Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın TƏQDİMATINDA
Artıq cari ilin ilk rübü arxada qalır. Qış mövsümü proqnoz edildiyindən daha mülayim keçdi. Bu baxımdan qlobal enerji bazarlarında ötən il yaşanılan təlatümlü günlər təkrarlanmadı. Amma bu o demək deyil ki, artıq vəziyyət sabitliyə doğru gedir.
Qlobal bazar. Qlobal ticari əlaqələrin zəncirlərində qırılmalar var, bir xeyli yerdə isə zədələnmələr müşahidə edilir. Bu isə iqtisadi əlaqələrə mənfi təsir göstərir. Elə bu həftə Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgieva Çində keçirilən konfransda çıxışı zamanı bildirib ki, 2023-cü ildə qlobal iqtisadi artımın Ukraynadakı müharibənin təsiri nəticəsində 3%-dən aşağı enəcəyi gözlənilir.
Onun sözlərinə görə, qlobal iqtisadiyyat artıq bir müddətdir ki, təlatümlü vəziyyətdədir, şok ardınca şok yaşanır.
Fond rəhbəri maraqlı bir detala toxunub. Onun sözlərinə görə, ötən əsrin 80-ci illərində Qərblə Şərq arasında siyasi münasibətlərin mülayimləşməsi nəticəsində ticari əlaqələrin artımı ona gətirib çıxartdı ki, təkcə Çində 800 milyon insanın iqtisadi durumu yaxşılığa doğru dəyişdi. İndi isə əks proses baş verir dünyada. Siyasi gərginlik ticari əlaqələri zəiflədir, bu isə bütün dünyada alıcılıq qabiliyyətini zəiflədir.
Belə bir vəziyyətdə isə neft və qazın qiyməti stabil ola bilərmi? Təbii ki, yox.
Türklərin enerjisi. Yola saldığımız həftə Macarıstanın paytaxtında keçirilən Türk Dövlətləri Təşkilatının enerji nazirlərinin üçüncü iclasında diqqət mərkəzində türk dövlətlərinin bir-biriləri ilə enerji əməkdaşlığı məsələlərinin genişləndirilməsi yönümündə atmaq istədikləri addımlar idi.
O baxımdan ki, iqtisadi inkişaf üçün enerji lazımdır, əgər həmin enerji əlçatandırsa, onda inkişafın sürəti daha da yüksək ola bilər. Türk Dövlətləri Təşkilatının təmsilçilərinə nəzər yetirsək, onun 5 üzvündən 3-ü – Qazaxıstan, Özbəkistan və Azərbaycan enerji ilə zəngin ölkə statusundadır. Müşahidəçi 3 dövlətdən də biri – Türkmənistan isə dünyanın 4-cü qaz ölkəsi kimi tanınır. Demək, toplam olaraq 165 milyon əhaliyə və 1,2 trilyon dollar nominal ümumi daxili məhsula malik bir təşkilat daxilində enerjinin düzgün istiqamətləndirilməsi və iqtisadi imkanlardan lazımınca yararlanma əldə edilərsə, onda bir qurum olaraq perspektivdə Türk Dövlətləri Təşkilatının nə kimi uğurlara sahib çıxması heç kəsdə şübhə doğurmamalıdır.
Azərbaycan və TDT. Azərbaycan Energetika naziri Pərviz Şahbazov Budapeşt toplantısındakı çıxışında bildirib ki, münasibətlərin yeni səviyyəyə yüksəldilməsinə dövlət başçılarının ortaq strateji baxışları, son dövrlərdə intensivləşən təmasları, çoxvektorlu əməkdaşlığın yol xəritəsini müəyyənləşdirən tarixi əhəmiyyətli səfərləri töhfə verməkdədir.
Təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 42,7% artaraq 7,2 milyard dolları ötdüyü, bu ölkələrin iqtisadiyyatımıza 14,3 milyard dollar, Azərbaycanın isə bu dövlətlərə 21 milyard dollardan çox investisiya qoyduğu qeyd edilib.
Enerji əməkdaşlığının inkişafının əhəmiyyəti isə ölkələrimizin rifahı və Avrasiyada enerji təhlükəsizliyi aspektində dəyərləndirilib. Bildirilib ki, TANAP və TAP istismara veriləndən indiyə kimi Türkiyəyə 20,9 milyard kubmetr, Avropaya isə 22 milyard kubmetr Azərbaycan qazı tədarük edilib. Bu il 24,5 milyard kubmetr gözlənilən qaz ixracımızın 10,2 milyard kubmetrinin Türkiyəyə, 12 milyard kubmetrə yaxın həcmin isə Avropaya tədarükü nəzərdə tutulur.
