt udsun və bu yolla da hakimiyyətdə möhkəmlənsin”.
Rüfət Sultan, Bizim.Media