“15 ilə yaxındır ki, aldığımız mənzildə yaşayırıq, amma “kupça”mız (mənzillərin dövlət reyesterindən çıxarışları) yoxdur. Ona görə də yaşadığımız mənzilə qeydiyyata düşə bilmirik. Əvvəl yaşadığımız ünvanda qeydiyyatda olsaq da, həmin mənzili satdıqdan bir müddət sonra dövlət tərəfindən qeydiyyatımız ləğv olunub.
Hazırda övladım və mən “havada” qalmışıq. Övladımın təhsli ilə bağlı komissiyadan keçməliyəm, sənədlərim keçərsizdir. Mən hansı ünvana müraciət etməliyəm?”.
Bu fikirləri Bizim.Media-ya ünvanladığı məktubunda Bakı sakinlərindən biri yazıb. Onu da deyək ki, bu gün qeyd olunan problemlə üzləşən sakinlər çoxdur.
MÖVZU İLƏ BAĞLI:
Vətəndaşlar sənədsiz evlərinə qeydiyyata düşə bilməz, AMMA... – Hüquqi İZAH
Bəziləri lazım olan sənədini rahat ala bilmək üçün hansısa bir qohumunun yaşadığı ünvana müvəqqəti qeydiyyata düşür. Bir qisim insanlar isə sadəcə gözləməyi seçir. Məlumdur ki, sənədsiz evlərdə yaşayan vətəndaşların problemlərinin həlli istiqamətində işlər aparılır.
Amma o zamana kimi bu problemlərlə üzləşən vətəndaşlarımız nə etməlidir?
Mövzu ilə bağlı sualımızı Milli Məclisin deputatı Vahid Əhmədov cavablandırıb.
O bildirib ki, hazırda bu məsələyə həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həm də Əmlak Məsələləri Dövlət Xidməti baxır:
“Şəhərsalma və tikinti Məcəlləsində dəyişiklik etmişik və orada faktiki olaraq müəyyən məsələlər əks olunub. Son illər 50 minə yaxın sənədsiz evləri Əmlak Məsələləri Dövlət Xidməti sənədləşdirib. Amma bu cür evlərin sayı kifayət qədər böyükdür.
Təxminən 300 minə yaxın sənədsiz evdən söhbət gedir. Çoxlu binalar tikilib. İnsanlar köçürülüb. Amma sənədləri yoxdur. Bəzi evlər hələ heç istifadəyə də qəbul olunmayıb. Hansısa binada qaz, birində elektrik yoxdur və s. Binanın qeydiyyatdan keçməyi üçün bütün bu sənədlər olmalıdır”.
Mənzillər sənədləşdirilənə qədər vətəndaş nə etməlidir?
Vahid Əhmədovun sözlərinə görə, qeydiyyata görə sənəd problemi ilə üzləşən vətəndaşlar Əmlak Məsələləri Dövlət Xidmətinə və Bakı Şəhər İcra Hakimiyyətinə (Rayon icra hakimiyyətlərinə) problemlə bağlı müraciət edə bilərlər:
“Qeyd etdiyim qurumlar vətəndaşların hansısa ünvanda müvəqqəti qeydiyyata alınması problemini həll edə bilərlər. Yaşadıqları mənzillər, fərdi evlər sənədsiz olsa da, sakinin hanısa ünvanda qeydiyyatının olması mütləqdir”.
Aygün İbrahimli, Bizim.Media