Xəzərin o tərəfi ilə əməkdaşlıq. Nazir Azərbaycanın əsas ixrac boru kəməri olan Bakı-Tiflis-Ceyhanla illik 1,5 milyon ton Qazaxıstan neftinin dünya bazarlarına nəqlinə başlanmasının türk dövlətləri arasında enerji əməkdaşlığında yeni bir mərhələ adlandırıb.
Burada bir haşiyəyə çıxıb qeyd etmək istərdim ki, həftə əvvəli Qazaxıstanın “KazTransOil” şirkəti “Tengiz” yatağından hasil edilmiş 9 min 959 ton neftin Bakı-Tiflis-Ceyhan kəməri istiqamətində ixraca göndərilməsi üçün Aktau limanından “Prezident Heydər Əliyev” tankerinə yükləmə əməliyyatına başlamasını elan edib.
Qazax tərəfi bildirib ki, həftə sonunadək bu marşrutla daha 10 min ton “Tengiz” nefti Bakı istiqamətində yola salınmaqla mart ayı üçün 20 min ton neftin göndərilməsi planlaşdırılır. Amma növbəti aylar üçün Azərbaycan və Türkiyə üzərindən nəqletmə nəzərəçarpacaq dərəcədə artacaq. Belə ki, apreldə göndərilməsi planlaşdırılan həcmlər 125 min ton təşkil etməlidir.
Pərviz Şahbazov həmçinin Azərbaycan və Özbəkistanın dövlət neft şirkətlərinin yeni layihələr üzrə əməkdaşlığa hazırlığından və Türkmənistanla enerji sahəsində Türkiyə-Azərbaycanın da qatıldığı üçtərəfli formatda əməkdaşlıq çərçivəsində fəaliyyətlərinin mühüm irəliləyişlər kimi qeyd edib.
Və təbii ki, ortada siyasi iradə olduğu təqdirdə əməkdaşlıq üçün imkanlar da genişlənir.
Təqdirəlayiq haldır ki, artıq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Süleyman Vəzirov” borudüzən gəmisi Xəzər dənizinin Türkmənistan sektorunda borudüzmə işlərinə cəlb olunub. Azərbaycanın xidmət gəmisi vasitəsi ilə Türkmənistanın Xəzər şelfindəki iki yatağında olan hasilat platformaları arasında uzunluğu 5 kilometr təşkil edəcək sualtı boru kəmərinin çəkilməsi işlərinə başlanılınb.
Naxçıvana alternativ qaz kəməri. Pərviz Şahbazov Türk Dövlətləri Təşkilatının enerji nazirlərinin toplantısı çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməzlə görüşdə Azərbaycan üçün vacib olan layihələrin reallaşması müzakirə mövzusu olub. Bunlardan ən əhəmiyyətlisi İğdır-Naxçıvan qaz boru kəməri layihəsinin icrası ilə bağlı məsələdir.
Görüşün yekunları ilə bağlı Tvitter hesabında Şahbazov “tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyədən keçən hissəsinin tikintisinə başlanması” ilə bağlı məlumat da paylaşıb.
Qeyd edək ki, Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz xətti ilə bağlı anlaşma memorandumunu 2020-ci il dekabrın 15-də imzalayıb.
Layihə Azərbaycan Dövlət Neft Şirkəti və Türkiyənin BOTAŞ şirkəti tərəfindən reallaşdırılacaq. Bu məqsədlə 82 km uzunluğunda magistral qaz kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin gündəlik buraxıcılıq gücü 1,5 milyon kubmetr və ya təqribən illik 550 milyon kubmetr təşkil etməlidir. Bundan əlavə Türkiyə ilə Naxçıvan arasında nəzarət qaz ölçmə stansiyasının tikilməsi də planlaşdırılır.
Burada belə bir sual yarana bilər ki, Azərbaycan 2005-ci ilin noyabrından Naxçıvan Muxtar Respublikasının qaz təminatını İran üzərindən həyata keçirir və nədən indi yeni bir infrastruktur yaranması zərurəti ortaya çıxır? Biz o zaman svop əməliyyatları tətbiqi nəticəsində Naxçıvan Muxtar Respublikasının müstəqillik illərində qaz təminatını nəhayət ki, bərpa edə bildik. Özü də böyük xərclər hesabına bunu reallaşdırmışıq. İslam Respublikası nə o zaman, nə də ondan sonrakı dövrlərdə özünün din qardaşları üçün hansısa güzəştlərin tətbiq edilməsi təklifini yaxına da buraxmayıb.
İndi Naxçıvana qaz çatdırılması əməliyyatının incəliklərini Sizlərə çatdıracam və bilin ki, rəsmi Bakı nə kimi çətinliklərdən keçməli olub və illər uzunu bunları nə açıb, nə də ağardıb, ümidi o olub ki, bəlkə rəhmə gəldi qonşu. Axı yaxın qonşu uzaqdakı qohumdan daha yaxşıdır, deyib atalar. Amma bu məsəl qazda keçməyib.
