Heydər Əliyev Fondu Vatikanla müqavilə imzaladı - FOTO

Heydər Əliyev Fondu Vatikanla müqavilə imzaladı - FOTO

Hazırda oxunan: Heydər Əliyev Fondu Vatikanla müqavilə imzaladı - FOTO

13831

Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil olduğu nümayəndə heyəti Vatikanda səfərdə olub.

Bizim.Media xəbər verir ki, səfər zamanı Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sədri kardinal Canfranko Ravazi imzalanma mərasimini Vatikanla Azərbaycan arasında münasibətlərdə əlamətdar hadisə kimi səciyyələndirib.

2025-ci ildə Roma şəhərində Roma-katolik kilsəsi üçün xüsusi əhəmiyyət daşıyan və hər 25 ildən bir qeyd edilən “Müqəddəs il” yubiley tədbirləri keçiriləcək və “əbədi şəhər”ə dünyanın hər tərəfindən turist və zəvvarlar axışacaq.

Bu isə bərpadan sonra açılacaq Komodilya katakombalarına çox sayda ziyarətçinin gəlməsinə imkan verəcəkdir:

“Ona görə də biz Heydər Əliyev Fonduna dərin təşəkkürümüzü bildiririk və onu öz mədəni icmamızın tərkibində görürük, çünki Fond da bizim kimi həm mədəni, həm də dinlərarası dialoqun inkişaf məqsədlərini diqqət mərkəzində saxlayır”.

Görüş zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın məktubu kardinal C.Ravaziyə təqdim edilib.

Məktubda bildirilir ki, birgə səylərimiz Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında ikitərəfli münasibətləri daha da möhkəmləndirir. Bu səylər qlobal səviyyədə daha çox ehtiyac duyulan mədəniyyətlərarası və dinlərarası dialoqa konkret və praktik töhfəmizi əks etdirir.

Görüş zamanı Azərbaycan nümayəndə heyəti Vatikanda icra olunan layihələr zamanı beynəlxalq ekspertlərin cəlb olunduğunu qeyd edərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki tarixi-mədəni irsin bərpasında Vatikan mütəxəssislərini yaxından iştiraka, öz fikir və tövsiyələri ilə bu prosesə töhfə verməyə çağırıb.

Nümayəndə heyəti daha sonra Roma şəhərinin VIII rayonu ərazisində yerləşən Komodilla katakombaları ilə tanış olub.

Roma şəhərinin VIII rayonunun bələdiyyə sədri Amadeo Çiakkeri bu rayonun ərazisində yerləşən katakombanın tarixi əhəmiyyətini qeyd edib və bildirib ki, insanların gur hərəkət etdiyi ərazidə yerləşən katakombanın Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası layihəsi sakinlərin sevincinə səbəb olub.

Qeyd olunub ki, bərpa işləri bu tarixi abidəyə ictimaiyyət və turistlərin marağını artıracaq, eləcə də bu abidənin gələcək nəsillər üçün qorunub saxlanmasını təmin edəcək.

Nümayəndə heyəti, həmçinin Müqəddəs Sebastian katakombasının Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış yeni muzey və restavrasiya edilmiş sarkofaqlarla da tanış olub.

Sonra nümayəndə heyəti IV əsrdə katakombanın üzərində inşa edilmiş Müqəddəs Sebastian Bazilikası ilə də tanış olub.

Həmçinin restavrasiya işləri 2020-ci ildə başa çatan Müqəddəs Pyotr kilsəsinin bazilikasındakı “Roma Papası I Leon və Hun imperatoru Atillanın görüşü” barelyefinə baxış olub. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO