Xəbər verdiyimiz kimi, 10-11 may tarixlərində Ermənistan silahlı dəstələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan və artilleriyadan atəşə tutub.
İnsidentlər nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Mahmudlu Müslüm yaralanıb, digər hərbi qulluqçu Novruzəlizadə Orxan isə şəhid olub.
Düzdür, Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistan ordusu canlı qüvvə və hərbi texnika baxımından daha ciddi itkilərə məruz qaldı. Düşmənin Zod istiqamətindəki hərbi infrastrukturu Azərbaycan Ordusu tərəfindən darmadağın edildi.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan silahlı qüvvələri zərbə PUA-ları tətbiq edir - MN
Sərhəddəki atışma Azərbaycana geniş imkan yaradır ki, düşmənin təxribat törətdiyi mövqeləri legitim hədəfə çevirsin. Azərbaycan bunu hətta özünün hərbi potensialının az hissəsi ilə gerçəkləşdirmək imkanına sahibdir. Hər halda, bunu ermənilər də yaxşı bilir.
Görəsən, Ermənistanın son təxribatından sonra Azərbaycanın gördüyü cavab tədbirləri ermənilər üçün hansı nəticələrlə yadda qaldı?
Bizim.Media-ya açıqlama verən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, Azərbaycanın cavab tədbirləri Ordumuzun hansı gücə malik olduğunu, düşmən tərəfin isə zəif və cılız olduğunu bir daha ortaya qoydu:
“Azərbaycan problemin sülh yolu ilə həlli üçün əlindən gələni edir. Azərbaycan siyasi və hərbi iradə baxımından üstün mövqedədir.
Ancaq son dövrlər bir sıra dövlətlər Ermənistanı silahlandırmaqla məşğuldur. İran, Rusiya, Hindistan, Fransa bu işdə daha çox canfəşanlıq edir. Bu isə aydın məsələdir ki, Azərbaycana qarşı yönəlmiş addımdır.
Azərbaycan erməni təxribatlarına cavab olaraq beynəlxalq normalar və konstitusion hüquq çərçivəsində düşməni yerində oturtmaq üçün preventiv addım atmaq hüququna malikdir və bunu edir. İrəvanın vəziyyəti gərginləşdirməsi onun üçün daha ciddi fəsadlara səbəb olacaq. Bunu Ermənistan başa düşməlidir. Azərbaycanın erməni təxribatına cavab tədbirləri siyasi müstəvidə Azərbaycanın iradəsi və prinsipial mövqeyini ortaya qoydu.
Eyni zamanda, Azərbaycanın hansı güc və qüdrətə malik olduğunu bir daha qarşı tərəfə göstərdi.
Ermənilərə dolayısı ilə başa saldı ki, onların təxribatlarının qarşısı daha kəskin şəkildə alınacaq. Təxribata cavab olaraq Azərbaycan Ordusunun atdığı addımlar Ermənistan ordusunun olduqca zəif olduğunu, onun gücsüzlüyünü, Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyəcəyini bir daha nümayiş etdirdi”.
Rüfət Sultan, Bizim.Media