Azərbaycan şirkəti Gürcüstanın 50% maya tələbatını ödəyir - FOTOSESSİYA

Azərbaycan şirkəti Gürcüstanın 50% maya tələbatını ödəyir - FOTOSESSİYA

Hazırda oxunan: Azərbaycan şirkəti Gürcüstanın 50% maya tələbatını ödəyir - FOTOSESSİYA

13653

Bizim.Media əməkdaşları çörəklərimizi belə yumşaq, ətirli və dadlı edən mayanın hazırlanması ilə tanış olmaq üçün “Azər-Maya” ASC - də olublar. 

Zavodla tanışlıq zamanı İstehsalat Departamentinin müdiri Turqay Şişman bildirib ki, istehsalat sexlərində 110 nəfər işçi çalışır.

Sexlər tam müasir standartlara uyğun qurulub və bütün gigiyenik normalara əməl olunur:

“Xəmir mayası istehsalı ilə məşğul olan Azər-Maya” ASC-nin çox böyük tarixi var. Sovet dövründən fəaliyyətə başlayan müəssisə müstəqillik illərində yenidən qurularaq müasir tələblərə tam uyğunlaşdırılıb. 
 

İşlərimiz yüksək səviyyədə qurulub, peşəkarlardan ibarət bir kollektivimiz var. Nədən bunları söyləyirəm, çünki maya dediyiniz sıradan bir istehlak məhsulu deyil, hazırlanması yüksək diqqət tələb edir. Mayanın bilinən 600 növü var”. 


İstehsalat prossesi ilə tanışlıq zamanı Turqay bəy söyləyir ki, 2010-cu ildən bu zavoda gəlib:

“Həmin vaxtdan buradakı işçilərə müasir maya istehsalı üçün təlimlər keçdik. Dünya bazarında rəqabətə davamlı maya istehsalına başladıq. 11 ildir ki, zavodda yenilənmələr davam edir. Zavod təlabatı ödəyə biləcək cihaz və avadanlıqlarla təchiz olunub. İnkişaf tempini hələ də qoruyuruq”.

Turqay Şişman bir ekspert kimi mayann insan sağlamlığı üçün çox vacib element olduğunu da vurğulayıb:
 

“Mayanın tərkibində 50% protein, B qruplu vitaminlər, dəmir, xrom, maqnezium, fosfor, sink və selen kimi minerallar mövcuddur. Mayanın bu növü quru, yaş maya, instant, ekstrat və şərab hazırlanmasında istifadə olunur. Bu maya növü yem sənayesində də vacib komponentdir.


İnkişaf etmiş ölkələrdə maya sadəcə bir qatqı (əlavə) maddəsi olaraq deyil, həblər şəklində dərman olaraq da bazara təqdim edlir. Gözəllik salonlarında da mayadan geniş istifadə olunur, o gözəllik yaratmaqda təsirli elementdir”.

Respondetimiz zavodun Azərbaycandakı tərəfdaşlarının “Baker”, “Xırman”, “Binə”, “Bakıxanov” çörək zavodları, “Çörəkçi”, “Nur çörək”, “Nəfis çörək” kimi məşhur şirkətlərin olduğunu bildirib. 

5 ölkədə müvafiq iş təcrübəsi olan Turqay Şişman onu vurğulayıb ki, işin keyfiyyəti məhsullarının xarici bazarda rəqabətə davamlı olmasına da yardım edir:

“Bir neçə ölkənin maya bazarında artıq varıq. Məsələn, Gürcüstana maya daha əvvəl Türkiyədən gətirilirdi. 2015-ci ildə mayamızın keyfiyyətini artırdıqdan sonra Gürcüstana ixraca start verdik və hazırda həmin ölkənin bazarının 50 faizə yaxın hissəsini biz tutmuşuq. 
 

Bu ilin ilk ayında Türkmənistanla əməkdaşlıq istiqamətində görüşlər keçirilib. Nəticədə, fevralın əvvəlindən Türkmənistana ixracı reallaşdırmışıq. İxracatı artırmaq üçün işlər davam edir. 


Öncəliklə region dövlətləri arasında partnyorlar axtarırıq. 

Qururla qeyd edim ki, hazırda zavodun hazırladığı maya Şuşadakı çörək sexlərində də istifadə olunur”.

Turqay Şişman yeni layihə üzərində çalışdıqlarını da qeyd edib. Bu baxımdan “Azər-Maya” ASC tam müasir formaya gətirilir. 

“Ümumiyyətlə, maya un məmulatları ilə məhdudlaşmır. Maya qurudularaq qida sənayesində ekstrat kimi də istifadə olunur, biz də bu yolda irəliləyirik.
 

Qafqazda yeganə maya zavodu olan “Azər-Maya” vaxtı ilə (SSRİ) Ermənistan, Gürcüstan, Dağıstan, Qazaxıstan və Türkmənistanı maya ilə təmin edirdi. Fasiləsiz həyata keçirilən yenilənmələr bizə də imkan verir ki, tezliklə əvvəlki bazar miqyasımızı bərpa edək”.


“Azər-Maya” 1973-cü ildə fəaliyyətə başlayıb və keçmiş adı Bakı Bulka-Maya zavodu olub. 1997-ci ilin may ayında onun bazasında tam özəlləşdirilərək “Azər-Maya” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. 

Vüqar Ağamalıoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO