Suqovuşanda avarçəkmə üzrə “Prezident Kuboku” reqatasına start verildi

Suqovuşanda avarçəkmə üzrə “Prezident Kuboku” reqatasına start verildi

Hazırda oxunan: Suqovuşanda avarçəkmə üzrə “Prezident Kuboku” reqatasına start verildi

134519

4-7 may tarixlərində keçiriləcək “Prezident Kuboku-2023” beynəlxalq reqatasından öncə komandaların rəhbər şəxslərinin, nümayəndələrinin və beynəlxalq dərəcəli hakimlərin iştirakı ilə iclas keçirilib. 

Bizim.Media xəbər verir ki, mayın 4-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan avarçəkmə üzrə “Prezident Kuboku-2023” beynəlxalq reqatasına start verilib. 

Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən birgə təşkil edilən, Avropa Kanoe Assosiasiyasının rəsmi təqdim planında yer alan reqatada 17 ölkədən 100-dən artıq idmançı mübarizə aparır. 
Beynəlxaq yarışın açılış mərasimi və ilk yarış günü tarixi torpağımız Suqovuşanda təşkil olunub. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbəri Vüqar Əhmədov, eləcə də yerli və xarici idman federasiyalarının rəhbər şəxsləri iştirak ediblər. 

Mərasim hərbi orkestrin ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. 

Açılış nitqi ilə çıxış edən AKAF rəhbəri Vüqar Əhmədov qonaqları və yarış iştirakçılarını salamlayaraq bildirib ki, beynəlxalq reqatanın 100 illlik yubileyini qeyd etdiyimiz Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilən Suqovuşan su anbarında start götürməsi özlüyündə rəmzə məna daşıyır.

Yarışın növbəti 2 gününün Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, bağlanış mərasiminin isə Bakı Bulvarında təşkil olunacağını deyən Federasiya rəhbəri iştirakçı ölkə idmançılarına uğurlar arzulayıb. 

Gənclər və idman naziri Fərid Qayıbov Suqovuşan qəsəbəsində artıq 3-cü dəfə təşkil olunan beynəlxalq yarışda hər dəfə iştirakçı ölkələrin sayının artdığını vurğulayıb. Tədbirin beynəlxalq standartlara uyğun təşkil edildiyini bildirən Fərid Qayıbov deyib ki, bu cür təşkilatçılıq dövlətin dəstəyi olmadan mümkün deyil və Azərbaycan idmançıları hər zaman prezident İlham Əliyevlə birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısını hiss edirlər. İdmançılara uğurlar arzulayan nazir “Prezident Kuboku-2023” reqatasını açıq elan edib. 

İlk yarış günündə kayak və kanoe üzrə 200 metr məsafəyə mübarizədə qaliblər müəyyənəşib. Azərbaycan idmançıları reqatanın birinci günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər. 
Günün ikinci yarısında Mingəçevir şəhərində reqatanın rəsmi paradı təşkil olunub.

Parad zamanı iştirakçı ölkə komandaları çaparlar və maskotların müşaiyəti ilə Heydər Əliyev prospekti ilə irəliləyərək tamaşaçıları salamlayıblar. Komandaların keçidindən sonra Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərində ucaldılan abidəsi ziyarət edilib və önünə gül dəstələri düzülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO