9 gün əvvəl itkin düşən 5 gün sonra isə 44 yaşlı şəxs tərəfindən qaçırıldığı məlum olan 13 yaşlı Əfsanə Tağıyeva Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdiriləcək.
Bunu Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəbəri Kəmalə Ağazadə açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
44 yaşlı Səfər 13 yaşlı Əfsanəni belə aldadaraq Xudata aparıb... - VİDEO
Onun sözlərinə görə yeniyetmə başına gətirilən müsibətlərdən sonra psixoloji sarsıntı içindədir və sığınacaqda reablitasiyaya cəlb olunacaq:
“Hadisə ilə bağlı istintaq hərəkətləri davam etdiyi üçün müəyyən detalları aça bilmirəm. Amma hesab edirəm ki, qızın izahatı yenidən alınmalıdır. Qız isə çox əziyyət çəkir. “Gecələr yata bilmirəm, apar məni” deyir. Artıq o, sığınacağımızda reablitasiyaya cəlb olunacaq”.
Xatırladaq ki, mayın 20-də 13 yaşlı Əfsanə Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi bildirilsə də polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini 44 yaşlı Səfər Kavazov tərəfindən qaçırıldığı məlum olub.
13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 44 yaşlı Səfər Kavazov barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib.
Səfər Kavazova qarşı Cinayət Məcəlləsinin 152.2 (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Alçina Amilqızı, Bizim.Media