Daha doğrusu, İran bizim Astarada ona verdiyimiz həcmləri Naxçıvan Culfasında çatdırmaq üçün Azərbaycandan öz xidmətləri üçün dünyada heç kəsin almadığı xidmət haqqı tələb edib və alıb da. Biz də vermişik. Çünki rəsmi Bakının alternativi yox idi. Tehrandakıların dedikləri isə bu idi ki, Xoydan Culfaya boru kəməri tikiblər və buna xərcləri çıxıb. Amma ötən 18 ildə bir dəfə insafa gəlib demədilər ki, “ay qonşu, xərcimiz çıxdı, daha Sizdən 15% deyil, cümlə cahanda olduğu kimi tranzit xidmətinə görə 5% alacağıq”. Bəli, bunu dilə gətirmədilər.
Azərbaycan isə İrana bir neçə enerji müqaviləsi verdi.
“Şahdəniz”də 10%-lik paya sahib etdi və İrana qarşı hələ 10 il əvvəl sərtləşdirilmiş Qərb sanksiyaları qüvvəyə minəndə rəsmi Bakı əlindən gələni etdi ki, öz qonşusu Azərbaycanda ziyana düşməsin. Bundan başqa, Araz çayının enerjisindən müştərək istifadə üçün rəsmi Bakı müqavilə də bağladı. Bəs bütün bunların əvəzində nə gördük? Sanki elə belə də olmalıymış. İndi görünən odur ki, Naxçıvanı qazla özümüz uzun yollar aşmaqla da təmin edə bilərik. Yəqin bu, daha başa gələcək bizə, amma məsələ pulda olmayacaq, çünki xoş olmayan xidmətin halallığını soruşmazlar ki.
Hökumətin lazımi qərarı. Elə bizim hökumətimiz də martın 29-da atdığı addımıyla özünün əvvəllər bir xeyli qazanc götürdüyü maddəni məhdudlaşdırdı. Çünki məsələ heç də həmişə pulda olmur. Nazirlər Kabineti “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qəbul etdiyi qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsini məhdudlaşdırılıb. Qərardakı “məhdudlaşdırılıb” sözü onu ifadə edir ki, bu, retro tipli avtomobillərə aid edilmir.
Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifovun açıqladığı məlumata görə, 2023-cü ilin əvvəlinə Azərbaycanda 1 mln. 645,3 min ədəd avtomobil qeydiyyatda olub. Son bir ildə onların sayı 78,5 min ədəd artıb. Bütün avtomobillərin 86,3 faizi və ya 1 mln. 419,9 min ədədi minik avtomobilləridir ki, onların da 83,1%-nin buraxılış ili 10 ildən çoxdur.
Hökumətin bu qərarı təkcə avtomobillərin istismarının təhlükəsizliyi və ekoloji problemlərdə olan gərginliyin qismən aradan qaldırılması ilə məhdudlaşmır. Bu qərar həmçinin ölkəyə son illər müşahidə edilən intensiv avtomobil idxalının qarşısını da almalıdır. Avtomobillərin sayı artdıqca yanacağın daxili bazarda istehlakı da artır. Bu isə ona gətirir ki, artıq Azərbaycan heç aşağı oktanlı benzinə olan tələbatını da ödəyə bilmir.
Benzin idxalının artımı. Ötən il Azərbaycan bilirsinizmi nə qədər benzin idxal edib? Ümumilikdə 299 min 952 ton. Və buna görə də Azərbaycan gömrük məlumatlarına əsasən, 328 mln. dollardan çox vəsait ödəyib.
Azərbaycan hansı benzin markasından nə həcmdə idxal edib? Ümumi benzin idxalının 66,3%-i aşağı oktanlı benzinin, yəni Ai-93 markalı benzinin payına düşüb. İdxalın 33,2%-i Ai-95 və 0,5%-i isə Ai-98 markalı benzindən formalaşıb.
Ötən il Azərbaycanda Ai-95 markalı benzinin idxalı 32,5% azalıb, Ai-98-də isə azalma 37,8% təşkil edib. Bəs aşağı oktanlı benzində dinamika necə olub? 2021-də təsəvvür edin ki, biz o markalı benzini idxal etməmişdik. Amma ötən il 198,8 min ton həcmdə idxalımız olub. Niyəsi odur ki, Heydər Əliyev adına zavod 2 aya yaxın modernizasiya ilə əlaqədar işləməyib, bundan əlavə də ölkədə 78,5 min ədəd avtomobil artıb.
İdxal edilən aşağı oktanlı benzin Avro-4 keyfiyyətində olduğundan (bizim yerli istehsal Avro-2 standartındadır), avtomobillərinə Ai-95 yanacağı tökənlərin bir hissəsi digər yanacağa transfer ediblər. Buna görə də Ai-95-in bazarda xüsusi çəkisi kəskin azalıb.
Bizim.Media