Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin olunan Aleksandr Lentsov artıq fəaliyyətə başlayıb. Lakin, onun ilk iş günləri heç də gözləntiləri doğrultmayıb. General-polkovnik Lentsov öz sələfləri kimi daha çox erməni separatçıları ilə təmas halında olub. Bu da təbii ki, Azərbaycanın haqlı narazılığına səbəb olub.
Bəs, Lentsovun gələcək fəaliyyəti öz sələflərininkindən nə ilə fərqlənə bilər? Və yaxud fərqlənməsə nələr baş verə bilər?
Suallar ətrafında hərbi ekspert Ədalət Verdiyevlə müzakirələr apardıq. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Lentsov da sələfləri Muradov və Volkov kimi Rusiya Müdafiə Nazirliyindən gələn təlimatları yerinə yetirir:
MÖVZU İLƏ BAĞLI:
Niyə, məhz Lentsov? – Şoyqunun dostunun Qarabağa göndərilməsinin SƏBƏBLƏRİ
“Bu Nazirliyin Azərbaycana qarşı münasibəti isə məlumdur. Onlar hələ də Azərbaycan ərazilərinin adını doğru-dürüst ifadə etməkdə çətinlik çəkirlər. Və 10 noyabr bəyanatında Rusiyanın üzərinə götürdüyü öhdəlikləri, xüsusilə də erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində çıxarılmasını təmin etmirlər.
Əgər general-polkovnik Lentsov da sələflərinin yaramaz fəaliyyətlərini olduğu kimi davam etdirsə o zaman Azərbaycan erməni silahlılarının ərazilərimizdən təmizlənməsini öz imkan və potensialı hesabına həyata keçirmək məcburiyyətində qalacaq”.
Hərbi ekspert Lentsovun fəaliyyətində inqilabi dəyişikliklər gözləmədiyini qeyd edib:
“Amma Lentsovun Azərbaycanın Laçındakı sərhəd-keçid məntəqəsində həyata keçirdiyi son tədbirlərdən özü üçün bir ibrət dərsi götürücəyinə də inamım var. Əks təqdirdə Rusiyalı sülhməramlılarının missiyası nəzərdə tutulduğundan, yəni 2025-ci ildən daha tez başa çata bilər.
Lentsov və onun kimilər unutmamalıdır ki, onların yerləşdiyi bölgə Azərbaycanın suveren əraziləridir. Və bu ərazilərdə Azərbaycan dövlətinin razılığı olmadan heç bir fəaliyyət həyata keçirilə bilməz. Belə olmayacağı təqdirdə Lentsov rəsmi Bakının daha sərt üzünü görəcək. Ona görə də yeni komandan öz fəaliyyətini bu konteksdə planlaşdırmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media